Moskvalı musiqisevərlər «Qaya» qrupunun gənc solistlərini hərarətlə qarşılayıblar
   
   Oktyabrın 5-də Rusiyanın “Moskonsert” mədəniyyət müəssisəsinin təşkilatçılığı ilə Moskvadakı “Lujniki” idman sarayında “70-80-ci illərin əfsanələri” adlı konsert-çəkiliş keçirilib. Konsertdə Azərbaycanın çox sevilən və məşhur “Qaya“ Dövlət Ansamblı da çıxış edib.
   
   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Moskvaya ezam olunan ansamblın bədii rəhbəri, Əməkdar artist Rauf Babayev səfər təəssüratlarını bizimlə bölüşdü: «Tədbir çox maraqlı, yaddaqalan və uğurlu oldu. Burada ötən əsrin 70-80-ci illərinin populyar qrup və müğənniləri iştirak edirdi. Onların səhnəyə hər çıxışı və ifaları gurultulu alqışlarla qarşılandı. İzləyiciləri illər öncəsinə aparan, nostalji hislər bəxş edən konsertdə Ukrayna, Belarus və digər keçmiş sovet respublikalarının məşhur “Samosvetı”, “Pesnyarı”, “Rondo”, “Veselıye rebyata”, “Miraj”, “Verası”, “Leysya pesnya”, “Karnaval”, “Sinyaya ptitsa”, “Poyuşiye serdça” kimi qrupları, eləcə də sevilən ifaçılardan Svetlana Lazareva, Viktor Saltıkov və başqaları çıxış etdilər. 4000 nəfərlik tamaşaçı zalında əlavə yerlərinin açılmasına ehtiyac yaranmışdı. Bütün iştirakçılar iki retro mahnı oxusa da, “Qaya” üç mahnı ilə çıxış etdi. “Bakının qızları”, “Mən gəzirəm hər yanı”, “Ey həyat, sən nə qəribəsən” mahnılarının nə qədər sevildiyinin və rusiyalı musiqisevərlərin yaddaşına həkk olunduğunun bir daha şahidi oldum. Gənc «Qaya»çıların ifalarının belə hərarətlə qarşılanması məni çox sevindirdi».
   Qeyd edək ki, Rusiyanın “TV-Sentr” kanalının lentə aldığı konsert Yeni il ərəfəsində yayımlanacaq.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar