Ey həyat, sən nə qəribəsən...
Hər kəs doğulduğu torpağı, “Vətən” deyə bağrına basdığı ölkəni bir ayrı məhəbbətlə sevir, ruhunda, qəlbinin dərinliklərində ona özünəməxsus sədaqət göstərir. Onu anlaya bildiyi, hiss etdiyi qədər tərənnüm edir. Yəqin elə hər birimizin qəlbindəki ana vətən, doğma şəhər, tanış simalar, sevimli həmvətənlər... bölgüləri də buradan qaynaqlanır. Hər halda bizi əhatə edən aləm və o aləm içindəki dünyamızın öz sevgisi, öz nəğməsi və öz poetikası var. Bu anlamda «Ey həyat, sən nə qəribəsən» tandemindəki qəribə həyatın qərib sakinləri olaraq o mənəvi dünyamıza yaxın buraxdığımız, məhrəm saydığımız «öz»lərimizin içərisində bir «Qaya» adı da var.
Ötən əsrin poeziya ilhamlı, sənət dilli, musiqi ladlı Bakısında yeni yaradıcılıq ruzigarı əsdi və o insanların qulağına yeni səs-səda, xoş avaz gətirdi. Bu avaz gah coşan, çağlayan, gah da sakit görünümlü, dərin xəyallı Xəzərin sevgi ilə qucduğu şəhərin yeni simasına çevrilən «Qaya»nın səsi idi. Bu ad qısa zamanda sənət səmasında ulduz kimi parlamağa başladı. Bir az romantik, bir az həlim, bir az da çılğın, lakin qəlbləri sənət eşqli 4 gənc o vaxtkı SSRİ-nin musiqi simasına çevrildilər.
Almanı atdım xarala
1956-cı ildə o vaxtkı A.Zeynallı adına Musiqi Məktəbində təhsil alan 4 istedadlı tələbə, xor dirijorları Teymur Mirzəyev və Arif Hacıyev, zərb alətləri üzrə ifaçı Rauf Babayev və nəfəs alətlərindən truba ifaçısı Lev Yelisovetski bir araya gələrək qrup yaratdılar. Çoxsəsli oxu vurğunu olan bu dördlük xalq və bəstəkar mahnılarına gətirdikləri yeni ifa üsulu və improvizələri ilə qısa zamanda populyarlıq qazandılar. SSRİ miqyasında keçirilən müsabiqələrə qatılmaqla Azərbaycan musiqisini layiqincə təmsil etdilər, Ümumittifaq Estrada Musiqisi Müsabiqəsində birinci yeri qazandılar. Və elə bundan sonra ittifaqın musiqi həyatında yeni hadisəyə çevrilərək şöhrət nərdivanlarını sürətlə qalxmağa başladılar. Və 1972-ci ildə Azərbaycan SSR Nazirlər Soveti və Mədəniyyət Nazirliyinin qərarı ilə “Qaya”ya Dövlət Ansamblı statusu verildi.
80-ci illərdə ansambl böyüyərək “Qaya” Dövlət Estrada-Simfonik Orkestrinə çevrildi. 100-dən artıq musiqiçini bir araya gətirən bu heyətin tərkibində kamera orkestri, rok qrupu, caz-xor və solistlər vardı. Ansamblın sənətkarlığı və professional musiqimizdə tutduğu yer dünya şöhrətli musiqiçilər Qara Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev, Tofiq Quliyev, Mstislav Rostropoviç, Qalina Vişnevskaya, Murad Kajlayev və başqaları tərəfindən yüksək qiymətləndirilib.
Mən gəzirəm hər yanı
...O vaxtlar hələ «Qaya» yox idi. Onlar sadəcə olaraq Rauf Hacıyevin rəhbərliyi ilə Dövlət Estrada Orkestrinin vokal kvarteti kimi çıxış edirdilər. Bir müddət sonra orkestrdən ayrılaraq mərhum Rafiq Babayevin rəhbərlik etdiyi caz ansamblıyla birləşən kvartet gənc bəstəkar Murad Kajlayev tərəfindən Mahaçqalaya dəvət olunur və burada indiyədək fəaliyyət göstərən məşhur «Unib» ansamblını yaradırlar. 1964-cü ildə Bakıya qayıdan dördlük vokal kvarteti kimi yenidən pərəstişkarlarının qarşısına çıxır.
«Qaya» elə o vaxtdan Dövlət Konsert Birliyinə və ittifaqın musiqi orkestrlərinə dəvətlər aldı, Mərkəzi Televiziyanın ən maraqlı proqramları və bayram konsertləri «Qaya»sız ötüşmədi. «Ey həyat, sən nə qəribəsən» şüarı ilə dünyanı qarış-qarış gəzən sənətçilər müxtəlif dinli və dilli insanlara «Azərbaycan diyarından, Koroğlunun Nigarından sizə salam, sizə salam gətirmişəm...» nidasıyla milli kimliyimizi, sənət simamızı nümayiş etdirə bildilər. Beləcə 30 il Azərbaycan musiqi mədəniyyətinə xidmət edən «Qaya» zamanının sənət kitabına öz adını qızıl hərflərlə yazdı.
Mən səni anaram...
Yüksək estetikanın nümayişçisi olan kvartet bunu bütün ifa və rəqslərində, geyim və saç düzümlərində, mimika və jestlərində qorumaqla bir tamlıq nümayiş etdirə bilirdi. Onların kino lentlərinin yaddaşına köçən ifalarına tamaşa edərkən heyranedici eyniyyət, ardıcıllıq və harmoniyanın şahidi olursan. Sanki 4 fərqli insan birləşərək bir bədənə, ruha çevrilmişdir. Vizual olaraq çox maraqlı və baxımlı olan bu işin arxasında təbii ki, böyük və ciddi iş dururdu. Əks halda buna nail olmaq mümkün deyildi. Bu mənada dostları qrupun daha yaşlısı, başbiləni, həzin səsli Arif Hacıyevin əməyini yüksək qiymətləndirirlər. Xatirələrlə dolu ömrü tez-tez vərəqləyən dostlar Əməkdar artist Arif Hacıyevsiz keçən illəri şirin, xoş xatirələrlə doldurmağa çalışırlar.
Təqdim olunan hər mahnıda ayrı bir aləm yaratmaq məqsədi ilə yorulmadan məşq edən, hər xırdalığın üstündə saatlarla, günlərlə əsən dostlar buna görə ciddi mübahisələr də edər, fikir ayrılıqlarına gətirib çıxaracaq məqamları ortaya atarmışlar. Gərgin keçən məşq prosesindən sonra effektli nəticəyə sevinən dördlük sonradan hər şeyi unudaraq üzlərinə qonan xoş təbəssümlə barışıqlarını nümayiş etdirərmişlər. Dostların növbəti görüşü də bu xatirələrlə dolu illərə səyahətlə yadda qaldı, hər kəlmə, hər xatirə Arif Hacıyevin adı ilə çözələndi.
Sən danışanda
Keçmişə səyahət olan təəssüratlar onları illər öncənin xoş anlarına aparır. Hər detalı əziz xatirəyə çevrilən günlər, illər söz-söz dillənir.
Xalq artisti Teymur Mirzəyev: «Biz dörd dost Konservatoriyanın tələbələri olaraq çoxsəsli oxumağa vurulmuşduq. Ona görə də gah Konservatoriyada, gah Bəstəkarlar İttifaqında, gah da Filarmoniyada bir araya gəlib gecə-gündüz oxuyur, məşq edirdik. Kiminsə bizə mane olmaması, bəlkə də görməməsi üçün sinfin qapısını da bağlayırdıq. Sonra səs-səsə verib oxuyurduq. Xalq və bəstəkar mahnılarından ibarət repertuarımıza daxil olan hər bir musiqi nömrəsi üzərində günlərlə məşqlər edir, nə isə yeni elementlər qatmaq üçün səy göstərirdik. Bir müddətdən sonra o vaxtkı mədəniyyət naziri Rauf Hacıyev bizi yanına çağıraraq Moskvadakı Ümumittifaq Estrada Musiqisi Müsabiqəsində iştirak edəcəyimizi bildirdi. Müsabiqəyə iki həftə vaxt qalırdı. Biz böyük həyəcanla gecə-gündüz məşqlər edir, həyəcandan içimizi yeyirdik. Yalnız birinci turdan sonra anladıq ki, hər şey öz qaydasındadır».
Xalq artisti Rauf Babayev: «Teymur müsabiqədən söz açdı, yadıma bir məqam düşdü. Təsəvvür edin, biz Moskvada ciddi şəkildə məşqlər edirik. Sonra müsabiqəyə bir gün qalmış az da olsa dincəlmək üçün şəhərə çıxdıq. Bu an gözüm «Nefçi» və «Torpedo» futbol komandalarının oyunu ilə bağlı elana sataşdı və birdən «Uşaqlar, «Neftçi» uduzsa, demək biz də uduzacağıq» sözləri çıxdı ağzımdan. Bu an üçünün də hiddətlə mənə baxdığını gördüm və qorxa-qorxa «Əşşi, sözdü də dedim» ilə vəziyyətdən çıxmağa çalışdım. Amma artıq onlar qərarını vermişdilər və biz içimizdəki xofu boğaraq futbol matçına bilet aldıq. Hər hücum, hər cərimə zərbəsini nəfəsimizi tutaraq izlədik. Nəhayət, oyun bitdi və «Neftçi» qalib gəldi. Biz sevinclə ayağa qalxaraq qışqırır və alqışlayırdıq. Sanki biz də müsabiqəni qalib olaraq başa vurmuşduq. Maraqlıdır ki, elə də oldu və biz də qalib gəldik. Bax, bizim birgə keçirdiyimiz hər gün, hər an belə xatirələrlə doludur».
Əməkdar artist Lev Yelisavetski: «50 il. Zaman üçün an qədər kiçik, insan ömrü üçün uzun görünən bu illər hər birimizin taleyində silinməz izlər buraxıb. Bir əsrin yarısı olan 50 il mənim yadımda çoxlu təzə-tər xatirələrlə qalıb. Sanki hər şey dünən baş verib. Gərgin məşqlərimizi, hər konsert öncəsi keçirdiyimiz izaholunmaz həyəcanlar, yeni ifaların ərsəyə gəlməsi üçün çəkdiyimiz əzab-əziyyətlər, hər məqamı bir ayrı təəssürat olan qastrollarımız... «Qaya» və onunla bağlı hər şey xatirimdə dünən kimi qalıb. Biz - əziz can dostları Bakımızı, sevimli şəhərimizi, musiqimizi olduğumuz yerlərdə təmsil etməklə böyük qürur duyurduq. İllər keçdi və tale elə gətirdi ki, biz dünyanın ayrı-ayrı qütblərinə səpələndik. Mən ABŞ-da, Teymur isə İsraildə yaşamalı oldu. Sevimli qardaşımız Arif dünyasını dəyişdi. Vətəni, xatirələrimizin Bakısını Raufa əmanət etdik. O, bu illər ərzində «Qaya»ya olan sədaqətini hamımızdan çox göstərərək yeni ifaçılardan, gənc istedadlardan ibarət «Qaya» yaratmaqla kvartetin ənənələrini davam etdirdi. Yəqin müəyyən vaxtdan sonra o gənclərin də sorağı dünyanı dolaşacaq. Çünki onların Rauf Babayev kimi ustadları var».
Bəlkə, bəlkə, bəlkə də...
Zaman: 18 noyabr 2011-ci il. Məkan: Heydər Əliyev Sarayı. Məqsəd: «Qaya» kvartetinin 50 illik yubileyi. Qeyd: köhnə Bakı, dənizkənarı park, yüksək səviyyəli caz və estrada musiqisi üçün darıxan hər kəs dəvətlidir.
Hər insanın istər gənclik, istərsə də yetkinlik zamanının xatirələrində ilişib qalan köhnə bir Bakı restoranı var. Sakit, həzin musiqilər, yarıqaranlıq məkan, cərgə ilə düzülən masalar ətrafına yığışan insanlar... Elə professional səhnəyə çıxışının 50 ilini (1961) bayram edən qrupun yubileyi münasibətilə saray səhnəsi də köhnə Bakı restoranları kimi qurulmuşdu. Səhnədə quraşdırılan böyük ekrandan isə dünənlə bu günün Bakısının zamana meydan oxuyan dialoqu əks olunurdu. Elə tamaşaçılar da həmin ab-havaya köklənmişdilər. 18 noyabr 2011-ci il tarixini yaşadıqlarını unudan yüzlərlə insan özünə qapanaraq uzaq-yaxın keçmişinə qayıtmışdı. Bu işdə köhnə «Qaya»nın lent yazılarına canlı ifaları ilə cavab verən yeni «Qaya» Dövlət Ansamblının rolu danılmazdır. Beləcə hamı «Qaya»nın sayəsində dünənin ağuşuna atılaraq bir neçə saatlıq zamana meydan oxuya, bu gündən dünənə, dünəndən sabaha boylana bildilər...
Qonaqlar hamısı gəldi
Mədəniyyət və Turizm Nazirliyinin həm qrupa, həm də onun çoxminli pərəstişkarlarına ərməğan etdiyi bu tədbir möhtəşəmliyi ilə yadda qaldı. Sarayın tamaşaçı zalını tam dolduran «Qaya»sevərlər arasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, digər rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri var idi. Budur, səhnədə “Qaya”nın veteranları, xalq artistləri Rauf Babayev və Teymur Mirzəyev göründülər. Əvvəlki şuxluq və təbəssümlə qonaqları salamlayan ifaçılar hər kəsə təşəkkür etdilər, incəsənət xadimlərini daim yüksək qiymətləndirən ölkə rəhbərliyinə elə tamaşaçılar adından da “sağ ol” dedilər. Yubiley tədbirinin ərsəyə gəlməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıqlarını bildirdilər.
Sonra qonaqlar - xalq artistləri Aleksandr Şarovski, Afaq Məlikova, Təranə Muradova, Əməkdar incəsənət xadimi Cavan Zeynallı, Əməkdar artist Sərxan Sərxan, Abbas Əhməd, Rusiyanın Əməkdar artisti Yuri Qriqoryev, gənc pianoçu Emil Əfrasiyaboğlu və başqa sənət dostları təbriklərini çatdırdılar.
Tədbir boyu tamaşaçılar yeni “Qaya” qrupunun təqdimatında müxtəlif janrlı unudulmaz ifalara tamaşa etdilər.
Həmidə Nizamiqızı