Mədəniyyət tarixi sahəsində qazanılmış təcrübə sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir.
   
   Bu səbəbdən də milli-mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Şübhəsiz ki, mədəniyyət zənginləşmədən varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir.
   Bu il 20 illiyini qeyd etdiyimiz müstəqillik dövründə ölkəmizin, bütün sahələri kimi, mədəniyyət sahəsi də böyük inkişaf yolu keçib, mühüm nailiyyətlər əldə olunub. Dövlət müstəqilliyimizin bərpasının 20 ili münasibətilə həm ölkəmizdə, eləcə də xaricdə müxtəlif mədəni-musiqili tədbirlər keçirilir. Belə tədbirlərdən biri də bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqında gerçəkləşən kamera konsert proqramı oldu.
   Tədbiri giriş sözü ilə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq müstəqillik illərinə qısa ekskurs etdi, bu dövrün tariximizin parlaq səhifələrindən biri olduğunu bildirdi: “Azərbaycan bəstəkarlarının yaradıcılığında bu mövzu önəmli yer tutmalı və daha geniş təbliğ olunmalıdır. İstərdim ki, bəstəkarlarımız bu mövzuya tez-tez müraciət etsinlər və mütəmadi olaraq bu əsərlərdən konsertlərdə istifadə edilsin”.
   Konsertdə əsərləri səslənən bəstəkarlar və ifaçılar tədbirə böyük məsuliyyətlə yanaşmışdılar. Tədbirdə səslənən əsərləri üç qrupa bölərək təqdim edirik. Burada həm solo piano, həm piano ilə skripka (violin) və klarnet, həm də iki piano üçün bəstələnmiş əsərlər səslənmişdir.
   Konsertin ilk nömrəsi Gəncədə yaşayıb fəaliyyət göstərən Məmməd Cəfərovun müəllif ifasında piano üçün bəstələnmiş 3 pyesdən ibarət “Sayağılar” əsəri oldu. Solo piano üçün yazılaraq eynilə müəllif ifasında səslənən digər əsər isə Elnarə Dadaşovanın 6 fuqası idi. Avropa musiqisinin janrı olsa da, fuqa janrına E.Dadaşova özünəməxsusluq qataraq onu xalq melodizminə yaxınlaşan silsilə şəklində təqdim etdi.
   İkinci qrup əsərlər pianonun müşayiəti ilə səsləndi. Bunlardan biri gənc bəstəkar Nərminə Nağıyeva, digəri isə Lənkəran şəhərində yaradıcılıqla məşğul olan Zəminə Əliyevaya məxsus idi.
   N.Nağıyevanın pianoda müşayiət edərək təqdim etdiyi 3 əsər klarnet, violin və piano üçün yazılmış “İllüziyaçı”, klarnet və violin üçün “Qar adamlarının rəqsi”, klarnet və piano üçün bəstələnmiş “Gizlədilmiş hisslər” əsəri oldu. Əsərləri klarnetdə respublika müsabiqələri laureatı, istedadlı gənc ifaçı Anar Məmmədov və violində Failə İsmayılova təqdim etdilər. Beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun violində, respublika müsabiqəsi laureatı Müşviq Quliyevin pianoda ifa etdikləri əsər isə Z.Əliyevanın violin və piano üçün sonatası oldu.
   Konsertdə böyük uğurla təqdim edilən digər əsərlər iki piano üçün yazılmışdı.
   Cövdət Hacıyev məktəbinin davamçısı olan bəstəkar Samir Əliyevin konsertə ifa üçün təqdim etdiyi poema - Azərbaycan kamera musiqisi sahəsində az müraciət olunan iki piano tərkibli əsər olaraq respublika müsabiqəsi laureatları Müşviq Quliyev və Aslan Aslanov tərəfindən böyük məharətlə ifa olundu. S.Əliyev əsəri məhz müstəqilliyimizin 20 illik yubileyinə həsr edib. Əsərin dinamikası, forma baxımından müəyyən dramaturji xəttə tabe olması, dinamik və lirik mövzunun növbələşməsi ifaçılar tərəfindən yüksək səviyyədə təqdim edilib və tamaşaçıların marağına səbəb oldu.
   Konsert proqramını iki piano üçün yazılmış digər musiqi - Sərdar Fərəcovun bəstələdiyi və Leyla Əliyeva ilə Aynur Xəlilovanın ifasında səslənən “Azad el” əsəri uğurla yekunlaşdırdı.
   Bu konsert proqramı bir daha göstərdi ki, mədəniyyətimizin inkişafı və təbliği yolunda qazanılmış və qazanılacaq uğurlar müstəqilliyimizə böyük töhfədir. Böyük zəhmətlə əldə olunmuş nailiyyətləri qorumalıyıq.
   
   Aybəniz Məmmədova,
   Bakı Musiqi Akademiyasının müəllimi, musiqişünas







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar