Sentyabrın 22-də Gürcüstanın Dövlət Konservatoriyasında Azərbaycan və gürcü bəstəkarlarının musiqi gecəsi keçirilib. Gürcüstanın Mədəniyyət və Tarixi Abidələrin Mühafizəsi Nazirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə iki böyük bəstəkar - Qara Qarayev və Aleksi Matçavarianinin əsərləri səslənib. Konsertin iştirakçısı olan Xalq artisti, professor, bəstəkar Tofiq Bakıxanov təəssüratını bizimlə bölüşdü:
- XX əsrin ən böyük musiqiçilərindən olan Üzeyir Hacıbəyli və Zaxarna Paliaşvilinin Azərbaycan və Gürcüstanda yaratdıqları ənənə yaşayaraq davam etdirilib. Bunun parlaq nümunəsi ruhən bir-birinə yaxın olan iki böyük bəstəkar Qara Qarayev və Aleksi Matçavariani dostluğudur. Bu gecədə iştirak etmək mənim üçün böyük şərəf idi. Tədbir iki qardaş xalqın böyük dostluğunun növbəti təsdiqidir. Belə əlamətdar bir gecədə iştirakıma təşəbbüs göstərən Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm. Tədbirdə görkəmli bəstəkarımız Qara Qarayev haqqında bu yaxınlarda çap olunmuş kitabları qardaş dövlətin musiqiçilərinə təqdim etdim. Xalqlarımızın müqəddəs dostluğu heç zaman qırılmayıb. Biz gürcü bəstəkarlarının əsərlərini hər zaman öyrənir və təbliğ edirik. Müasir harmoniya kurslarında gürcü bəstəkarlarından A.Matcavariani, S.Sintsadze, A.Balançivadze, O.Taktakaşvili, B.Azaraşvili və başqalarının harmoniyasını öyrədirik.
Çox şadam ki, konsert proqramında sevimli müəllimim Qara Qarayevin əsərləri səsləndi. Q.Qarayevin 1975-ci ildə A.Matcavariani barədə söylədiyi fikirlər tədbir iştirakçılarında böyük məhəbbət hissi yaratdı. Q.Qarayev demişdir: “A.Matçavariani vokal və instrumental miniatürlərin təbiətini ən ali səviyyədə hiss edir”.
Əsl sənətkarlar heç zaman ölmür, daim yaddaşlarda yaşayırlar. Keçirilən tədbir bir daha bunu sübut etdi.
Lalə Azəri