Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə milli musiqi alətləri ifaçılarının respublika festivalı keçirilib.
   
   Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş festivala respublikanın bütün bölgələrindən 250-dən artıq ifaçı qatılıb. Milli alətlərdən tar, kamança, qanun, saz, qarmon, balaban alətlərinin ifaçıları böyük həvəslə festivalda iştirak ediblər.
   Üç gün davam edən festivalın qala-konserti dekabrın 22-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirildi. İki yaş qrupunda (11-15 və 16-21) keçirilən festivalda Milli Konservatoriya başda olmaqla, müxtəlif musiqi məktəbləri və Bakı, Sumqayıt, Şuşa musiqi kollecləri təmsil olunub. Qaliblər təcrübəli münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. Azərbaycan Dövlət Xalq Çalğı alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Milli Konservatoriyanın professoru, Xalq artisti Ağaverdi Paşayevin rəhbərlik etdiyi münsiflər heyətində Bakı Musiqi Akademiyası, Milli Konservatoriya, Mədəniyyət və İncəsənət Universiteti və Bakı Musiqi Kollecinin müəllimləri yer alıb.
   Festival çərçivəsində 6 musiqi aləti üzrə Azərbaycan milli musiqisi, rəqslərimiz, xalq mahnıları, bəstəkar musiqiləri ilə yanaşı, dünya musiqiləri də ifa edilib.
   Münsiflər heyətinin sədri Xalq artisti A.Paşayev festivalın böyük marağa səbəb olduğunu vurğuladı: “Müstəqillik illərində incəsənətin bütün sahələrində olduğu kimi, musiqi ifaçılığı sahəsində böyük uğurlar əldə edilib. Festivalın gələn ildən etibarən daha geniş miqyasda keçirilməsi nəzərdə tutulur. Bakıda milli musiqi alətləri ifaçılarının beynəlxalq festivalını keçirmək və bu tədbirə dünyanın müxtəlif ölkələrindən ifaçılar cəlb etmək istərdik”.
   Qala-konsertin vaxtı yaxınlaşdıqca Dövlət Mahnı Teatrının pərdə arxasında həyəcan artırdı. Kimi tələsik məşq edir, kimi alətini sazlayırdı. Hər kəs festivalın qalibi adına layiq görülmək arzusunda idi. Nəhayət, münsiflər heyətinin qərarı açıqlandı. Festivalın Qran-pri mükafatına Milli Konservatoriyanın tələbəsi Yusif Nəriman oğlu Bayramov layiq görüldü. I, II, III və IV dərəcəli diplomlarla yaş qrupları üzrə 30 iştirakçı təltif olundu.
   Festivalın yekun konsertində Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev, Təhsil sektorunun müdiri Vaqif Babayev, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov və Elmi-Metodiki Mərkəzin tədris şöbəsinin müdiri Natiq Mustafayev iştirak edirdilər.
   
   Lalə Azəri






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar