Qırğızıstanın Dövlət Akademik Simfonik Orkestrini azərbaycanlı dirijor Əyyub Quliyev idarə edib
Qırğızıstanın Milli Akademik Opera və Balet Teatrında “Beynəlxalq İncəsənətlər Akademiyası” festivalı başa çatıb. Festivalda Rusiya, Azərbaycan, Qırğızıstan, Moldova və Ukraynadan dəvət olunmuş tanınmış incəsənət xadimləri iştirak ediblər. Festivalın proqramında müxtəlif konsert axşamları, yaradıcılıq gecələri, habelə ustad sinifləri olub.
Festivalın təntənəli bağlanış mərasimində beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə A. Cumaxmatov adına Qırğızıstanın Dövlət Akademik Simfonik Orkestri çıxış edib. Konsert dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayıb. Beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Gülşən Konuşevanın Frederik Şopenin fortepiano ilə orkestr üçün 1 saylı konsertinin özünəməxsus ifası tamaşaçıları heyran edib. Birinci şöbənin sonunda Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının solisti, tanınmış müğənni Sadırbek Jumaşov Ciakomo Puççininin “Toska” və “Turandot” operalarından ariyaları ifa edib. Konsertin sonunda Pyotr Çaykovskinin 5-ci simfoniyası səslənib.