Deyirlər, istedad Allah vergisidir və o, heç də hər kəsə nəsib olmur. Bu fikirlə qismən razı olsam da, zənnimcə, təkcə istedada güvənməklə məqsədə yetmək olmaz. İstedad zəhmət və iradə ilə birləşdikdə insan dolğun nəticəyə, davamlı müvəffəqiyyətə nail olur. Bundan sonra uğur zənciri yaranır.
   
   Allah vergisi, musiqi sevgisi ilə yanaşı, yaşına xas olmayan özünə tələbkarlığı, zəhmətsevərliyi ilə yaşıdlarından seçilən istedadlı gənclərimizdən biri haqqında söz açmaq istəyirəm. Əslində onun geniş təqdimata ehtiyacı yoxdur. Beynəlxalq müsabiqələr qalibi, gənc skripkaçı, virtuoz ifaçı, əldə etdiyi nailiyyətlərə görə Prezident təqaüdünə layiq görülən, adı gənc istedadların «Qızıl kitabı»na yazılan Kənan Eldəniz oğlu Mayılov 1995-ci ildə Bakıda anadan olub. Bakıdakı 81 saylı orta məktəbin X sinfində təhsil alır. Kiçik vaxtlarından dərin musiqi duyumu ilə fərqlənən Kənan 8 yaşında R.Hacıyev adına 15 saylı Uşaq Musiqi Məktəbinin skripka şöbəsinə daxil olub. İstedadı və bacarığı ilə yaşıdlarından seçilən yeniyetmə hələ II sinifdə oxuyarkən Azad Əliyevin rəhbərliyi, Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə 2 hissəli konsert ifa edib. 2004-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi xor kollektivlərinin respublika müsabiqəsinə qatılan Kənanın adı birincilər sırasında çəkilib.
   Yeniyetmə skripkaçı müxtəlif konsert salonlarında - Rəşid Behbudov adına Mahnı Teatrında, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Qara Qarayev adına Kamera Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində əsərlər ifa edib. Onun repertuarında Q.Qarayev, Niyazi, H.Venyavski, P.İ.Çaykovski, İ.S. Bax, K.Sen-Sans, N.Paqanini, S.Raxmaninov, C.Tartini, F.Mendelson, O.Navacye, V.A.Motsart və s. dünya klassiklərinin əsərləri mühüm yer tutur.
   Kənanın qeyri-adi istedada malik olduğunu görən valideynləri onu Leopold və Mstislav Rostropoviçlər adına 21 saylı Uşaq Musiqi Məktəbinə gətirərək, təcrübəli və qabaqcıl musiqi müəllimi İlhamə Ağayevanın sinfinə yazdırırlar. Həmin ildən Kənan bütün varlığı ilə bu sənətə bağlanır, skripkanın sirlərinə yiyələnməyə başlayır. Heç şübhəsiz, onun sonrakı nailiyyətlər əldə etməsində gərgin əmək, iradə və ən başlıcası, musiqi duyumu, musiqi zövqü mühüm rol oynayıb.
   Virtuoz ifaçı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaranan Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin solistidir. Orkestrin tərkibində müxtəlif dövlət tədbirlərində, Bakıda keçirilən Rostropoviç adına beynəlxalq musiqi festivallarında çıxış edib. Moskvada, Kazanda və digər şəhərlərdə keçirilən mədəniyyət tədbirlərində respublikamızı uğurla təmsil edən Kənan M.O.Qostiner və M.Venqerov kimi dahi musiqiçilərdən ustad dərsləri alıb.
   O, 2009-cu ildə L.M.Rostropoviçlər adına Gənc ifaçıların II Bakı müsabiqəsinin I dərəcəli diplomuna sahib olub. Həmin il məktəblilər arasında keçirilən "Azərbaycan dünyam mənim" yaradıcılıq müsabiqəsinin rayon və şəhər turlarında I yerə, 2010-cu ilin aprelində Təhsil Nazirliyinin keçirdiyi Nazim Əliverdibəyov adına Gənc ifaçıların V ümumşəhər müsabiqəsində I yerə, həmin ilin mayında Mədəniyyət və Turizm Nazirliyinin uşaq musiqi və incəsənət məktəbləri arasında keçirdiyi simli alətlər üzrə II Respublika müsabiqəsində I dərəcəli diploma layiq görülüb. Ümumiyyətlə, 2010-cu il Kənan üçün çox uğurlu olub. O, müsabiqə yolu ilə I və II turları müvəffəqiyyətlə keçərək, musiqi məktəbləri içərisindən yeganə ifaçı olaraq Cənubi Koreyada Beynəlxalq Orkestrlə Azərbaycanı təmsil edib.
   Qazandığı bu uğurlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 17 sentyabr tarixli sərəncamı ilə bir qrup istedadlı gənclə birlikdə adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılmaqla Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb.
   Dövlət başçısının bu yüksək etimadından həvəslənən gənc ifaçı 2011-ci ilin martında Rusiyanın Omsk şəhərində keçirilən Yuri Yankeleviç adına beynəlxalq müsabiqədə də vətənimizi layiqincə təmsil edib. Omsk şəhərinin orqan və kamera musiqi zalında 5 böyük əsərlə çıxış edib. Müsabiqənin prezidenti, dünya şöhrətli musiqiçi Vladimir Spivakov, münsiflər heyətinin sədri A.Brusilovski (Fransa), münsiflər İ.Boçkova (Rusiya), E.Qaretti (İtaliya), Ham Yun Kim (Koreya), A.Muravyov (Rusiya), E.Cukerman (Rusiya) və digərləri Kənanın ifasını çox bəyəniblər. A.Brusilovski Kənanın çox perspektivli və yüksək texnikalı gənc olduğunu vurğulayıb. Gənc skripkaçımız bu müsabiqədən də xüsusi diplom və fəxri fərmanla vətənə qayıdıb.
   Kənan 2011-ci ilin iyununda Mədəniyyət və Turizm Nazirliyinin, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin keçirdiyi Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş müsabiqədə də məharətini göstərərək I dərəcəli diploma layiq görülüb.
   İfaçının hələlik son uğuru isə bu günlərdə ölkəmizdə reallaşan böyük musiqi bayramı - Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş III Beynəlxalq musiqi festivalı ilə bağlıdır. Festivalda «Gəncliyin səsi» layihəsi çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində solo konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini məharətlə ifa edən Kənan tamaşaçıların alqışlarını qazanıb.
   Həyatının mənasını sənətdə, musiqidə tapan ifaçı ona göstərilən qayğıdan söz düşəndə, ilk növbədə, ölkə Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevaya minnətdarlığını bildirir və ona verilmiş Prezident təqaüdçüsü adını doğruldacağını deyir.
   Kənanın ən böyük arzusu gələcəkdə xaricdə təhsilini davam etdirmək, adının dünya şöhrətli musiqiçilərin sırasında çəkilməsinə nail olmaq və Azərbaycana layiqli bir vətəndaş kimi öz borcunu yerinə yetirməkdir. Bunun üçün də o, var qüvvəsi ilə, əzmlə çalışır. Əlbəttə ki, bu arzuların gerçəkləşməsində təhsil aldığı məktəbin pedaqoji kollektivinin də böyük əməyi var.
   
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar