İsveçin paytaxtı Stokholmda keçirilmiş II Beynəlxalq “Rondo” musiqi festivalında G.Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbinin fortepiano şöbəsinin şagirdi, 12 yaşlı Nəriman Əmiraslanov da iştirak edib. Məktəbin direktoru, Əməkdar müəllim Yusif Vəliyev bildirib ki, iki turdan ibarət festivalda İsveç, Rusiya, Polşa, Almaniya, Türkiyə, Serbiya və Tatarıstandan gəlmiş gənc musiqiçilər fortepiano, simli-nəfəs alətləri və vokal ixtisasları üzrə üç yaş qrupunda mübarizə aparıblar.
12-15 yaş qrupunda iştirak edən Azərbaycan təmsilçisi N.Əmiraslanovun birinci turda ifa etdiyi əsərlər sırasında Q.Qarayevin iki pyesi, xüsusən də “Unudulmuş vals” əsəri münsiflərin diqqətini cəlb edib. Münsiflərin yekdil qərarı ilə Nəriman Əmiraslanov festivalın II dərəcəli diplomuna layiq görülərək, qala-konsertdə Qara Qarayevin pyeslərini ifa edib.
Münsiflər heyətinin üzvü Natalya Kazimirovskayanın diqqətini cəlb etmiş gənc Azərbaycan ifaçısı onun tərəfindən xüsusi mükafata, İsveç Konservatoriyasının professorundan ustad dərslərini almağa və 2012-ci ildə İsveçdə keçiriləcək növbəti müsabiqəyə dəvət olunub.
Qeyd edək ki, bu ilin martında Nəriman Əmiraslanov Estoniyada keçirilən İ.Bax adına gənc pianoçuların IV Beynəlxalq müsabiqəsində I dərəcəli diploma layiq görülmüşdü.