Şəxsiyyətinə, yaradıcılığına böyük rəğbətim olan bəstəkar Vasif Adıgözəlov mənim çox sevdiyim sənətkarlardan biri idi. Təkcə musiqisinə pərəstiş etmirdim. Vasif Adıgözəlovun elə zəngin daxili dünyası var idi ki, onunla hər söhbətdən böyük zövq alırdım.
   Həyata, insanlara, sənətə öz münasibəti var idi Vasif Adıgözəlovun. Ən başlıcası isə, insani məziyyətləri məni məftun edirdi. Çox sadə təbiətli, böyük ürəkli, həssas bir insan idi. Rəngarəng və məhsuldar yaradıcılığa malik bəstəkar, tanınmış, səriştəli pedaqoq kimi onun Azərbaycan musiqisinin inkişafında xüsusi yeri və xidmətləri danılmazdır. Hələ sağlığında Vasif Adıgözəlovu dünyanın çox ölkəsində yaxşı tanıyırdılar. Əsərləri Almaniya, Bolqarıstan, Çexiya, Meksika, Kosta-Rika, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ respublikalarının konsert salonlarında dəfələrlə səsləndirilib, lentə, vala, kompakt diskə yazılıb.
   O, məşhur el sənətkarı Zülfü Adıgözəlovun oğlu idi. Ustad xanəndənin ailəsində böyüyən Vasif ilk sənət məktəbini məhz öz evlərində keçib. Atasının yaxın dostları olan Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Qurban Pirimov, Əliağa Vahid, Xan Şuşinski, Əhməd Bakıxanov kimi sənətkarlar Vasif Adıgözəlovun yaddaşında silinməz izlər sahibi kimi yaşayıblar. Onun laylası da muğam idi, qibləsi də. Həyatı boyu uşaqlığından gələn bu müqəddəs hisslərə həmişə bağlı olub. Bəlkə də buna görə Vasif Adıgözəlovun bir bəstəkar kimi uğurları ardıcıl olaraq bir-birini əvəz edirdi.
   Ötən yüzilliyin musiqi tarixində əhəmiyyətli yer tutan bəstəkar Qara Qarayevin Vasif Adıgözəlovun müəllimi olması isə gənc musiqiçinin gələcək həyat yolunu dəqiq müəyyənləşdirdi. Vasif Adıgözəlov Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki orta ixtisas musiqi məktəbində oxuyurdu. Xatirələrində yazır ki, fənn müəllimi bəstəkar Midhəd Əhmədov gəncin fortepiano pyeslərinə qulaq asandan sonra ona məsləhət görür ki, bu əsərləri Qara Qarayevə göstərsin. Vasif müəlliminin dediklərinə əməl edib. Gənclərə həmişə qayğı və həssaslıqla yanaşan Qara Qarayev Vasifin fortepiano pyeslərini dinlədikdən sonra ilk sualı bu olub: «Bəstəkar olmaq istəyirsənmi?» Əslində, bu, sualdan çox istedadlı bir musiqiçinin həyat yolunu düzgün istiqamətləndirən dahi bəstəkarın uzaqgörənliyi idi. 1953-cü ildə konservatoriyaya daxil olan Vasif Adıgözəlovun bəxti həm də onda gətirib ki, o, Qara Qarayevin sinfində oxuyub. Bütün xatirələrdən bəlli olur ki, Qara Qarayev öz tələbələrinin hərtərəfli yetişməsində böyük zəhmət çəkərdi. O, kimsəyə «mənim ardımca gəl» söyləməzdi, amma pedaqoqluğu o qədər təsirli idi ki, ustadın sinfini bitirənlərin əksəriyyəti məşhur bəstəkar oldu. Məsələn, Arif Məlikov, Xəyyam Mirzəzadə, Polad Bülbüloğlu, Elza İbrahimova...
   Hələ tələbəlik illərində Vasif bəstələdiyi musiqi əsərləri ilə diqqət çəkirdi. Tələbəlik dostu Ramiz Mustafayevlə birlikdə Mirzə Fətəli Axundzadənin eyniadlı əsəri əsasında «Hacı Qara» komediyasına yazdıqları musiqi böyük müvəffəqiyyət qazandı. Görkəmli Azərbaycan rejissoru Şəmsi Bədəlbəyli gənc bəstəkarların ilk əsərini məmnuniyyətlə tamaşaya qoydu. Beləliklə, teatr tamaşalarına musiqi yazmaq üçün rejissorlar tez-tez Vasif Adıgözəlova müraciət edərdilər. Bilirdilər ki, gənc musiqiçi əsərin məzmununa, ruhuna uyğun musiqi bəstələməkdə çox istedadlıdır.
   Ötən əsrin 60-cı illərində Azərbaycan musiqisinin inkişafında istər gənc, istərsə də tanınmış bəstəkarlar həqiqətən böyük fədakarlıq göstərdilər. Nəinki respublikamızda, hətta keçmiş SSRİ respublikalarının konsert salonlarında tamaşaçılar onların əsərlərinə vurğun kəsilirdilər. Bu dövrdə yaranan əsərlərdə bir təkamül vardı. Bəstəkara ilk uğuru «Qəhrəmanlıq» simfonik poeması gətirdi. Vasif Adıgözəlovun Azərbaycan mədəniyyətini zənginləşdirən əsərlərdən biri də müəllimi Qara Qarayevə həsr etdiyi birinci konsert oldu. Mütəxəssislər yazırlar ki, bu əsər öz lirik boyaları, ifadəliyi, xoş təranələri ilə seçilirdi. Hətta Moskvada gənc bəstəkarların əsərlərinə keçirilən baxışda maestro Niyazinin dirijorluğu ilə səslənən bu konsert birinci dərəcəli diploma layiq görülüb.
   Vasif Adıgözəlov çox gərgin və məhsuldar işləyirdi. Elə həmin il tamamlanan «Afrika mübarizə edir» simfonik poeması da mütəxəssislər tərəfindən müsbət qiymətləndirildi. 60-cı illərin simfonik musiqi sahəsində səmərəli çalışan Vasif Adıgözəlov ilk operasını - «Ölülər»i yazıb. Əsər əvvəlcə televiziyada göstərilib. Sonra isə 1963-cü ildə yenə də Niyazinin dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulub. Kino sahəsində də bir bəstəkar kimi böyük əməyi olan Vasif Adıgözəlov lirik mahnılar müəllifi kimi də sevilirdi.
   Bədii ifadə keyfiyyətinə görə Azərbaycan xor sənətində yeni bir mərhələnin başlanğıcını qoyan «Odlar yurdu» oratoriyası müəllifin uğurlu əsərlərindən idi. Bu əsərə görə bəstəkar Azərbaycan Dövlət mükafatına layiq görüldü. «Qarabağ şikəstəsi» oratoriyası da mədəniyyətimizin yeni səhifəsini yazdı. İki irihəcmli əsəri bəstəkara növbəti şöhrəti gətirdi. Onlardan biri «Segah» simfoniyası, digəri isə «Natəvan» operasıdır.
   Görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlov ölkənin ictimai həyatında da fəal iştirak edirdi. Unudulmaz Heydər Əliyevin fərmanı ilə Vasif Adıgözəlova anadan olmasının 60 illiyi ilə əlaqədar «Şöhrət» ordeni verildi, Prezidentin fərdi təqaüdünə layiq görüldü. Yaxşı yadımdadır, bu münasibətlə onu təbrik edəndə çox sevindiyini bildirərək demişdi: «Həyatımda baş verən bütün xoş hadisələr Heydər Əliyevlə bağlıdır. O, 1973-cü ildə ilk dəfə mənə Əməkdar incəsənət xadimi fəxri adını təqdim edib. O ildən sonra layiq gördüyüm fəxri adların, dövlət mükafatlarının sərəncamını məhz cənab Heydər Əliyev imzalayıb. İndi isə Prezident təqaüdçüsüyəm. Fərdi təqaüd, adətən 70 yaşdan sonra verilir. Lakin indiki siyahıda bu yaşa çatmamış sənətkarlar da var. Bunlar hamısı bizim ümumi vəziyyətimizi düşünən hörmətli Heydər Əliyevin, sözün həqiqi mənasında, atalıq qayğısı, rəhbər diqqətidir».
   Vasif Adıgözəlov haqlı idi. Ümummilli lider bütün sənətkarlara qarşı həmişə həssas münasibəti ilə seçilirdi. Müdrik şəxsiyyət sənətkarları yaxşı tanıyır və dəyərləndirirdi. Bir hadisəni də mən dəqiq bilirdim. 1996-cı ildə Vasif Adıgözəlov xəstələnmişdi. Xarici ölkələrin birində ağır cərrahiyyə əməliyyatı keçirdi. Həmin vaxt Bakının musiqi salonlarında bəstəkarın «Qəm karvanı» oratoriyası ifa olunub. Konsertdə iştirak edən ümummilli lider Heydər Əliyev qəfildən soruşub ki, bəs Vasif özü hanı? Deyiblər ki, Türkiyədədir, xəstədir. Dərhal öz göstərişini verib ki, təcili maraqlanın, nə lazımdırsa, köməklik edin. O günləri şükranlıqla yada salaraq necə xiffətlə danışardı Vasif Adıgözəlov, indi də gözlərimdən çəkilmir: «Mən müalicəyə gedəndə bilirdim ki, maddi cəhətdən o xərcin altından çıxa bilməyəcəyəm. Heydər Əliyevin bu cür diqqəti mənə həm maddi, həm də mənəvi cəhətdən çox böyük dayaq oldu. Onun qayğısı tez sağalmağıma kömək etdi. Heydər Əliyevin göstərişi ilə cərrahiyyə əməliyyatına lazım olan bütün xərclər dövlət tərəfindən ödənildi. Bütün bunları yaddan çıxara bilərəmmi? Söhbət təkcə maddi köməkdən getmir, Heydər Əliyev birinci növbədə bizim mənəvi himayədarımızdır». Fərəhlidir ki, ulu öndərin Azərbaycan mədəniyyətinə göstərdiyi himayədarlığı layiqincə davam etdirən Prezident İlham Əliyev 2005-ci ildə Vasif Adıgözəlovu «İstiqlal» ordeni ilə təltif etdi. Bu, ənənələrin yaşaması və ölkə başçısının sənətkarlara göstərdiyi diqqətin təzahürü idi.
   Vasif Adıgözəlov həm də Türkiyə türklərin böyük rəğbətlə qarşıladığı «Çanaqqala» oratoriyasını yazdı. Süleyman Dəmirəlin sözləridir: «80 sənədə bir türkiyəli bu əsəri yaza bilmədi. Amma azəri bəstəçi, görün, necə yazdı? Vasif Adıgözəlov bizə elə bir altun verib ki, gərək onu göz bəbəyimiz kimi qoruyaq».
   Bu əsər artıq 9 ildir ki, Türkiyənin bütün bayramlarında, əlamətdar günlərində səsləndirilir. 200 nəfərlik musiqiçinin səsləndirdiyi bu möhtəşəm əsər Vasif Adıgözəlov yaradıcılığında səciyyəvi hal olan vətən sevgisini, övlad vəfasını, böyük amallar uğrunda mübarizəni vəhdət şəklində ifadə edir.
   Vasif Adıgözəlov uzun müddət Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi kimi mədəniyyətimizin inkişafında böyük xidmət göstərib. O, həm də indiki Bakı Musiqi Akademiyasının professoru idi. Milli kadrların yetişməsində böyük əməyi olub. Bir vaxt dünya şöhrətli bəstəkar Qara Qarayevin saldığı yollarda mətin addımlayaraq zirvələr fəth edən Vasif Adıgözəlovun sənət cığırlarında da gənclər gəlməkdədir. Haqq dünyasına qovuşmuş bu unudulmaz bəstəkar cismən aramızda olmasa da, onun böyük məharət və ustalıqla yaratdığı əsərlər Azərbaycan mədəniyyətinin qızıl fonduna daxil olub. Çox fərəhli və sevincli məqamdır ki, oğlu Yalçın Adıgözəlov da bu gün Azərbaycan musiqisinin səslənməsində öz ifaçılıq məharətini göstərir.
   Vasif Adıgözəlovun çox böyük ürəyi vardı. O, Azərbaycan musiqiçilərinin uğurlarına çox sevinərdi. Elə bil bütün dünyanı ona bağışlayardılar. Bu gün Azərbaycanda beynəlxalq musiqi festivalları keçirilir. Muğamlarımız dünyanı dolaşır. Sanki o anda mən böyük bəstəkarın vaxtilə Səməd Vurğunun təbiri ilə dediyi sözləri yenidən eşidirəm: «Bizim görəcəyimiz xoş günlər qarşıdadır». Allah sənə rəhmət eləsin, Vasif Adıgözəlov! Heç vaxt yadımızdan çıxmırsan. Bu yer, bu göy, ən başlıcası isə həmişəyaşar musiqilərin kimi bizimləsən!
      
   Flora Xəlilzadə,
   yazıçı-publisist







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar