Səndə o ustad ruhu var...
“Duydum-duymadım” üstə köklənmə, canlı sənət varlığımız, cənnət varımız, oxu! Çalınıban-çal və hər dəm o ustadın xəyalına dal ki - səndə ən çox onun ruhu var...
...İndi, tarım, yüz illərdi şikəstələdiyimiz “...simi gözlər” ehtiyatkarlığımızın “acığına” o telləri tarzənsiz-mizrabsız - zərbi-eşq ilə dindir, qırılsa, Dəmirçioğlu demişkən, “suçunu boynuma mindir”, alınsa, duyacaqsan o əvəzsiz ustad kimdir...
“Ələsgərin sazı, Qurbanın tarı”
O ustad haqqında belə öyğulər çoxdur. Ona görə gözəl və özəl şair Famil Mehdinin - onun həmyerlisinin bu misrasını başlıqladım ki, qoy dünyasını “Qarabağ dərdilə bahəm” dəyişən o şairin də ruhu bir yadasalımlıq şad olsun. Bəli,
Dinlə “Çahargah”ı, eşit “Qatar”ı -
Könül dünyasının sərvəti, varı.
Ələsgərin sazı, Qurbanın tarı,
Seyidin, Cabbarın avazıyam mən...
Hə, daha nə “duydum-duymadım”, dədə-baba yadigarı, cəmi aşiq-məşuqlar yarı, oxu! Oxu, öt və aradabir “səni kim unudar?!” kimi avtosual-nidalarına belə bir səda da qat: bu sənətə kəm baxanlar, “Oxuma, tar! İstəmir səni proletar! Səndə çalınmır “Qatar”!” - deyə, sovet ildırımı çaxanlar, ehtiyatlı olun, sizi belə ustadların ruhi-ahı tutar!
Oxu, bu gün ən müasir salonları, ən gənc məclisləri də qocaman Şərq xəyalatına daldıran, şəbəkə-şəbəkə şöbələri, ağsaqqal-ağsaqqal “mayə”ləri, asta-becid keçidləri, “güli-rüxsarinə qarşu” gedişlərilə bizi “ahəstəcə qandıran”, səni-tarı susma, oxu!
Çal və bizlərdən bütün həzz duyğularınızın, zövq hisslərimizin, mənəvi, cismi, ismi hallarımızın o ruha dair daha bir “tarif”-tərifini al. Dinləyəcək və həmən biləcəyik ki:
Sən - səni barmaqları ilə nəinki təkcə dilləndirən, həm də gül-gül gülləndirən; Sənin - əsl Azərbaycan tarının yaradıcısı olan Sadıqcandan bilavasitə dərs alan;
- Sənə - öygü-sevgilərlə ithaf edilən saysız-hesabsız şeirlərin əzəl mübtədası olan;
- Səni - “...sinəsinə bütöv Şərq balasıtək alan” (İslam Abdullayev), “mizrabıyla “gürzə” tək çalan” (Seyid Şuşinski);
- Səndə - “...gah meh kimi qəlb mənzilinə dolan, gah tufan salan” (Sadıqcan);
- Səndən - “Ərəbzəngi kimi bac alan” (Xan Şuşinski) Qurban Pirimovdan danışırsan...
Məclislər başı, üzüklər qaşı, ləzzət-izzət çeşməsi, məhəbbətlər hədəfi sədəflim, sənin “saznan dediklərini” biz də söznən deyək. Sən onun ərz-halından, biz isə -
Tərcümeyi-halından
Özündən yüz il əvvəl nəsil-nəcabət şöhrəti doğulub bu ustadın. Babası - məşhur Aşıq Valeh XVIII əsr Azərbaycan saz-sözünün gözü olub. Sonrakı yüzilin 80-ci ilində o böyük sazəndə ocağının gələcək tarzəni doğulub. Onun da sənədinə bənzərsiz sənət yurdlarımızın adı düşüb: Şuşa qəzası, Abdal Gülablı kəndi. On yaşından on üçünə qədər atası onu - çalıb irəli getdiyi bütün pərdələrdən ən azı üç dəfə geri qaytarırmış (bunu yadda saxlamalı). On dördündə - bığ yeri təzəcə tərlədiyi yaşda isə “Sudan gələn sürməli qız”ı necə çalıbsa, o çağadək ot-alafdan (və bir də hər yay dağa köç zamanı Hoğa kəndindəki oğru dığalardan) savay heç nə çalmamış ata əlləri sürəkli bir çəpik çalıb. Hələ ardınca, niyə məhz bu mahnını bu cür havalandırmasının səbəbkarına - gündə bu qapıdan 10-15 dəfə keçərək suya gedib-sudan gələn bir sürməsiz qızcığaza yönəli - oğluna bir “arifi” göz də basıb (bunu yadda yox, segahi-ladda saxlamalı)...
Xatirələrə görə on dördündə atasının alqışını, on beşində ustadlar ustadı Sadıqcanın xeyir-duasını alan Qurban Pirimov Qarabağ toylarında pir xanəndələri müşayiət etməyə başlayır. Hərdən Azərbaycan sərhədlərindən kənarlara - Qafqazlara dəvət alır. Bu qos-qoca alət çox gənc Qurbanın kövrək sinəsində daha bir örnək-yuva tapır. O toyların birində böyük xanəndə İslam Abdullayev “bu yaşda tarı sinəsinə bütöv bir Şərq balasıtək sıxıb Azərbaycan anasıtək dilləndirən Qurban”ı görüb, onu özünə daimi müşayiətçi götürür. Lakin Qurbanın gündən-günə yayımlanan şöhrəti onun simasında böyük qənimət əldə etmiş xanəndənin arzularına “qənim” kəsilir. Belə ki, 1905-ci ildə Gəncə toylarının birində Qurbanın ifasına vurulan Cabbar Qaryağdıoğlu - İslam Abdullayevdən razılıq alaraq - onu özü ilə Bakıya gətirir.
O, Bakıya düşəndə bu şəhərdən tək neft iyi yox, böyük sənət qoxusu da gəlirdi. Dillər “O olmasın, bu olsun” deyirdi, “Arşın mal alan”dan danışırdı, əllər “Molla Nəsrəddin”i bir-birinə ötürürdü və... qədim Azərbaycan mədəniyyəti yepyeni bir sənət övladına hamilə idi. Nəhayət, 1908-ci ildə həmin əsər-övlad - “Leyli və Məcnun” doğuldu və 28 yaşlı Qurban bu operanın ilk tamaşasında orkestrin solisti oldu.
Sonra yaş üstünə yaş gəldi. Qurban-Məcnun həyatda öz Leylisini tapsa da, “Leyli və Məcnun” məhəbbəti səngimədi. 1908-i 18-ə, 28-ə... 58-ə caladı. Deyirlər ki, min dəfə çaldığı o tamaşalarda bu qədim-qayım kişinin üzü bircə kərə gülmədi. Amma nə qədər çalıb-çalışdısa da, Leylini Məcnuna verə bilmədi...
“Təsnif”-xatirələr
Yuxarıda demişdim axı, on dörd-on beşində bir yanlış xala görə atası onu dəfələrlə - səslənişi bəd çıxsa da - dala qaytarıb. Və yəqin elə bir də buna görə səksən beşində - 1965-in 10 avqustunda Dövlət Filarmoniyasının səhnəsində 23 dəqiqə çəkən “Rahab”ı elə çalıb ki, tamaşaçılar onu tufan-alqışlar altında düz üç dəfə səhnəyə qaytarıblar. O isə bu dəvətlərin birincisində gülümsünüb, ikincisində qayğılanıb, üçüncüsündə isə - gah alqışçılara, gah səbəbkara mat-mat baxan gənc ifaçılardan birinin qolundan yapışaraq, onu bir az öncə qalxdığı stula oturduban üzrxahlıq və minnətdarlıq dolu baxışlarla səhnəni tərk edib. Həmin anlar emosiyalarını çəpiklərlə ovudan o tamaşaçıların ağlına gəlməzdi ki, hələ görünüşü qıvraq, mizrabı şaqraq bu ustad vur-tut 19 gündən sonra - 1965-ci il avqustun 29-da dünyasını dəyişəcək.
Amma o tamaşaçılar, bütün musiqi ictimaiyyəti belə bir mətləbin fərqindəydilər ki, çox xanəndələri müşayiət etsə də, o ustadın ən çox bağlandığı Xan Şuşinski bu itkidən nələr çəkir. Onun “tardan Ərəbzəngi kimi bac alan Qurban”ı onu bağrı-badaş dostluqda (səhnə heç - burada kimsə tapılır) tənha qoyub getmişdi. Daha hansısa şöbədə, keçiddə, ayaqda hansı çaları vurğulamağı qurğulayan baxışlarını göydə tutan, himlərini cimləyən ustad qeybə çəkilmişdi...
Xalq artisti Canəli Əkbərovun da “Qurban əmisi” haqda xeyli “sarı sim”liyi var: “Ağlım kəsəndən bu dahi tarzənin qrammofon vallarını toplayıb evimizə yığardım. Cabbar Qaryağdıoğlunun onun müşayiətilə oxuduğu “Heyratı”nı eynilə oxumağı çoxlu məşq edib başa vurandan sonra, bunu necə olur-olsun Qurban əmiyə eşitdirmək eşqinə düşdüm. Bir gün onu dənizkənarı parkın sakit bir guşəsində görüb, özümü ətrafımdakı tay-tuşlarımın qarasında “gizlədərək” oxumağa başladım. Nə səbəbdənsə, həmin gün tarını da özüylə götürmüş Qurban əmi ayaq saxladı. Ecazkar sənət alətini sinəsinə basıb, məni bir-iki şöbə müşayiət etdi. Çalğısı ilə ürəyimi vəcdə gətirən ustad, ayrılarkən dediyi sözlərilə qəlbimi dağa döndərdi: “Hələlik, gələcəyin böyük xanəndəsi!..”
Elə onun Xalq artisti adı, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı” ordenləri, neçə-neçə filmoqrafiya fakturaları, adı çəkiləndə köhnə və müasir sənət adamlarının təzimanə duruş-baxışları da az xatirələr söyləmir. O xatirələrə hələ deyilməmiş belə birisini də qoşaq: Qurban Pirimov tardan çox, lap çox gec doğulsa da, tarın gələcəyi qədər yaşayacaq...
Tahir Abbaslı