O, sənəti bütün parıltılarından uzaq məhəbbətlə sevir
   
   “Sənət, musiqi təmənnasız, özü də böyük ehtirasla sevildikdə səni sevir və sevdirir. Ondan nəsə umduqda, şöhrət qapısı kimi baxdıqda adın onun işığına gələn min, milyon adların sırasında elə sıradan biri kimi qalacaq. Ona görə də sənəti sadəcə sevmək və onun uğrunda mütləq fədakarlıqlar etmək, gecəni-gündüzə calayaraq yorulmadan, usanmadan, ruhdan düşmədən çalışmaq lazımdır. O zaman sənətin şöhrəti səni tapacaq. Mən hər zaman buna inanmışam. Ona görə də həmişə yaşıma görə çətin, mürəkkəb əsərlərlə çıxmışam səhnəyə. Və xoşbəxtəm ki, özümü saldığım bu çətinlikdən məni məhz sənət, musiqi xilas edib».
   
   Gənc və istedadlı skripkaçı Kamran Ömərlinin bu sözləri onun sənət yolunu, göstərdiyi zəhmətsevərliyi, əzmkarlığı bariz şəkildə ifadə edir. O, 2006-cı il Respublika müsabiqəsinin laureatı (II yer), 2009-cu il M.Rostropoviç adına birinci Bakı şəhər müsabiqəsinin laureatı (I yer), 2009-cu il "Azərbaycan - dünyam mənim" musiqi yaradıcılıq müsabiqəsinin birincisi olub. 2010-cu ildə gənc skripkaçıların II Respublika müsabiqəsində I yeri tutub.
   Onun beynəlxalq müsabiqələrdəki nailiyyətləri də yetərincədir. Litvada keçirilən "Kaunas-2010" gənc musiqiçilərin XIX Beynəlxalq festivalında diploma layiq görülüb. Kamran bu beynəlxalq festivalın təntənəli bağlanışında Litva Dövlət Simfonik Orkestrinin müşayiəti və dirijor Modestas Riternasın rəhbərliyi ilə Çaykovskinin əsərlərini çox böyük uğurla ifa edib. Konsert zamanı əfsanəvi skripkaçı və musiqiçi, dirijor Sandetski Kamranın ifasını çox bəyənir və ona master (ustad) skripka alınmasını tövsiyə edir. Daim gənc istedadları dəstəkləyən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu istedadlı gənc ifaçı üçün İtaliyanın Kremons şəhərindən skripka alınır. Skripka mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva tərəfindən ona şəxsən təqdim olunur. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin balansında olan bu çox dəyərli musiqi alətində ifadan böyük zövq aldığını bildirən gənc ifaçı ona göstərilən etimadı doğrultmaq üçün daha şövqlə çalışacağını deyir.
   Digər istedadlı gənclər kimi, Kamran da daim dövlətimizin diqqət və qayğısını hiss edib. Ölkə prezidentinin 17 sentyabr 2010-cu il tarixli sərəncamına əsasən, xüsusi təqaüdə layiq görülüb, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb.
   Qəhrəmanımız Nazim Əliverdibəyov adına gənc İfaçıların V Ümumşəhər müsabiqəsində də (2010) Qran-Pri mükafatına layiq görülməklə növbəti dəfə öz istedadını nümayiş etdirib. Ötən ilin dekabrında Bakıda keçirilən IV Beynəlxalq Mstislav Rostropoviç festivalında daha bir uğur qazanıb. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə 4 klassik əsərlə çıxış edən Kamranın ifası münsiflər heyəti tərəfindən heyranlıqla qarşılanır.
   Hazırda Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin XI sinfində oxuyan Kamranın hələlik son beynəlxalq uğuru bu yaxınlarda Polşada keçirilən H.Venyavski adına skripkaçıların XIV müsabiqəsində məharətli ifasına görə xüsusi prizə layiq görülməsidir. Kamran dünyanın məşhur skripka ifaçılarının toplaşdığı tədbirdə Azərbaycanı məharətlə təmsil edə bilib.
   Onu da qeyd edək ki, gənc musiqiçinin bu mötəbər musiqi tədbirinə qatılmasının da maraqlı tarixçəsi var. 2010-cu ilin iyununda məşhur musiqiçi Maksim Vengerov ölkəmizdə olarkən Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Kamrana qulaq asıb və ifasını yüksək qiymətləndirərək onun Polşada keçiriləcək müsabiqənin seçim turunda iştirak etməsi üçün təqdimat yazıb.
   Gənc skripkaçının ifa özəlliyinə heyran qalan Maksim Vengerov gənc ifaçını daim diqqətdə saxlayır, hətta onunla bir səhnədə çıxış edir. Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli adına III Beynəlxalq musiqi festivalının təntənəli bağlanışı mərasimində məşhur dirijor Kamranla bir səhnəni paylaşıb.
   
   H.Rüstəmova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar