Ölkənin suverenliyi sənət həyatında da yeni səhifələr açdı
XX əsr Azərbaycan musiqisinin tarixində mühüm mərhələlərlə yadda qalıb. Məhz bu dövrdə ölkəmizdə yüksək peşəkarlığı ilə, orijinal üslubu ilə seçilən bəstəkarlıq məktəbi yarandı. Azərbaycan musiqisi dünya professional musiqi mədəniyyətinə qovuşdu. Bununla yanaşı ötən əsrin tarixi-siyasi hadisələri mədəniyyətə, o cümlədən musiqi sənətinə də təsirsiz ötüşmədi. 70 illik sovet rejiminin süqutu, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi milli musiqimizin inkişafında yeni səhifə açdı.
Ölkəmizdə keçirilən festivallar, musiqiçilərimizin müxtəlif layihələrdə iştirak etməsi Azərbaycan musiqisinin dünya miqyasına çıxmasına əlavə imkanlar yaratdı.
Azərbaycan mədəniyyətinin nadir incisi olan muğamın dünyada təbliği, dövlətin bu istiqamətdə gördüyü işlər, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələr milli musiqimizin zənginləşməsinə xidmət edir.
Bəstəkarlar İttifaqının sədri, professor, Xalq artisti Firəngiz Əlizadənin sözlərinə görə, müstəqillik dövründə Azərbaycan mədəniyyəti, o cümlədən musiqi sənəti əlamətdar inkişaf yolu keçib:
- Azərbaycan musiqisi hər zaman mədəniyyətimizin ən güclü tərəfi olub. Ötən 20 ildə keçdiyimiz yolu yenidən nəzərdən keçirdikdə görürük ki, həqiqətən də musiqimiz artıq beynəlxalq səviyyəyə çıxıb, özünün layiq olduğu dəyəri alıb. Buna misal olaraq Bakıda və regionlarımızda keçirilən beynəlxalq səviyyəli musiqi tədbirlərini qeyd edə bilərik. Musiqimizə verilən yüksək dəyərin bariz nümunəsi ulu öndər Heydər Əliyevin sərəncamı ilə dahi Üzeyir Hacıbəylinin doğum gününün - 18 sentyabrın musiqi bayramı kimi qeyd olunmasını göstərə bilərik. Üzeyir bəyin xatirəsinə həsr olunan və artıq ənənə halını alan beynəlxalq festival, Rostropoviç adına beynəlxalq festival, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi, Qəbələdə keçirilən ənənəvi musiqi festivalı Azərbaycan musiqisinin dünyaya tanıdılmasına mühüm töhfə verən tədbirlərdir. Bu mənada Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələri xüsusi qeyd etmək istərdim. Ölkənin birinci xanımının təşəbbüsü ilə muğam və aşıq sənətimizlə bağlı dünya miqyasında tədbirlər gerçəkləşdi, musiqisevərlər fərqli və gözəl sənət incilərimizi alqışladılar. Beynəlxalq elmi simpozium və konfranslarda Azərbaycan muğamı və qədim ozan sənəti barədə geniş məlumatlar verildi, ardıcıl olaraq layihələr həyata keçirildi. Təbii ki, bütün bunların nəticəsi olaraq Azərbaycan muğamı, aşıq sənəti UNESCO tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Bakıda reallaşan beynəlxalq festival dünyanın muğam bilicilərini, ifaçılarını Azərbaycana, muğamın ocağına topladı. Festival çərçivəsində dünyanın məşhur ifaçılarının Azərbaycan səhnəsində çıxış etmələri böyük musiqi hadisələridir.
Bu mənada xaricdə keçirilən tədbirləri, konsertləri də göstərmək olar. Heydər Əliyev Fondunun dünyanın ən məşhur və mötəbər konsert salonlarında keçirdiyi zəngin proqramlı konsertlər, «Leyli və Məcnun» operasının 100 illiyi ilə bağlı tədbir, gənc və yeniyetmə ifaçıların təqdimatında «Azərbaycan mələkləri»nin konserti və digər böyük tədbirlər fərəhləndirici hadisələrdir.
Bəstəkarlar İttifaqı da həmişə musiqi hadisələrinin təşəbbüskarı kimi çıxış edib və etməkdədir. Biz göstərilən diqqət və qayğıdan, mədəniyyətimizin yüksək səviyyədə təqdimatından ruhlanaraq bu işləri daha əzmlə görməyə hazırıq. Ona görə də 2009-cu ildə təmir və bərpa işlərindən sonra daha möhtəşəm görkəm alan bəstəkarların doğma evində daha əzmlə çalışır və yeni əsərlər yaradırıq. Konsert salonumuzda daim musiqi səslənir, təqdimatlar, anım gecələri, konsertlər keçirilir. Sənətə və sənətkara verdiyi yüksək dəyərə görə ölkə prezidentinə, Heydər Əliyev Fondunun rəhbəri kimi mədəniyyətimizə hamilik edən Mehriban xanım Əliyevaya, Mədəniyyət və Turizm Nazirliyinə dərin təşəkkürümüzü bildiririk.
Müasir dövrdə gedən qloballaşma və inteqrasiya prosesləri sayəsində ölkələr arasında olan sədlər götürülür, mədəni dialoq imkanları genişlənir. Son illər bu imkanlardan istifadə edən Azərbaycan bəstəkarlarının bir sıra nüfuzlu beynəlxalq festivalların iştirakçısı olduğunu xatırladan Azərbaycan Milli Konservatoriyasının rektoru, professor, Xalq artisti Siyavuş Kərimi sənət nümunələrimizin dünyanın ən məşhur konsert salonlarında səslənməsini musiqimizin zəfəri hesab edir:
- Azərbaycan mədəniyyəti haqqında danışarkən, təbii ki, onun tacı olan musiqi janrını xüsusilə qeyd etmək istərdim. Fəxrlə deməliyəm ki, dünyada beş gözəl musiqi mədəniyyəti varsa, onlardan biri də Azərbaycan musiqisidir. XX əsrdə Azərbaycan musiqisi özünün zirvəsinə yüksəldi. Biz bununla çox böyük qürur duyuruq. Əlbəttə ki, müstəqilliyin bərpasından sonra Azərbaycan musiqi mədəniyyəti intibah dövrünü yaşamağa başladı. Çünki sovetlər birliyi zamanı musiqi müəyyən qəliblərdə və çərçivələrdə təqdim olunurdu. Dövlət müstəqilliyimizin bərpası ilə mədəniyyətimiz də dünyaya daha geniş çıxış imkanı əldə etdi. İlk vaxtlar bu siyasəti sistemli şəkildə həyata keçirmək o qədər də asan deyildi. Çünki ölkə müharibə şəraitində idi, böhran içində idi. Çox sevinirəm ki, bu problemlər tədricən öz həllini tapdı. Azərbaycan musiqisinin əsas sütunlarından olan muğam mədəniyyəti özünə böyük dəstək qazandı və bununla bağlı dəyərli layihələr hazırlandı. Xüsusilə muğama həsr olunmuş layihələr təqdirəlayiq addımlardır. Azərbaycan muğamının təntənəsi, onun UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi müstəqilliyimizin bərpasından bu yana keçilən yolun nəticəsi, böyük qələbəmizdir. Bütün bunların nəticəsi olaraq Azərbaycanda müxtəlif beynəlxalq musiqi festivallarının keçirilməsini, ölkəmizin sənət, musiqi mərkəzi kimi nüfuz qazanmasını da fəxrlə qeyd etmək istərdim. «Eurovision» kimi nüfuzlu musiqi yarışında qalib olmağımız yenidən dünyanın diqqətini ölkəmizə yönəltdi. Bu da musiqimizin, mədəniyyətimizin zəfəridir. Əlbəttə ki, bütün bunlar Azərbaycanın çox bacarıqlı və istedadlı musiqiçilərinin səyi, milli musiqimizə böyük dövlət dəstəyinin nəticəsində meydana gəlib.
Bu mənada mədəniyyətimizə hamilik edən Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. İnanıram ki, dövlətimizin bu sahədə həyata keçirdiyi mədəniyyət siyasəti yaxın gələcəkdə Azərbaycan musiqisini daha yüksək zirvələrə aparıb çıxaracaq, musiqimiz dünyada daha geniş şəkildə tanınacaq, qiymətləndiriləcək.
Həmidə Nizamiqızı