Pianoçuların beynəlxalq müsabiqəsi başa çatdı, beynəlxalq musiqi festivalının konsert proqramlarına start verildi
  
   Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 15-dən davam edən pianoçuların II Beynəlxalq müsabiqəsi başa çatıb.
  
   Müsabiqənin qalibləri təltif olundular
  
   İyulun 21-də “Qafqaz Resorte” hotelində keçirilən final mərhələsinin ilk günündə Nərgiz Kəngərli (Azərbaycan), Mizuho Nakada (Yaponiya), Aleksandr Vaşadze və Anna Kipiani (Gürcüstan) bacarıqlarını nümayiş etdirmişlər. İyulun 22-də, final mərhələsinin sonuncu günündə Andrey Yaroşinski (Rusiya) S.Raxmaninovun, Ketevan Cakarataşvili (Gürcüstan) P.Çaykovskinin, Aleksandr Samoilov (Ukrayna) S.Raxmaninovun əsərlərini ifa etmişdir. Hər biri ayrı-ayrılıqda 45 dəqiqə çıxış edən gəncləri Xalq artisti, professor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət etmişdir.
   Çıxışlardan sonra BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culiard Musiqi Akademiyasının professoru Oksana Yablonskayanın rəhbərliyi ilə 11 ölkədən məşhur pianoçuların təmsil olunduğu münsiflər heyətinin yekun qərarı açıqlanmışdır.
   Rusiyalı pianoçu Andrey Yaroşinski müsabiqənin qalibi elan olunmuş və o, 30 min dollar pul mükafatı ilə təltif olunmuşdur. İkinci yeri tutan pianoçular - Mizuho Nakada (Yaponiya) və Ketevan Cakarataşvili (Gürcüstan) və üçüncü yerin sahibi Anna Kipiani (Gürcüstan) 10 min dollar pul mükafatı almışlar. Bundan əlavə, müsabiqənin finalında uğurla iştirak etmiş digər gənc pianoçulara həvəsləndirici mükafatlar təqdim olunmuşdur. Tofiq Quliyevin “Qaytağı” əsərini ən yaxşı ifa etdiyi üçün Aleksandr Vaşadzeyə (Gürcüstan) 1000 dollar pul mükafatı verilmişdir. Müsabiqənin bədii rəhbərləri Fərhad Bədəlbəyli və Dimitri Yablonski gənc pianoçular Nərgiz Kəngərli (Azərbaycan) və Aleksandr Samoilovun (Ukrayna) hər birinə özlərinin fərdi mükafatlarını - 500 avro pul mükafatını təqdim etmişlər. Bütün finalçılara diplomlar təqdim olunmuşdur.
  
   “Belə mötəbər müsabiqənin qalibi
   olduğum üçün xoşbəxtəm”
  
   Müsabiqənin qalibi, gənc rusiyalı musiqiçi Andrey Yaroşinski jurnalistlərə açıqlamasında bu mötəbər tədbirin təşkilatçılarına, münsiflər heyətinə minnətdarlığını bildirmişdir: “Bilirəm ki, bu festival və müsabiqənin belə yüksək səviyyədə təşkili üçün çox vaxt sərf olunmuş və xeyli zəhmət çəkilmişdir. Sevinirəm ki, bu sahədə öz sözünü demiş, dünyada tanınmış pianoçuların təmsil olunduğu münsiflər heyətinin qarşısında inamla çıxış edə bildim, üç tur keçdim və müsabiqənin birinci mükafatına sahib oldum. Əminliklə deyə bilərəm ki, müsabiqə iştirakçılarının ifaları diqqətlə izlənildi və obyektiv qiymətləndirildi. Belə bir mötəbər beynəlxalq yarışmanın qalibi olduğum üçün xoşbəxtəm”.
  
   “Gənclər böyük ustalıq nümayiş etdirdilər”
  
   Qəbələ III Beynəlxalq musiqi festivalı çərçivəsində keçirilmiş pianoçuların II Beynəlxalq müsabiqəsində gənclər böyük ustalıq nümayiş etdiriblər. Bu sözləri III Beynəlxalq musiqi festivalının bədii rəhbəri, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli jurnalistlərə müsahibəsində demişdir: “Gənc pianoçuların açıq havada belə yüksək səviyyədə çıxışı məni, münsiflər heyətini valeh etdi. Biz qapalı yerlərdə konsert verməyi öyrənmişik. Gənclər üçün açıq hava şəraiti çətinlik yaratsa da, bunun özü də onlar üçün bir sınaq idi”.
   Beynəlxalq müsabiqə və festivalın əhəmiyyətindən danışan Fərhad Bədəlbəyli bildirmişdir ki, bu tədbirlərin təşəbbüskarı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır: “Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən bu tədbirlər ildən-ilə dünyada daha çox tanınır. Bu günlər Qəbələyə 1000-ə yaxın yerli və xarici qonağın, klassik musiqi həvəskarlarının toplaşması tədbirin həqiqətən də böyük marağa səbəb olmasından xəbər verir”.
  
   Qəbələ III Beynəlxalq musiqi festivalının konsert proqramları başlandı
  
   İyulun 23-də Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq musiqi festivalına start verilmişdir. “Qafqaz Resorte” mehmanxanasında keçirilən musiqi bayramının açılışından əvvəl iştirakçılar Ağdam rayonunun ermənilər tərəfindən işğalı zamanı şəhid olanları və iyulun 22-də Norveçdə baş vermiş terror aktının qurbanlarını bir dəqiqəlik sükutla yad etmişlər.
   Konsert Norveç bəstəkarı Edvard Qriqin əsəri ilə başlanmışdır. Birinci hissədə Norveçin tanınmış pianoçusu Einar Steen Nokleberq və məşhur ingiltərəli violonçel ifaçısı, Şubert ansamblının banisi Saymon Blendis Edvard Qriqin violin və fortepiano üçün sonatasını səsləndirmişdir. Tbilisi Dövlət Konservatoriyasının rektoru, Gürcüstan Musiqi Müsabiqələri Fondunun direktoru, pianoçu Manana Doidjaşvili ingiltərəli violin ifaçısı Saymon Blendisin və İngiltərə Milli Operasının və London Simfoniettasının solisti Timoti Gillin müşayiəti ilə Avstriya bəstəkarı Frans Şubertin əsərini səsləndirmişdir.
   İkinci hissədə Azərbaycanın violonçel ifaçısı Aleksey Miltıx, vokalçılar Səbinə Əsədova, Yusif Eyvazov, əməkdar artistlər, prezident təqaüdçüləri Əvəz Abdullayev və Gülnaz İsmayılova çıxış etmişlər.
   Üç saat davam edən kamera musiqi axşamında iştirak edən 500-ə yaxın yerli və xarici qonaq səsləndirilən klassik musiqi əsərlərini böyük maraqla dinləmişlər.
   Konserti izləyənlər sırasında ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayza, Milli Məclisin deputatı Fəttah Heydərov da olmuşdur. 

  * * *
   İyulun 24-də musiqi festivalı çərçivəsində kamera musiqisi konserti və orkestrin çıxışları olmuşdur. “Qafqaz Resorte” hotelində keçirilən konsertin ilk hissəsində romantik dövrün məşhur alman bəstəkarları Yohans Bramsın “Yasəmən çiçəklənəndə”, “Əbəs serenada”, “Sevgilimə” Kvartet g-moll və Riçard Ştrausun “Xatirə günü” və “Sesil” əsəri səsləndirilmişdir. Konsertin ikinci hissəsində isə Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olmuşdur.
   Konsertdə bəstəkarlardan Xalq artisti Arif Məlikovun “Metamorfozlar”, Xalq artisti Musa Mirzəyevin “Vals”, Ceyhun Allahverdiyevin, eləcə də gənc bəstəkarlar Ayaz Qəmbərli və Pikə Axundovanın piano və orkestr üçün əsərləri səsləndirilmişdir. Konsertlərdə pianoçular - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova, həmin təhsil ocağının dosenti Ceyhun Allahverdiyev, Bakı Musiqi Akademiyası və A.Zeynallı adına Musiqi Kollecinin baş müəllimi İlahə Sadıxzadə, gənc pianoçu Pikə Axundova, rusiyalı pianoçu Nina Koqan, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fəridə Məmmədova, İngiltərənin məşhur Şubert Ansamblının yaradıcısı Saymon Blendis, London Mozart Players və Con Eliot Gardiners Orkestrinin solisti Judis Basbrik, İngiltərə Milli Operasının və London Simfoniettasının solisti Timoti Cill, dirijorlar - Bakı Musiqi Akademiyasının müəllimləri, əməkdar incəsənət xadimləri və prezident təqaüdçüləri Yalçın Adıgözəlov və Fəxrəddin Kərimov iştirak etmişlər.
   Üç saatdan artıq davam edən çıxışlar alqışlarla qarşılanmışdır. Konsertləri 400-dən artıq yerli və xarici qonaq dinləmişdir.
  
   Kamera musiqisi və “Viva opera” konserti
  
   İyulun 26-da festival çərçivəsində kamera musiqisi və “Viva opera” konserti olmuşdur. Konsertdə bəstəkar V.Motsartın və Y.Bramsın iki piano üçün sonatası, M.Ravelin valsı, F.Şopenin rondosu, A.Məlikovun skertsosu, Q.Qarayevin “Gözəllər gözəli” (“Yeddi gözəl” baletindən) səsləndirilmişdir. İkinci hissədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin “Viva opera” konserti olmuşdur.
   Konsertdə bəstəkar C.Verdinin “Taleyin gücü” operasından uvertüra və Leonoranın melodiyası, J.Bizenin “Karmen” operasından Siqidiliya, V.Bellinin “Norma” operasından Normanın ariyası, L.Delibin “Lakme” operasından Lakmenin əfsanəsi, N.Rimski Korsakovun “Çar gəlini” operasından Qryaznoyun ariyası, Lyubaşa və Qryaznoyun dueti, F.Əmirovun “Sevil” operasından Balaşın ariyası, P.Maskanyinin “Kənd namusu” operasından Ave Mariya, F.Çileanın “Adriyenna Lekuvrer” operasından Adriyennanın ariyası, C.Puccininin “Manon Lesko” operasından “İntermezzo”, “Madam Batterflay” operasından Çio-Çio-Sanın ariyası, “Turandot” operasından Kalafın ariyası, P.Leonkavallonun “Payatsı” operasından Silvio və Neddanın dueti səsləndirilmişdir.
   Konsertlərdə pianoçular - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar artist Kəmalə Neymanova, Əməkdar artist Nərgiz Əliyarova, əməkdar artistlər, prezident təqaüdçüləri Gülnaz İsmayılova və Əvəz Abdullayev, Opera və Balet Teatrının solistləri Fəridə Məmmədova və Səbinə Əsədova, Musiqili Komediya Teatrının solisti Ülviyyə Novruzova, Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Xalq artisti Azad Əliyev, beynəlxalq mükafatlar laureatı Yusif Eyvazov çıxış etmişlər.  

  * * *
   Xatırladaq ki, avqustun 5-dək davam edəcək festival konsertlərində Rusiya, Böyük Britaniya, İsrail, ABŞ, Norveç, Hollandiya, İtaliya, Fransa və Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Yuri Başmet və “Yeni Rusiya” Simfonik Orkestri, Boris Berezovski, Denis Matsuyev, Sergey Krılov, Anna Samuil, Sergey Leyferkus, Oksana Yablonskaya, Dmitri Yablonski, Massimiliano Pisapia və başqalarının iştirakı nəzərdə tutulub.
   Festivalın rəsmi açılışı iyulun 30-da olacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar