«Sarı gəlin» bu dəfə mərakeşli müğənninin ifasında səsləndi
   
   Musiqinin dili olmur deyənlər həqiqətən də yanılmırlar. Ecazkar səs-səda dinindən, irqindən, dil və mənsubiyyətindən asılı olmayaraq hər kəsi özünə ram edə bilir. Müasir dünyanın müxtəlif dilli, müxtəlif maraqlı insanları yalnız musiqi dili ilə anlaşa, ünsiyyət qura bilirlər. Mərakeş Mədəniyyəti Günləri çərçivəsində düzənlənən konsert proqramı bunu bir daha təsdiq etdi.
   
   Noyabrın 12-də yeni təmirdən çıxan R.Behbudov adına Dövlət Mahnı Teatrının çilçıraqlı zalını dolduran musiqisevərlər ecazkar sənət aləminə düşdülər. Milli musiqi alətlərinin çoxçalarlığı, ümumilikdə ərəb musiqisinə xas oynaq ritm, ifaçıların bəlağətli səsi, rəqqasların qeyri-adi hərəkətləri tamaşaçılara xoş anlar yaşatdı.
   Mərakeş nümayəndə heyətinin, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin, eləcə də ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirliklərinin təmsilçilərinin, millət vəkillərinin iştirak etdiyi konsert proqramı maraqla qarşılandı.
   Mərakeşli incəsənət ustalarının rəngarəng çıxışları alqışlarla müşayiət olundu.
   Mərakeşdə əsasən milli mahnıların ifaçısı kimi məşhur olan Samirə Belhajın həzin, geniş diapazonlu səslə təqdim etdiyi ərəb musiqi incilərindən sonra Azərbaycanın məşhur xalq mahnısı «Sarı gəlin»i ifa etməsi xüsusilə sürəkli alqışlar doğurdu.
   Tamaşaçılar mərakeşli rəqqasların təqdim etdikləri rəqs nümunələrini də maraqla seyr etdilər.
   Konsert sonrası səhnə arxasında təəssüratlarını bizimlə bölüşən mərakeşli ifaçılar Azərbaycanda olmalarından böyük məmnunluqla danışdılar, insanlarımızın qonaqpərvərliyini xüsusilə vurğuladılar.
   Azərbaycan musiqisinə heyran qaldığını deyən «Sarı gəlin»in mərakeşli ifaçısı Samirə Belhaj ümumilikdə hər iki ölkənin mədəniyyətində, musiqisində oxşarlığın olduğunu bildirdi. Heyran qaldığı vətənimizə bir mahnı da həsr edəcəyini dedi: «Azərbaycanın mədəniyyətini, xüsusən musiqisini çox sevdim, bu zəngin, rəngarəng, dolğun musiqiyə sadəcə heyran qaldım. Burda olmamdan çox məmnunam. İnsanlarınız çox sadə, qonaqpərvər və işgüzardırlar. Bizə göstərilən münasibətə görə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin simasında hər kəsə dərin təşəkkürümü bildirirəm».
   «Sarı gəlin» xalq mahnısının həzin, gözəl musiqisinin onu ofsunladığını deyən ifaçı bu mahnı üzərində daha çox işləyərək musiqi albomuna daxil edəcəyini də dedi: «Bu mahnı mənim Azərbaycan musiqisi, Azərbaycan dili ilə ilk tanışlığım oldu. Mahnı və onun gözəl musiqisi məni sadəcə heyran etdi. Əslində bizdə türk mahnıları çox sevildiyindən konsertlərimdə türk musiqilərinə yer verirəm. Amma sırf Azərbaycan dilində, sizin ləhcənizdə ifam yox idi. Ölkəmizə qayıtdıqdan sonra öz milli alətlərimizin müşayiəti ilə «Sarı gəlin» mahnısını studiyada yazdıraraq həm növbəti albomuma daxil edəcəyəm, həm də konsertlərimdə böyük məmnuniyyətlə oxuyacağam. Düşünürəm ki, musiqidə bizi birləşdirən görünən və görünməyən çox əlaqələr, oxşarlıqlar var. Elə buna görə də Azərbaycan və Mərakeş motivləri əsasında bir mahnı bəstələməyi də düşünürəm».
   Müğənni həmkarının fikirlərini davam etdirən digər mərakeşli ifaçı Saad Ləmcərred də ölkəmizdən heyranlıqla danışdı. Nyu-Yorkda yaşayan və təhsil alan müğənni Azərbaycanı çox müasir və inkişaf edən ölkə kimi xarakterizə edərək burada olmasından məmnunluq ifadə etdi. Ölkəmizi Şərqlə Qərbin təmas nöqtəsi, mədəni dialoqun mərkəzi adlandıran gənc ifaçı mədəniyyət və musiqimizin oxşarlığından danışdı: «Sizin musiqiniz zəngindir, çoxçalarlıdır. İfaçı bu dərin dəryaya qərq olaraq buradan çox şey öyrənə bilər. Sizin mahnı və muğamlarınız müğənniyə geniş imkanlar açır, onu sintezdə təqdimetmə izni verir. Mən müasir musiqi janrları ilə milli musiqiləri sintezdə təqdim etsəm də muğamı çox sevir və tez-tez ifa edirəm».
   Azərbaycanda ilk dəfə olmasına baxmayaraq musiqi və mədəniyyətimiz haqqında məlumatlı olduğunu bildirən qonaq Mərakeşdə Azərbaycan muğam ifaçılarının tanındığını da diqqətə çatdırdı: «Muğam elə bir musiqi janrıdır ki, o istənilən tamaşaçı auditoriyasının qulağına yata, onu öz aləminə apara bilir. Mərakeşdə Azərbaycanın məşhur muğam ifaçısı Alim Qasımovu daha çox sevir və tanıyırlar. Amma ümumilikdə musiqiçilərimiz sizin mahnıları bilir və oxuyurlar. Mədəniyyətlərimiz oxşar olduğundan insanlarda da bu musiqilərə maraq oyanıb».
   Milli musiqi və muğamları sintezdə təqdim edərək bir sıra Avropa dövlətlərində də konsertlər verən Saad Ləmcərred gələcəkdə repertuarına Azərbaycan mahnısını da daxil edəcəyini bildirdi.
   
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar