Elnarə İsmayılova Almaniyada yaşayan dəyərli sənətçilərimizdəndir. On beş ildir ki, taleyini bu ölkə ilə bağlayıb. İlk dəfə buraya musiqiçi kimi dəvət olunmuşdu. İlk tanışlıqdan onun sənətini bəyəndilər. Sonra peşəkar musiqiçi kimi Almaniyada qalıb işləmək təklifi aldı. O vaxtdan Köln şəhərində yaşayır, yerli konservatoriyanın müəllimidir.
Elnarə İsmayılova sənətdə qazandığı ilk yüksək mükafata - Rixard Vaqner adına mükafata da Almaniyada layiq görülüb. Bir çox müsabiqə, konsert və festivallarda iştirak edib. Bunun nəticəsidir ki, həmyerlimiz bu gün Almaniyanın tanınmış musiqiçilərindəndir.
Elnarə İsmayılova bu il də sənətdə böyük uğurlar qazanıb. Yay aylarında sənətçi Almaniyanın Vuppertal şəhərindəki İncəsənət Muzeyinin böyük zalında Azərbaycan musiqisindən ibarət zəngin repertuarla çıxış edib. Konsertdə Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, C.Hacıyevin əsərləri maraqla qarşılanıb.
Hər ilin payızında Almaniyanın şimali Rayn-Vestfalen əyalətinin Köln şəhərində mədəniyyətlər həftəsi keçirilir. Bu il bu çərçivədə təşkil olunan tədbirlərdən biri də dünya ölkələrinin nağılları festivalı idi. Tədbirdə beş qitənin mədəniyyəti təmsil olunurdu. Festivalda əvvəlcə Azərbaycan nağılı “Tıq-tıq xanım” həm alman, həm də Azərbaycan dilində səsləndirilib. Sonra pianoçu Elnarə İsmayılova görkəmli bəstəkar Fikrət Əmirovun miniatürlərini ifa edib.
Həmyerlimiz bu günlərdə Qərbi Almaniyanın (WDR) mərkəzi radiosuna dəvət olunub və onun ifasında görkəmli bəstəkarımız Q.Qarayevin fortepiano əsərləri yazılıb. Konsert artıq bütün Almaniyada yayımlanır.
Bu hələ son deyil. Dəyərli soydaşımızın sənət uğurlarından hələ çox eşidəcək və söhbət açacağıq.
Sədaqət Yusifqızı