Qəbələ III Beynəlxalq musiqi festivalı bu gün başa çatır
   
   Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ III Beynəlxalq musiqi festivalı bu gün işini başa vurur. İyulun 15-dən davam edən və dünyanın bir sıra ölkələrindən tanınmış musiqiçiləri, solist və kollektivləri bir araya gətirən festival ölkəmizin ev sahibliyi etdiyi daha bir möhtəşəm mədəniyyət bayramı kimi tarixə yazıldı.
   
   Xatırladaq ki, iyulun 15-dən 22-dək festival çərçivəsində pianoçuların II Beynəlxalq müsabiqəsi keçirildi. Üç turdan ibarət olan müsabiqədə 9 ölkədən 15 pianoçu iştirak edirdi. Müsabiqənin qalibi rusiyalı pianoçu Andrey Yaroşinski oldu, Mizuho Nakada (Yaponiya) və Ketevan Cakarataşvili (Gürcüstan) ikinci, Anna Kipiani (Gürcüstan) üçüncü yeri tutdular. Bundan əlavə, müsabiqənin finalında uğurla iştirak etmiş Aleksandr Vaşadze (Gürcüstan), Nərgiz Kəngərli (Azərbaycan) və Aleksandr Samoilov (Ukrayna) həvəsləndirici mükafatlarla təltif olundular.
   İyulun 23-də festivalın konsert proqramlarına start verildi. Festival günlərində Rusiya, Böyük Britaniya, İsrail, ABŞ, Norveç, Niderland, İtaliya, Fransa, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər rəngarəng konsert proqramları ilə çıxış etdilər. İyulun 30-da festivalın rəsmi açılışı keçirildi. Avqustun 1-də festival çərçivəsində Ağdaşda səyyar konsert oldu. Habil Əliyev adına Ağdaş şəhər musiqi məktəbində keçirilən konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib, xalq mahnıları və təsniflər ifa olundu.
   
   Klassik musiqi axşamı
   
   Avqustun 2-də beynəlxalq musiqi festivalında dahi rus bəstəkarı Sergey Raxmaninova həsr edilmiş konsert olub. “Qafqaz Resorte” hotelinin kamera musiqisi zalında keçirilən “Nostalji... Raxmaninov” adlı konsertdə rus bəstəkarının “Müqəddəs iqamətgah önündə”, “Sən axşamı xatırlayırsanmı”, “Yalvarıram getmə”, “Vaxtdır”, “Tale”, “Yuxu”, “Çoxdankı dostum”, “Qəm etmə”, “Vokaliz”, “Məndən hər şeyi aldı”, “Məsihin zühuru”, “Dünən görüşdük”, “Stanislavskiyə məktub”, “Gecə qəmlidir”, “Məni xatırladınmı”, “Mən peyğəmbər deyiləm” adlı əsərləri səsləndirilib. Konsertdə festivalın bədii rəhbəri Dmitri Yablonski (violoncel), dünyanın ən məşhur vokalçılarından olan rusiyalı Sergey Leyferkus (bariton), Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli (piano) çıxış ediblər.    

   Festivalın iştirakçıları Şəkidə çıxış ediblər
   
   Avqustun 3-də Qəbələ III Beynəlxalq musiqi festivalı çərçivəsində daha bir səyyar konsert Şəkidə təşkil olunub. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanları sarayının həyətində keçirilən konsertdə rayon ictimaiyyətinin nümayəndələri, musiqisevərlər iştirak ediblər.
   Konsert vokalçı Azər Rzazadənin ifasında italyan bəstəkarlarının əsərlərindən nümunələrin təqdim edilməsi ilə başlanıb. Sonra tamaşaçılar qarşısında vokalçılardan Səbinə Əsədova Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından Asyanın mahnısı və Cavid Səmədov Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən nümunələrlə çıxış ediblər. Vokalçıları pianoda respublika və beynəlxalq müsabiqələr laureatları Kəmalə Neymanova və Səidə Tağızadə müşayiət edib.
   Xanəndə Rəvanə Ərəbovanın ifasında “Sarı gəlin” xalq, Səid Rüstəmovun “Getmə-getmə” mahnıları, habelə “Mahur” və “Şur” təsnifləri tələbkar Şəki tamaşaçıları tərəfindən alqışlarla qarşılanıb. Xanəndəni tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, nağarada Amil Mustafayev müşayiət edib.
   Konsertin sonunda şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxış edərək Qəbələdə keçirilən III Beynəlxalq musiqi festivalının Azərbaycanın mədəni həyatında çox əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. Natiq bu möhtəşəm musiqi bayramının əhəmiyyətindən danışıb, festival çərçivəsində konsertlərdən birinin məhz Şəkidə təşkil edilməsinə görə tədbirin təşkilatçısı olan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya şəkililər adından dərin minnətdarlığını bildirib.
   
   “Yeni Rusiya” simfonik orkestrinin növbəti konserti
   
   Həmin gün axşam Qəbələdə festivalın daha bir konserti olub. “Qafqaz Resorte” hotelinin qarşısında, açıq səma altında keçirilən konsertdə “Yeni Rusiya” Dövlət Simfonik Orkestri maraqlı proqramla çıxış edib. Konsertdə bəstəkar Soltan Hacıbəyovun “Karvan” simfonik əsəri, Azər Rzayev və Pyotr Çaykovskinin violin, piano və orkestr üçün konsertləri səsləndirilib. Orkestrin çıxışı Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə baş tutub. Orkestr solo ifadan əlavə, İsrailin Keşet Eilon Beynəlxalq Violin ustad dərslərinin yaradıcısı, Buenos-Ayres Beynəlxalq Violin Müsabiqəsinin sədri Şlomo Mints (İsrail, violin), S.Raxmaninov Fondunun və “Annacy”, “Baykal ulduzları” və “Crescendo” beynəlxalq festivallarının bədii rəhbəri Denis Matsuyevi (Rusiya, piano) müşayiət edib. Çıxışlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
   
   “Əyalətdə klassik musiqiyə böyük maraq məni heyran edir”
   
   Qəbələ festivalı çox yüksək səviyyədə davam edir. Çoxsaylı mətbuat nümayəndələrinin, yüksək səviyyəli musiqiçilərin iştirakı və fərqli musiqi janrlarına müraciət olunması bu tədbirin əhəmiyyətini daha da artırır. Auditoriya isə bizi çox isti və açıq qəlblə qarşılayır. Bu günlərdə dünya şöhrətli musiqiçilər öz ifaları ilə bu təntənəli mərasimə xüsusi ovqat gətirirlər.
   Bu fikri festivalda iştirak edən “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Yuri Başmet bildirib. Paytaxtdan xeyli uzaq əyalətdə bu qədər insanın klassik musiqiyə yüksək səviyyədə maraq göstərməsinin onu valeh etdiyini söyləyən Yuri Başmet Qəbələ torpağında dünya şöhrətli musiqiçilərin bir araya gəlmələrini mühüm hadisə kimi qiymətləndirib, burada olmaqdan məmnunluğunu dilə gətirib.
   
   “Belə gözəl musiqi tədbirində yenidən iştirak etməkdən məmnunam”
   
   Beynəlxalq musiqi bayramının daha bir iştirakçısı, İngiltərə Kamera Orkestrinin və London Simfoniettasının solisti Saymon Blendis festivalın çox yüksək səviyyədə təşkil olunduğunu bildirib. Məşhur violin ifaçısı Saymon Blendis qeyd edib ki, artıq ikinci dəfədir Qəbələyə gəlir: ”Ötən il bu festivala London Kral Simfonik Orkestrinin tərkibində qatılmışdım. Festivaldan dərin təəssüratla ayrılmışdım. Belə gözəl musiqi tədbirində yenidən iştirak etməkdən məmnunam.
   Ümumiyyətlə, son bir ildə Azərbaycan çox dəyişib, paytaxtınız gözəlləşib və daha da müasirləşib. Onu deməliyəm ki, Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilmiş pianoçuların II Beynəlxalq müsabiqəsi də yaddaqalan oldu. Düşünürəm ki, növbəti ildə bu müsabiqənin coğrafiyası genişlənərək daha çox ölkələrdən iştirakçılar cəlb edəcək. Növbəti illərdə də bu festivalda iştirak etməkdən məmnun olardım”.
   
   “Xoşbəxtəm ki, bu gözəl məkanda dünya musiqisini dinləyirəm”
   
   İki il bundan əvvəl keçirilmiş birinci Qəbələ Beynəlxalq Musiqi Festivalına İsrailin Ranaana Simfonik Orkestri də qatılmışdı. Bu dəfə isə biz Suzan Delal Rəqs və Teatr Mərkəzinin balet qrupunu Azərbaycana dəvət etmək qərarına gəldik. Bu qrup bir az fərqlidir. Onlar öz ifalarında fərqli-fərqli janrlara müraciət edirlər. Qrupun çıxışları maraqla qarşılanır.
   Bu sözləri festivalın konsertlərinə tamaşa edən İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem bildirib.
   Səfir sözünə davam edərək deyib: “Xoşbəxtəm ki, Qəbələ kimi gözəl bir məkandayam. Burada dünya musiqisi incilərindən ibarət gozəl konsert proqramını dinləyirəm. Məni buraya dəvət etdikləri üçün azərbaycanlı dostlarıma dərin minnətdarlığımı bildirirəm. Ümid edirəm gələn illərdə də bu festivala tamaşa edəcəyəm. Gələn ili səbirsizliklə gözləyirəm”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar