V Beynəlxalq Mstislav Rostropoviç Festivalında dünyanın məşhur musiqiçiləri iştirak edir
   
   Ənənəvi olaraq artıq beşinci ildir ki, Azərbaycan paytaxtı dekabrın birinci ongünlüyündə klassik musiqi bayramına - Beynəlxalq Mstislav Rostropoviç Festivalına ev sahibliyi edir. İlk dəfə 2007-ci ildə keçirilən festival artıq beynəlxalq klassik musiqi aləmində özünə layiqli yer tutub. Dünyanın müxtəlif ölkələrindən görkəmli ifaçıları bir araya gətirən festivalın təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondudur.
   
   Dekabrın 4-də Heydər Əliyev Sarayında V Beynəlxalq Mstislav Rostropoviç Festivalının təntənəli açılış mərasimi keçirildi. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və festivalın bədii rəhbəri, Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç çıxış etdilər. Tədbir iştirakçılarını salamlayan nazir bildirdi ki, artıq beşinci dəfə keçirilən festivalın əsas məqsədi M.Rostropoviçin vətənində, Bakıda dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etməkdir.
   Nazir qeyd etdi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə bu beynəlxalq festival hər il dekabr ayında ölkəmizin paytaxtında əsl musiqi bayramı kimi təşkil edilir. Bir həftə davam edəcək festivalda dünyanın məşhur musiqiçiləri və musiqi kollektivləri iştirak edəcəklər: “Hər il keçirilən bu festivallar bizə yeni təəssürat, duyğular, yeni musiqi bəxş edir. Budəfəki festivalda dünyanın məşhur musiqiçiləri və musiqi kollektivləri iştirak edirlər. Ümidvarıq ki, bir həftə müddətində Azərbaycan ictimaiyyəti, musiqisevərlər həqiqətən böyük bayram əhval-ruhiyyəsində yaşayaraq festival çərçivəsində keçirilən bu tədbirlərdən böyük zövq alacaqlar».
   Heydər Əliyev Fonduna, Mstislav Rostropoviç Fonduna minnətdarlığını bildirən nazir məşhur həmyerlimizin fəaliyyətindən də söz açdı: «Mstislav Rostropoviç hər zaman hər yerdə özünü bakılı kimi təqdim edib, xaricdə Azərbaycan mədəniyyətini, incəsənətini təbliğ edib. Bu gün isə Bakıda onun adını daşıyan məktəb var, ona həsr edilən festival keçirilir. Onun xatirəsi ünsiyyətdə olduğu insanların yaddaşında, qəlbində daim yaşayacaq. İnsan həyatı əbədi deyil. Amma insan nə isə xeyirxah iş görəndə, böyük incəsənət yaradanda onun adı incəsənət yaşadıqca yaşayır. İncəsənət isə əbədidir”.
   Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç Bakıya növbəti gəlişindən məmnunluğunu ifadə etdi: «Azərbaycan paytaxtına hər gəlişim mənim üçün böyük xoşbəxtlikdir. Bu gözəl, qonaqpərvər şəhər mənim doğma şəhərimdir. Bakıda beynəlxalq musiqi festivallarının keçirilməsi atamın arzusu olub və o, 2006-cı ildə Dmitri Şostakoviçin 100 illiyinə həsr olunmuş festivalı təşkil etməklə gözəl ənənənin bünövrəsini qoyub. Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm. Çünki atamın xatirəsinə həsr olunmuş ilk festival məhz Bakıda keçirilib. Əlbəttə, musiqiçilər hər zaman tamaşaçı üçün ifa edir. Ona görə də mən bu gün buraya toplaşan tamaşaçılara da öz minnətdarlığımı bildirirəm».
   Sonra festivalın açılışı elan edildi. Festivalın ilk konsert proqramı ilə Flamand Operasının Simfonik Orkestri çıxış etdi. Orkestrin ifasında dünya klassiklərinin əsərlərindən parçalar səsləndirildi. Kollektivin bədi rəhbəri və baş dirijoru Dmitri Yurovski, solisti Georq Niql (Avstriya) idi.
   Konsert böyük maraqla qarşılandı. Bunu zaldakı ab-havadan da hiss etmək olurdu. Tədbirin qonaqları sırasında olan Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlov hər il musiqisevərlərin bu festivalı maraqla gözlədiyini dedi: «Çünki Bakıya tanınmış kollektivlər, musiqiçilər gəlir. Əlbəttə, bu, mədəniyyətimiz üçün də çox əhəmiyyətli bir tədbirdir. Hər dəfə festivala dünyanın müxtəlif ölkələrindən musiqiçilərin gəlməsi Azərbaycanın təbliği baxımından önəmlidir».
   Qeyd edək ki, festivalda iştirak etmək üçün Rusiya, Belçika, ABŞ, Almaniya, Cənubi Koreya, Fransadan məşhur musiqiçilər və kollektivlər paytaxtımıza gəlib. Musiqi bayramında Viktor Tretyakov, Dmitri Yurovski, So Younq Yoon, İqnat Soljenitsın, Antverpen Simfonik Orkestri, Nijni Novqorod Simfonik Orkestri, Qalina Vişnevskayanın Opera Mərkəzi, Vsevolod Quzov, Ensemble Orchestral de Paris, Lourens Foster, Jan İv Tibode və başqaları iştirak edir.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar