İnsanı ölümündən sonra xatırladacaq şübhəsiz ki, bir iz, xatirə olmalıdır. Əbülhəsən xan İqbalı musiqi mədəniyyəti tariximizdə yüz illərlə yaşadacaq iz-xatirə qalıb.
   
   Əbülhəsən xan 1871-ci ildə Təbrizdə anadan olub. Atası Molla Musa dövrünün tanınmış alimlərindən sayılıb. O, yeddi yaşında ikən atası vəfat edir. Erkən yaşlarından ağır ailə qayğıları ilə üzləşir. Sonra ailələri Qəzvin şəhərinə köçür. İlk musiqi təhsilini məşhur musiqişünas Hacı Molla Kərimdən alır. Müəllimi Əbülhəsənin ecazkar səsini, istedadını görərək onun böyük gələcəyi olacağını deyir. Əbülhəsən gənc yaşlarından xalq arasında tanınır. Bir neçə dəfə Təbrizə dəvət olunur. Təbrizlilər arasında elə şöhrət qazanır ki, vəliəhd Məhəmmədəli Mirzə onu saraya dəvət edir. Bir müddət sarayda qalır. Müzəffərəddin şahın vəfatından (1906) sonra o, vəliəhdlə birlikdə Tehrana gedir.
   1914-cü ilin martında Əbülhəsən xan Avropa ölkələrinə qastrola çıxır. Əvvəlcə Tiflisə gəlir. Gəlişindən xeyli əvvəl şəhərin görkəmli yerlərində elanlar asılır. Qəzetlərdə xüsusi xəbərlər dərc olunur. “Zakavkazskaya reç” qəzetində dərc olunan xəbərlərin birində deyilib: “Avropaya gedərkən İran şahının saray müğənnisi Əbülhəsən xan Tiflisdə qonaq olacaqdır. Yerli müsəlman cəmiyyətinin arzusu ilə o, Tiflisdə bir neçə konsert vermək fikrindədir. Xanəndənin səsi olduqca güclü, məlahətli, həm də yüksək tembrə malikdir. Onu dinləyəndə adama elə gəlir ki, Şərq motivlərini oxuyan Avropa müğənnisini dinləyirsən. Şübhəsiz ki, konsertlər müsəlmanlardan savayı Şərq musiqisinin pərəstişkarları olan digər qafqazlıları da maraqlandıracaq”.
   Əbülhəsən xanın Tiflisdə ilk konserti 1914-cü ilin martın 26-da “Kazyonnı teatr”da (indiki Z.Paliaşvili adına opera teatrı) məşhur sənətkarlar - xanəndə Tahirzadə, tarzən Dərviş xan, kamançaçı Bağır xan və zərb vuran Abdulla xanın iştirakı ilə olur. Konsert böyük müvəffəqiyyətlə keçir. Dövrün məşhur jurnalisti Eynəli Soltanov “Şərq konserti” adlı məqaləsində bu barədə yazıb: “Tamaşaçıların arasında şərq musiqisinin mahir biliciləri və tələbkar pərəstişkarları var idi. Geniş tamaşaçı kütləsi qarşısında ilk dəfə çıxış edən xanəndə klassik İran mahnılarının bir neçəsini ifa etdi. Əbülhəsən xan nə qədər ucadan oxusa, nə qədər çətin zəngulə vursa da onun səsi bütün mərhələlərdə təmiz və ahəngdardır”.
   O zaman Tiflisdə yaşayan məşhur müğənni Seyid Şuşinski Əbülhəsən xanın konsertlərində yaxından iştirak edir. Xalq artisti Mustafa Mərdanov xatirələrinin birində yazır: “Şərqin məşhur xanəndələrindən sayılan Əbülhəsən xan öz dəstəsilə Tiflisə konsert verməyə gələndə, birinci növbədə Seyid Şuşinskinin görüşünə getdi. İki sənətkar çox səmimi görüşdülər. Seyid Şuşinski Cənubi Azərbaycandan gəlmiş qonaqlara öz xərci ilə frak tikdirib səhnəyə çıxartdı. Əbülhəsən xan ürəkaçan gözəl bir səslə “Bayatı-Şiraz” və “Rast” dəstgahı oxudu. O, dinləyiciləri valeh etdi. Bu konsertdə iştirak edən Gürcüstan opera sənətinin banisi Vano Saraçaşvili Əbülhəsən xanın sənətkarlığını yüksək qiymətləndirərək dedi: “Əbülhəsən xanın nəyi Karruzodan əskikdir?” O, səhnəyə çıxıb Əbülhəsən xanı bağrına basıb öpdü.
   Əbülhəsən xan İqbal-Soltan Tiflisdə olarkən tarzən Dərviş xanın müşayiəti ilə bir çox muğam və təsnifləri oxuyub qrammofon vallarına yazdırır. Bu vallardan birində isə o, Seyid Şuşinskiyə hörmət əlaməti olaraq “Humayun” oxuyur və valın üstündə “Seyid Şuşinskiyə Əbülhəsən xandan hədiyyə” sözlərini yazdırır.
   Əbülhəsən xanı Tiflisdə hörmətlə qarşılayanlardan biri də mütəfəkkir yazıçı Cəlil Məmmədquluzadə olub. Seyid Şuşinski xatirələrində qeyd edir: “Cəlil Məmmədquluzadə Əbülhəsən xanı hörmətli bir qonaq kimi “Molla Nəsrəddin” jurnalının redaksiyasına dəvət etdi. Böyük qonaqlıq oldu. Ziyafətdə Əbülhəsən xanın xahişi ilə mən də oxudum. Axırda İqbal-Soltan elə bir “Kürdü-şahnaz” oxudu ki, aldığım təəssüratdan səhərəcən yata bilmədim”.
   Əbülhəsən xanın oxuduğu “Kürdü-Şahnaz” həqiqətən müğənnilər üçün nümunə olub. Təsadüfi deyil ki, görkəmli müğənni Xan Şuşinski gənc yaşlarında Əbülhəsən xanın valda oxuduğu “Şahnaz”ı yerli-yerində o qədər təqlid edir ki, hamı onu “Əsl xan kimi (yəni Əbülhəsən xan kimi) oxuyur” - deyə tərif ediblər.
   Əbülhəsən xan İqbal Azərbaycan vokal məktəbinin bütün incəliklərini mükəmməl bilən böyük müğənni olur. Onun istedadına Şərqin ən böyük müğənniləri həsəd aparıblar. Musiqişünas Ruhulla Xaliqi Əbülhəsən xan İqbal haqqında ürək sözlərini belə qələmə alıb: «Mən axırıncı dəfə Əbülhəsən xanın səsini 1946-cı ildə Təbrizə ezam olunan vaxtı eşitdim. O, hələ də yaxşı oxuyurdu. Cənubi Azərbaycan vokalistlərinin tam bir nəsli Əbülhəsən xan İqbalın ifaçılıq məktəbinin yetirməsidir”.
   Şərq vokal sənətinin görkəmli nümayəndəsi Əbülhəsən xan İqbal ömrünün ixtiyar çağında - 1970-ci ildə, 99 yaşında Təbrizdə vəfat edir. Onun ecazkar səsi isə çevrilib qəlblərdə, könüllərdə yaşayır...
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar