Ukrayna musiqiçilərinin ifasında
Sentyabrın 7-də Azərbaycan Bəstəkarlar İttifaqının konsert zalında Ukraynanın Bakıdakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin milli bayramı - dövlət müstəqilliyinin 20-ci ildönümü çərçivəsində konsert proqramı təqdim olunub.
Mədəniyyət və incəsənət xadimlərinin, ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinin iştirak etdikləri tədbiri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq Azərbaycan və Ukrayna arasında qarşılıqlı mədəni əlaqələrdən danışıb. Qeyd olunub ki, bu tədbirlə həm də Bəstəkarlar İttifaqı yeni konsert mövsümünü açır və belə bir məqamda Ukraynanın məşhur “Bravo” simli kvartetinin Azərbaycanda çıxışı iki ölkə arasında dostluğun simvoludur. Firəngiz Əlizadə Ukrayna musiqiçilərinin konsert proqramını dahi bəstəkar Üzeyir Hacıbəylinin əsəri ilə açmalarını iki ölkə arasında mədəni yaxınlığın ifadəsi kimi qiymətləndirib.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ölkələrimiz arasında mövcud olan möhkəm dostluq əlaqələrindən danışıb, iki xalqın mədəni və mənəvi yaxınlığını diqqətə çatdırıb.
Ukraynanın “Bravo” simli kvarteti bu ölkənin Natalya İlçuk, Tatyana Boqma, Gennadi Skulimovski, Olena Qalçenko kimi tanınmış musiqiçilərindən təşkil olunub. Konsertdə Azərbaycan bəstəkarlarının və dünya klassiklərinin əsərləri ifa edilib.