Mənsum İbrahimov: “Azərbaycan mədəniyyətini uğurla təmsil etdiyimizə görə çox xoşbəxtəm”
   
   Xəbər verdiyimiz kimi, oktyabrın 26-dan 30-dək Danimarkanın paytaxtı Kopenhagendə keçirilən WOMEX (World Music Expo) dünya musiqi sərgisində ölkəmiz ilk dəfə təmsil olunub.
   
   Bu nüfuzlu dünya musiqi sərgisində ölkəmizi, tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov və “Qarabağ” muğam qrupu - əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Nizami Allahverdiyev (balaban) və nağara ifaçısı Kamran Kərimov təmsil edib.
   Xatırladaq ki, bu il WOMEX dünya musiqi sərgisində iştirak etmək üçün dünyanın ayrı-ayrı ölkələrindən rekord həddə - ümumilikdə 750 ərizə daxil olub və yalnız 30 ölkə iştirak etmək hüququ qazanıb ki, bu ölkələrdən biri də Azərbaycandır.
   Azərbaycan musiqisinin dünyadakı daha bir uğuru barədə Xalq artisti Mənsum İbrahimov ətraflı məlumat verdi:
   - World Music Expo - beynəlxalq etnik musiqi sərgisi 20 ilə yaxındır ki, Avropanın müxtəlif ölkələrində keçirilir. Ancaq buna baxmayaraq bu sərginin mərkəzi Berlin şəhərindədir. Sərgini keçirməkdə məqsəd dünya musiqisinə aidiyyəti olan müğənni, bəstəkar, prodüser və bu sahədə çalışan bütün insanları birləşdirmək, musiqi mədəniyyətlərini bir araya gətirməkdir. Əgər Avropanın məşhur kino festivalı Kann sayılırsa, musiqi sahəsi də WOMEX-in adı ilə bağlıdır.
   Odur ki, biz də bu festivalda iştirak etmək qərarına gəldik.
   WOMEX çox önəmli bir festivaldır. Seçimə daxil edilən disklər araşdırılır və jüri tərəfindən qəbul olunan musiqi qrupları festivala dəvət olunur. Biz də musiqilərimizi disklə əvvəlcədən göndərdik və 6 ay bundan öncə bizə təşkilat komitəsi tərəfindən məktub gəldi ki, biz özümüzü çox xoşbəxt hiss edirik ki, siz bu festivalda təmsil olunursunuz.
   Beləliklə, biz bu festivalda iştirak etdik. “Qarabağ” muğam qrupunun çıxışı oktyabrın 29-da ən böyük salonlardan birində oldu. Çıxışımızdan əvvəl tanınmış telejurnalist Emin Musəvi səhnəyə çıxıb Azərbaycan haqqında, muğamlarımız, musiqimiz barədə iştirakçılara ətraflı məlumat verdi. Bizə 45 dəqiqə vaxt ayrılmışdı. Biz “Şahnaz” muğamından bir kompozisiya hazırlamışdıq, xalq mahnılarını və sonda “Qarabağ” mahnısı və “Qarabağ şikəstəsi”ni ifa etdik. Çıxışlarımız yüksək səviyyədə qarşılandı. İlk dəfə bu festivalda təmsil olunduğumuz üçün bir azərbaycanlı vətəndaş kimi özümü çox xoşbəxt hiss elədim ki, Azərbaycan musiqisini, mədəniyyətini uğurla təmsil elədik. Bu uğurda “Qarabağ” muğam qrupunun hər bir üzvünün öz əməyi var, çünki xüsusi bir proqram hazırlamışdıq.
   WOMEX-in konsert müdiri Aleksander Valter çıxışımıza yüksək qiymət verdi. Konsertimiz başa çatandan sonra bizə məlumat verdilər ki, zalda oturan danimarkalı tamaşaçılardan biri yaxınlaşaraq azərbaycanlı tamaşaçılarının əlindəki bayrağın qarşısında baş əyib və deyib ki, sizin çox böyük millətiniz var ki, belə zəngin musiqiyə sahibsiniz. Təbii ki, bu Azərbaycan musiqinə verilən ən böyük qiymətdir.
   Konsertdən sonra tamaşaçılar mədəniyyətimizlə bağlı maraqlı suallar verdilər, musiqimizi çox bəyəndiklərini bildirdilər.
   Oktyabrın 30-da isə “Vətən” cəmiyyəti və onun rəhbəri Səfər Sadiqinin təşəbbüsü ilə Danimarkada yaşayan azərbaycanlılarla görüş oldu. Danimarkalıların, habelə İsveçdə, Böyük Britaniyada, Cənubi Azərbaycanda yaşayan həmyerlilərimizin iştirakı ilə keçirilən görüşdə biz də bir neçə musiqi nömrəsi ilə çıxış etdik.
   Ümumiyyətlə WOMEX dünya musiqi sərgisi 2 istiqamətdə təşkil olunur. Dünyanın bütün qitələrindən gələn təmsilçilər konsertlərdə öz ölkələrinin musiqi mədəniyyətini nümayiş etdirməklə yanaşı sərgidə müxtəlif prodüser şirkətləri, prodakşn kompaniyaları və musiqiyə aidiyyəti olan digər qruplar öz stendlərini təqdim edirlər. Artıq biz orada olarkən 10 ölkədən dəvət aldıq.
   Onu da qeyd edim ki, WOMEX dünya musiqi sərgisi 2012-ci ildə Yunanıstanda keçiriləcək. Və çox istəyirəm ki, Azərbaycan hər il bu festivalda təmsil olunsun və milli musiqimiz dünyaya yayılsın.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar