Xanəndə Qoçaq Əsgərovun bu ilin mayında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyanın “Filmay” musiqi şirkəti tərəfindən buraxılan diski müxtəlif ölkələrdə müzakirə edilir.
   
   Diskin buraxılmasında böyük əməyi olan UNESCO-nun eksperti, musiqişünas Sənubər Bağırovanın sözlərinə görə, şirkət rəhbərliyinin təşəbbüsü ilə disk müxtəlif ölkələrin musiqi mütəxəssislərinə göndərilib. Şirkət rəhbərliyi azərbaycanlı xanəndə və musiqiçilərimiz haqqında müsbət rəy almaqda davam edir.
   Almaniyanın “Dünya ritmləri” radiostansiyası isə diski yüksək qiymətləndirərək onu özünün “Qlobal vise” verilişində səsləndirib. Bu günlərdə məşhur musiqiçilərin rəyi ilə ifası radiostansiyada səsləndirilən yüzlərlə dünya musiqiləri arasından 2011-ci ilin iyirmiliyi müəyyən edilib. Qoçaq Əsgərovun adı “Play-list”də yer tutan ən yaxşı dünya musiqiçiləri ilə bir siyahıda səslənib. Xanəndənin “Bayatı-Şiraz” dəsgahı və “Bir çoban qızını gördüm” mahnısı 20-likdə yer almaqla yanaşı, radionun dalğasında təkrar-təkrar səsləndirilib.
   Sənubər Bağırova onu da bildirib ki, Qoçaq Əsgərov haqqında İtaliyada nəşr olunan və ən yaxşı dünya musiqiçiləri haqqında yazan “Blow Up” jurnalında “Qarabağdan xanəndə” başlığı altında məqalə dərc edilib.
   Xatırladaq ki, bu ilin mayında diskinin təqdimatından sonra konsert proqramı ilə çıxış edən Q.Əsgərovun ifasını jurnalın yazarlarından biri izləyib. Ötən ay işıq üzü görən və bir çox ölkələrdə satışa verilən jurnalın sözügedən nömrəsinin iki səhifəsi azərbaycanlı xanəndəyə həsr olunmuşdu. Səhifənin birində musiqiçinin müsahibəsi və konsertindən fotoşəkillər, digərində isə diski haqqında yazı dərc olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar