2012-ci ilin mayında Bakıda keçirilməsi nəzərdə tutulan “Eurovision - 2012” mahnı müsabiqəsi ilə bağlı qərargah yaradılıb. Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov müsabiqənin qərargahında “Eurovision - 2012” mahnı müsabiqəsinin piar (PR) və marketinq şirkəti olan T.E.A.M-ın meneceri Jan Hermenau ilə görüşüb. Görüşdə müsabiqənin PR meneceri Kamran Ağası, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin və Turizm şöbəsinin əməkdaşları iştirak ediblər.
Görüş zamanı “Eurovision - 2012” müsabiqəsinin loqosunun istifadəsi və təşviqat kampaniyalarının hər birində təbliğ olunmasına dair razılıq əldə olunub. PR tədbirləri çərçivəsində xarici televiziya kanallarında ölkəmiz haqqında reklam çarxlarının nümayişi, beynəlxalq turizm sərgilərində Azərbaycan stendlərində “Eurovision - 2012”-nin təbliği, müxtəlif promo məhsulların paylanılması, tədbir öncəsi “Eurovision kəndi”nin quraşdırılması, mətbuat konfranslarının təşkili və s. işlərin həyata keçirilməsi nəzərdə tutulur.