Rusiya, Belçika, ABŞ, Almaniya, Cənubi Koreya və Fransadan dünya şöhrətli musiqiçilər paytaxtımıza gələcək
Dekabrın 4-dən 10-dək Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda V Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək.
Görkəmli musiqiçi Mstislav Rostropoviçin xatirəsinə həsr olunan ənənəvi festivalda iştirak etmək üçün Rusiya, Belçika, ABŞ, Almaniya, Cənubi Koreya və Fransadan dünya şöhrətli musiqiçilər və kollektivlər paytaxtımıza gələcək. Musiqi bayramında Viktor Tretyakov, Dmitri Yurovski, So Younq Yoon, İqnat Soljenitsın, Antverpen Simfonik Orkestri, Nijni Novqorod Simfonik Orkestri, Qalina Vişnevskayanın Opera Mərkəzi, Vsevolod Quzov, Ensemble Orchestral de Paris, Lourens Foster, Jan İv Tibode və başqaları iştirak edəcəklər.
Festivalın açılışı dekabrın 4-də Heydər Əliyev Sarayında keçiriləcək. Açılış mərasimində Flamand Operasının Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Dmitri Yurovski) çıxış edəcək.
Dekabrın 5-də Heydər Əliyev Sarayında Flamand Operasının Simfonik Orkestrinin daha bir konserti olacaq.
Dekabrın 6-da Azərbaycan Dövlət Filarmoniyası Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Rauf Abdullayev) çıxışı nəzərdə tutulub. Solist Murad Adıgözəlzadədir (piano). Ayın 7-də Dövlət Filarmoniyasında gerçəkləşək konsert Mstislav Rostropoviçin həyat yoldaşı, SSRİ Xalq artisti Qalina Vişnevskayaya həsr olunacaq. Konsertdə Nijni Novqorod Filarmoniyasının M.Rostropoviç adına Akademik Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Aleksandr Skulski) çıxış edəcək.
Dekabrın 8-də festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında “Tanqo gecəsi” olacaq. Ayın 9-da Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin təqdimatında növbəti konsert keçiriləcək. Festivalın Dövlət Filarmoniyasında gerçəkləşəcək bağlanış mərasimində isə Paris Kamera orkestri (dirijor Lourens Foster (ABŞ), solist Jan-İv Tibode (piano, Fransa) çıxış edəcək.