Ötən əsrdə Azərbaycan bəstəkarlıq məktəbinin çox qüdrətli nümayəndələri yaşayıb-yaradıb. Onların haqqında fikirləşəndə heyrətə gəlirsən: Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Cövdət Hacıyev və bu parlaq sıradan bizə qənimət və yadigar qalan, müasirimiz olan, dünyanı dolaşan şöhrətində qürur duyduğumuz Arif Məlikov.
Bu günlərdə 78 yaşı tamam olacaq Arif Məlikov dünya simfonistlərinin nəhənglərindən sayılır. Məşhur musiqiçilərin Arif Məlikov yaradıcılığı ilə bağlı fikirlərini oxuduqca onun sənətinə marağın, pərəstişin, sözün əsl mənasında, vurğunluğun səbəblərini anlayırsan. Arif Məlikovun musiqisində fikir dərinliyi, gözəllik, qeyri-adilik, coşqunluq, müasirlik və bunların vəhdətində orkestri ustalıqla cazibəyə salaraq təbii ahəngdə idarə etmək qabiliyyəti çox güclüdür. Əslində heç kimə qismət olmayan, məhz Arif Məlikovun taleyinə yazılmış bir ömrün əfsanəsi yarım əsrdən çoxdur ki, dünyanın sənətsevərlərini öz cazibəsində saxlayır.
Arif Cahangir oğlu Məlikov 1933-cü il sentyabrın 13-də Bakıda anadan olub. Uşaq vaxtı valideynləri ilə birlikdə ən çox getdiyi ünvan Opera və Balet Teatrı olub. «Leyli və Məcnun»a, «Əsli və Kərəm»ə, «Koroğlu»ya baxıb. Verdinin, Çaykovskinin operaları onu xüsusilə valeh edib. Uşaqlıqdan kitaba elə güclü meyil göstərib ki, çoxu onun gələcəkdə mütləq ədəbiyyatçı olacağını sanırmış. 14 yaşında ikən bəlli olub ki, Arifin musiqiyə güclü məhəbbəti var. Valideynləri ona tar alıblar. Əvvəllər musiqi duyumunun gücünə tanış melodiyalar səsləndirən Arif sonralar onlara şəxsi improvizasiyalarını əlavə edərmiş.
Arif müəllim həm də maraqlı müsahibdir. Sinəsi xatirələrlə doludur. Söhbət zamanı ötənlərə boylandıqca nələr danışmır?
A.Zeynallı adına musiqi məktəbində oxuyarkən bir gün küçədə təsadüfən Üzeyir Hacıbəylini görüb. On beş yaşlı Arif bəstəkarın arxasınca qarabaqara gedərək bir neçə məhəllə keçib. Gözlərini Üzeyir Hacıbəyliyə dikərək yol getdiyindən qəflətən kiməsə toxunub: «Korsan» sualını eşidib. İndi o günləri yada salan bəstəkar şərafətlə söyləyir: «Mən kor deyildim. Mən görürdüm, canlı Hacıbəylini görürdüm». Üzeyir bəylə bağlı xatirə ona dünyanın ən dərin kədər və sarsıntısını bağışlayıb. Arif Məlikov 1948-ci ilin payızında dahi bəstəkarın ölümündən çox təsirlənib. O ağır günlər gənc musiqiçinin qəlbində dərin iz salıb.
1953-cü ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olan Arif Məlikov Qara Qarayevin sinfində dərs alıb. Böyük bəstəkarın dərslərini, sinif saatlarını, söhbətlərini, tapşırıqlarını bütün təfərrüatı ilə yaddaşında saxlayan və onun tövsiyələrinə həmişə əməl edən Arif Məlikov hələ birinci kursda oxuyarkən çoxlu musiqi əsəri bəstələmişdir.
Tələbə ikən Bakıda Azərbaycan bəstəkarlarının birinci qurultayı keçirilib. O zaman konservatoriya tələbəsi Arif Məlikov qurultay iştirakçılarına skripka və fortepiano üçün bəstələdiyi süitanı ifa edib. XX əsrin böyük bəstəkarı Dmitri Şostakoviç Arif Məlikov haqqında mətbuatda xoş sözlər deyib. Əslində, bu, gələcək böyük bəstəkar barəsində ilk xeyir-dua, ilk lisenziya olub. Tələbəlik illəri onun bioqrafiyasına zəngin əsərlərlə həkk olunub. 1957-ci ildə bəstələdiyi «Nağıl» simfonik poeması böyük rezonans doğurdu. Bu əsər onun musiqi yaradıcılığının əsas göstəricisi oldu. «Nağıl» əsl teatr səviyyəsinə məxsus xüsusiyyətlərini, məqsəd aydınlığını, konkretliyi ifa edərək Azərbaycan musiqi mədəniyyətinə yeni istedadlı bir simanın gəldiyini təsdiqlədi. O zaman bu, nadir hadisə idi ki, tələbənin əsəri konservatoriya səhnəsində səsləndirilsin. Arif Məlikovun süitaları, simfonik poemaları görkəmli dirijorların iştirakı ilə nəinki Bakıda, az sonra Moskvada səsləndirildi. Bu da faktdır ki, Arif Məlikov Azərbaycan simfonizmində yeni parlaq səhifələrin yaradıcılarından biridir. Konservatoriyanı bitirdikdən sonra bəstəkarın ikinci simfonik poeması - «Füzuli» də müəllifə növbəti şöhrətini gətirdi. Arif Məlikov 26 yaşında respublika Dövlət mükafatına layiq görüldü.
Bəstəkarın şöhrəti dünyanı dolaşanda o hələ çox gənc idi. 1961-ci ilin yazında Leninqrad Dövlət Opera və Balet Teatrında bəstəkarın «Məhəbbət əfsanəsi» baleti tamaşaya qoyulanda müəllifin 28 yaşı vardı. Arif Məlikovun böyük türk şairi və dramaturqu Nazim Hikmətin «Məhəbbət əfsanəsi» pyesi əsasında bəstələdiyi eyniadlı baletdə ilk dirijor maestro Niyazi oldu. Bu baletə böyük həyəcanla baxan Nazim Hikmət övladı qədər sevdiyi və dostluq etdiyi Arif Məlikovun uğurlu yaradıcılığından çox fərəhlənib. Nazim Hikmət onu oğlu Mehmet qədər sevərmiş. Bakıda şairin çoxlu dostları vardı. Nazim Hikmətin Bakıya yola düşəndə hamı onu öz evinə dəvət edirdi. Nazim isə «öncə oğluma dəyməliyəm» - deyərmiş.
Arif Məlikov da böyük şairə sevgisini əzəmətli əsərlə ifadə etdi. «Məhəbbət əfsanəsi» pyesi fəlsəfi bir əsərdir. Bütün bəşəriyyətə məxsus olan bu abidəyə səhnə həyatı vermək və misilsiz uğur qazanmaq özü bir əfsanəyə bənzəyir.
Arif Məlikovun istedadı «Məhəbbət əfsanəsi»nin taleyinə xoş sabahlar yazdı. Əlli ildən artıqdır ki, bu balet dünya teatrlarının səhnəsində nümayiş olunur. Rusiyanın möhtəşəm sənət məbədi sayılan Böyük Teatr 45 ildir ki, müntəzəm surətdə öz repertuarında «Məhəbbət əfsanəsi»nə xüsusi yer ayırıb. Arif Məlikov yeganə azərbaycanlı bəstəkardır ki, onun əsəri bu teatrda hər il tamaşaya qoyulur. Dünyanın 100-dən artıq teatrının məmnuniyyətlə təqdim etdiyi «Məhəbbət əfsanəsi»nin müəllifdə 60-dan artıq variantı köçürülmüş videolenti var. Bu baletin səhnəyə çıxarıldığı ölkələrin bəzilərinə diqqət edək: Çexiya, Bolqarıstan, Türkiyə, Polşa, Almaniya, Macarıstan, Finlandiya, Sloveniya, Amerika Birləşmiş Ştatları, Yaponiya, Misir, eləcə də keçmiş sovet respublikalarının əksəriyyəti.
Arif Məlikov yaradıcılığı boyu Nazim Hikmətə müraciət etməyi çox sevib. Böyük şairin poeziyasındakı qeyri-adilik, daxili etiraflar, hiss və duyğuların birbaşa vətən həsrəti ilə qovuşması bəstəkarı həmişə riqqətə gətirib. Bu səbəbdən də onun şeirlərinə üç silsilə - 12 romans yazıb. Arif Məlikov 1986-cı ildə ikinci silsilə romanslarına görə Dövlət mükafatı laureatı adına layiq görülüb. Elə həmin il SSRİ Xalq artisti fəxri adını da alıb. Zəngin və çoxsahəli yaradıcılığı ilə nəinki azərbaycanlı həmkarlarından, hətta dünya bəstəkarlarından fərqlənən bəstəkar bir-birinin ardınca yaratdığı iri musiqi əsərləri - «Vətən», «Metamorfozalar», «Axırıncı aşırım» simfonik poemaları, 8 simfoniyası, eləcə də digərləri Azərbaycan simfoniyasını irəli aparan gəminin sükanını dəyişərək ona yeni istiqamət, inkişaf və şöhrət də gətirdi. Müxtəlif ölkələrin konsert salonlarında və festivallarda ifa olunan bu simfoniyalar müəllifinə ardı kəsilməyən təşəkkür, təbrik, məktub və dəvətlər gətirdi.
Arif Məlikov paralel şəkildə müxtəlif janrda musiqi əsərləri üzərində işləməkdə çox mahir bəstəkardır. Təsəvvürə gətirin ki, Beşinci simfoniya hələ tamamlanmamış o, iki maraqlı kamera əsəri - fortepiano üçün «Anilik» və skripka üçün sonatanı başa çatdırdı. Bəstəkarın 1969-cu ildə Leninqrad Dövlət Opera və Balet Teatrında «İkilikdə» («Bu torpaqda ikilikdə») adlı baleti tamaşaya qoyuldu. Az keçmədi «İki ürək» baletini tamamladı. Böyük və möhtəşəm əsərlərlə yanaşı, Arif Məlikov «Torpağın səsi» kantatasını, «Dalğalar» operettasını, fleyta və orkestr üçün konsertini, bir sıra kamera instrumental əsərlərini, bədii filmlərə («Sehrli xalat», «26 Bakı komissarı», «Axırıncı aşırım» və s.), eləcə də dram teatrında səhnəyə qoyulmuş tamaşalara («Torpağa sancılan qılınc», «Atabəylər», «Natəvan» və b.) musiqilər yazdı. Dəyərli musiqi əsərləri yaradan və bununla da təkcə Azərbaycana deyil, bütövlükdə bəşər mədəniyyətinə fədakarcasına xidmət edən Arif Məlikov 50-yə yaxın mahnının müəllifidir. Onun qanad verdiyi nəğmələri xalq artistləri - Rəşid Behbudov, Şövkət Ələkbərova, Zeynəb Xanlarova və başqa məşhurlar ifa ediblər.
Ümummilli lider Heydər Əliyev Arif Məlikov yaradıcılığını çox sevirdi. Arif müəllim danışır ki, hər dəfə Moskvada əsərləri tamaşaya qoyulanda salonda tanış simanın təbəssümlü baxışlarını görəndə qürurlanırmış. Heydər Əliyevin diqqətindən həmişə ilham aldığını söyləyən Arif Məlikovu 1994-cü ildə ulu öndər özü ilə birlikdə Məkkə ziyarətinə aparıb. O günləri xatırlayan Arif Məlikov riqqətlə söyləyir ki, mənim üçün təəccüblü və maraqlı fakt idi. Ziyarət zamanı unudulmaz Heydər Əliyev qəfildən dedi: «Arif, bilirsən səni bura niyə gətirmişəm? İstəyirəm ki, sən bu müqəddəs yerləri görəsən və bunun təsiri altında bir simfonik əsər yazasan». Heydər Əliyevin bu sözləri bəstəkarı heyrətə gətirib. Ulu öndərin qüdrətli duyumu, dərin hissiyyatı qarşısında heyrətini gizlədə bilməyən Arif Məlikovun sözləridir: «İnanmıram ki, adi adam Məkkədə simfonik musiqi haqqında fikirləşə bilsin. Simfonik əsər yazan mənəmsə, orada mən belə şeylər fikirləşmirdim. Çünki Məkkə, Mədinə hara, Quran hara, simfonik əsər hara?! Amma böyük şəxsiyyət uzaqgörənliklə hiss edirdi ki, məhz orada nəyisə mənimsəyib dəyərli simfonik əsər yazmaq mümkündür».
Nəhayət, Arif Məlikov ulu öndərin arzusunu yerinə yetirdi. 2004-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın Heydər Əliyev ithaf etdiyi Səkkizinci simfoniyasının - «Əbədiyyət»in ilk ifası tamaşaçıları sehrlədi. Xalq artisti Rauf Abdullayevin dirijorluq etdiyi Azərbaycan Dövlət Simfonik Orkestrinin və solist Rəşidə Behbudovanın ifası ilə səsləndirilən bu möhtəşəm musiqinin təsiri zalda qəribə bir sakitlik yaratdı. Yadımdadır, bir neçə saniyə sürən fasilədən sonra salonu bürüyən sürəkli alqışlar sanki bir daha «Əbədiyyət»in sonsuzluğunu təsdiq edirdi. Bu hadisədən illər keçsə də, o qeyri-adi musiqinin varlığımıza hopmuş sədaları bizi yenə də həmin aləmə çəkir. Arif Məlikovun qüdrətli musiqisi elə bir zirvədə qərar tutmuşdu ki, burada həyat bütün tərəfləri - tufanları, sakitliyi, rahatlığı olum və ölümü ilə tərənnüm edilirdi. Yarım saatdan artıq davam edən «Əbədiyyət» simfoniyası Azərbaycan musiqi mədəniyyətinin növbəti bir sənət zirvəsi sayıldı.
Arif Məlikov yaradıcılığı dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. Sovet dövründə də belə idi, müstəqilliyimizi qazandıqdan sonra da. Dövlət mükafatı laureatı, Xalq artisti, «İstiqlal» ordenli, Prezident təqaüdçüsü Arif Məlikovun 2008-ci ilin payızında 75 illik yubileyi dövlət səviyyəsində qeyd olundu. 2009-cu ildə isə Heydər Əliyev Mükafatı laureatı oldu. İlk dəfə təqdim olunan bu yüksək mükafata layiq görülən üç nəfərdən biri - musiqi mədəniyyətinin inkişafında xüsusi xidməti ilə seçilən bəstəkar Arif Məlikovun olması böyük bəstəkara göstərilən diqqət və qayğının təcəssümüdür. Mükafatın təqdimetmə mərasimində bunu yüksək dəyərləndirən Arif Məlikov fərəhlə söyləmişdi: «Azərbaycan Prezidentinə, onun xanımına öz dərin təşəkkürümü bildirir və bu gün xatirəsini böyük ehtiramla yad etdiyimiz dahi şəxsiyyətin qarşısında baş əyirəm və onun surəti həkk olunan bu nişanı həmişə fərəhli günlərdə fəxrlə döşümdə aparacağam».
Dahi Üzeyir Hacıbəylidən mənəvi, Qara Qarayevdən isə həqiqi dərs alan Arif Məlikov yeganə korifeydir ki, bizim aramızdadır. Gələcək bəstəkarların yetişməsində böyük əməyi olan Arif Məlikov 1965-ci ildən konservatoriyanın - indiki Bakı Musiqi Akademiyasının professorudur. 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. Arif Məlikov yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində bütöv bir mərhələdir. Əlli ildən artıqdır ki, «Məhəbbət əfsanəsi» baleti ilə dünyanın möhtəşəm səhnələrini lərzəyə gətirən Azərbaycan bəstəkarının öz həyatı da, yaradıcılığı da bir əfsanədir! Nə yaxşı ki biz bu canlı əfsanə ilə bir əsrdə yaşayırıq, onu duyuruq, eşidirik və sevirik!
Flora Xəlilzadə,
yazıçı-publisist