Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production” şirkətinin təşkilatçılığı ilə keçirilən ənənəvi Bakı Beynəlxalq Caz Festivalı davam edir. Festivalın proqramına uyğun olaraq oktyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Cəmil Əmirovun “Savab” qrupu geniş konsert proqramı ilə çıxış edib.
Qrupa Ruslan Hüseynov (bass), Mircavad Cəfərov (ud), Elvin Bəşirov (zərb), Kamran Kərimov (nağara) daxildir. “Savab” caz qrupu fyujn, başqa sözlə desək, milli melodiya strukturunun elementləri ilə caz-rokun sintezini ifa edir. Cəmil Əmirov Azərbaycan milli folklorunun ritm və melodiyalarını Amerika caz təfəkkürü ilə birləşdirərək nəticədə etno-cazın bir cərəyanını yaradıb. Konsert böyük maraqla qarşılanıb.
Həmin gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Prezident təqaüdçüsü İsfar Sarabski geniş musiqi proqramı təqdim edib. Onu basda Makar Novikov, zərb alətlərində Aleksandr Maşin müşayiət edib. Konsertdə İohan Sebastyan Baxın “Hava”, Astor Piazzollanın “Oblivion”, Vaqif Mustafazadənin “Düşüncə” və s. əsərlər səslənib.
Beynəlxalq Montre (İsveçrə) caz müsabiqəsinin qalibi İsfar Sarabskinin çıxışı alqışlarla qarşılanıb.
Oktyabrın 25-də festivalın proqramına uyğun olaraq Beynəlxalq Muğam Mərkəzində əvvəlcə Azərbaycanlı cazmen Əfqan Rəsul, sonra Rain Sultanov çıxış edib.
Oktyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkar və pianoçu, Azərbaycanın Xalq artisti Rafiq Babayevin anadan olmasının 75 illiyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək. Azərbaycanda cazın inkişafına böyük töhfə vermiş, gənc istedadlı musiqiçilər pleyadası yetişdirmiş böyük sənətkar, gözəl insan Rafiq Babayev 1994-cü ildə Bakı metrosunda törədilmiş terror aktı nəticəsində həlak olub.