İsrail Balet Qrupunun “Rooster” xoreoqrafik tamaşası
  
   Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq musiqi festivalı çərçivəsində konsert proqramları davam edir. İyulun 26-da festival çərçivəsində İsrail Balet Qrupunun “Rooster” xoreoqrafik tamaşası və kamera musiqisi konserti olub. “Qafqaz Resorte” hotelində keçirilən kamera musiqisi konsertində bəstəkar Q.Qarayevin, T.Quliyevin, V.Motsartın, V.Lütoslavskinin, F.Şubertin, L.Bernstaynın, C.Qerşvinin əsərləri səsləndirilib.
   Konsertlərdə pianoçular - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundova, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə və rusiyalı Nina Koqan, ABŞ-da yaşayan məşhur azərbaycanlı pianoçu Validə Rəsulova çıxış ediblər.
   İsrail Balet Qrupunun “Rooster” xoreoqrafik tamaşası maraqla qarşılanıb. İsrail Operası və S.Dalal adına musiqi mərkəzi tərəfindən səhnələşdirilən tamaşa İ.Perets və S.Bekketin əsərləri, eləcə də Aralıq dənizi məişətini əks etdirən folklor hekayələri üzərində qurulub.
  
   Növbəti kamera musiqisi konserti
  
   İyulun 27-də festival çərçivəsində növbəti kamera musiqisi konserti olub. “Qafqaz Resorte” hotelində keçirilən konsertdə F.Şopenin, F.Listin və Y.Bramsın əsərləri səsləndirilib. Konsertdə Murad Adıgözəlzadə (piano), Saymon Blendis (violin), Judis Basbrik (viola), Elnarə Kəbərlinskaya (piano), Gülnaz İsmayılova (soprano), Timoti Cill (violoncel) çıxış ediblər.
   Daha sonra otelin qarşısındakı parkda, açıq səma altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub. Yalçın Adıgözəlov və Əyyub Quliyevin dirijorluq etdiyi konsertdə A.Qlazunovun, P.Sarasatenin, C.Gerşvini, F.Pulenkin, R.Hacıyevin, R.Əliyevin əsərləri səsləndirilib. Musiqi axşamında, həmçinin Murad Hüseynov (piano), Səidə Tağızadə (piano), Toğrul Qənioğlu (violin), Anar Seyidov (violin) çıxış ediblər.
   Tamaşaçılar konsertlərdə səslənən Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini maraqla dinləyiblər.
  
   Murad Adıgözəlzadə: “Festivalın proqramı çox zəngindir”
  
   Builki festivalın proqramı çox zəngindir, gündə iki konsert olur və fərqli musiqi əsərləri səsləndirilir. Ona görə də Qəbələ III Beynəlxalq musiqi festivalı haqqında hələ çox danışılacaq.
   Bu sözləri festivalın iştirakçısı, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Bakı Musiqi Akademiyasının fortepiano kafedrasının dosenti, Moskva Dövlət Akademik Filarmoniyasının solisti, Əməkdar artist Murad Adıgözəlzadə deyib.
   Festivalın proqramının əvvəlkilərlə müqayisədə çox zəngin olduğunu vurğulayan Murad Adıgözəlzadə qeyd edib ki, iştirakçılar və qonaqlar arasında məşhur kollektivlər, müasir ifaçılıq sənətinin zirvəsində duran dünya şöhrətli ustad sənətkarlar var. Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri, məşhur musiqiçilərlə yaxından tanış edir.
   Murad Adıgözəlzadə deyir ki, ötənilki festivaldan fərqli olaraq indi bu gözəl məkanda hər gün 2 konsert verilir. Konsertlərdən biri “Qafqaz Resorte” hotelinin kamera musiqisi zalında, digəri isə açıq səma altında keçirilir.
   İndiyədək keçirilmiş musiqi axşamlarında V.Motsart, M.Ravel, C.Puççini, F.Şopen, E.Qriq, Y.Brams, C.Verdi, J.Bize, V.Bellini, L.Delib, N.Rimski-Korsakov, Q.Qarayev, F.Əmirov, A.Məlikov və digər bəstəkarların ölməz əsərləri maraqlı musiqi formatında - fortepiano duetində səsləndirilib: “Qəbələ festivalı çərçivəsində keçirilən konsertlərin hər birinin özünəməxsus gözəlliyi var. Bir konsert digərlərindən fərqlənir. Hər gün buraya Bakıdan, Qəbələdən və ətraf rayonlardan 600-dən çox tamaşaçının, o cümlədən xarici vətəndaşların gəlməsi insanların bu festivala olan böyük marağından xəbər verir”.
   Festivalın Heydər Əliyev Fondu tərəfindən çox yüksək səviyyədə təşkil olunduğunu bildirən M.Adıgözəlzadə avqustun 5-dək davam edəcək musiqi bayramında dünya şöhrətli musiqiçilərin çıxışlarının xoş anlar bəxş edəcəyini bildirib.
  
   “Qəbələyə gələn qonaqlar ölkəmizin inkişafı ilə yaxından tanış olurlar”
  
   Qəbələ rayonundan Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, beynəlxalq musiqi festivalı ənənəvi keçirilən gözəl bir bayrama çevrilib: “Festival günlərində Qəbələdə xüsusi ab-hava hökm sürür. Bura gələn xarici qonaqlar ölkəmizin sürətli inkişafı, xalqımızın adət-ənənələri və mədəniyyəti ilə, milli musiqimizlə, muğam və bəstəkar əsərləri ilə yaxından tanış olurlar. Qəbələ torpağında, füsunkar təbiət qoynunda istirahət edən yerli və xarici turistlər hər axşam festivalın konsertlərində dünya musiqisi incilərini dinləyirlər. Buranın havası, təbiəti, yüksək səviyyəli xidmətləri turistləri valeh edib. Sevindirici haldır ki, festivala təkcə klassik musiqi biliciləri deyil, görkəmli bəstəkarların musiqisini simfonik orkestrin ifasında ilk dəfə canlı dinləyən Qəbələ sakinləri də həvəslə gəlirlər”.
   Festivalda musiqiçilərin gözəl və yaddaqalan çıxışlarını xüsusi vurğulayan Fəttah Heydərov festivalın gözlənildiyi kimi yüksək səviyyədə keçdiyini və böyük marağa səbəb olduğunu bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar