və ya «Dan ulduzu»ndan düşən işıq
   
   Azərbaycan musiqi tarixində silinməz izi olan «Dan ulduzu» kamera instrumental ansamblı yarandığı vaxtdan populyarlıq qazandı, tamaşaçıların qəlbinə yol tapdı. Görkəmli musiqiçi, pianoçu, Əməkdar incəsənət xadimi Gülarə Əliyeva tərəfindən yaradılan kollektiv ilk çıxışından insanlar tərəfindən sevildi. Ansamblın bədii rəhbəri və fortepiano partiyalarının ifaçısı olan Gülarə xanım müntəzəm məşqlərin və ansambl üzvlərinin əzmkarlığı, sənətə sevgisi sayəsində arzuladığı ansamblı yarada bildi. Ansambl müxtəlif musiqi kollektivlərinin, qrup və orkestrlərin mövcud olduğu Azərbaycan musiqi mədəniyyətində öz sözünü deməyə nail oldu.
   
   Ey alovlu günlərim...
   
   Musiqiyə olan sevgi heç bir sərhədlə məhdudlaşmır. Ola bilsin ki, «Dan ulduzu»nun da şöhrət qazanması və ürəklərə yol tapması məhz bu hədsiz sevginin nəticəsi idi.
   1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirən Gülarə Əliyeva S. Rüstəmov adına Xalq Çalğı Alətləri Ansamblına dəvət olunur. Gülarə Əliyeva dövrünün tanınmış pianoçusu və musiqi bilicisi idi. Bu ansamblla eyni vaxtda Əhsən Dadaşov adına Xalq Çalğı Alətləri Ansamblı ilə də çalışmağa başlayır. Bu illərdə o, bir neçə əsər də yazır. Eyniadlı muğamlar əsasında «Şüştər» rapsodiyası, «Humayun» süitası, «Bayatı-kürd», «Şur» fantaziyaları Gülarə Əliyevanın həm də bir bəstəkar kimi yüksək peşəkarlığını üzə çıxarır, onun milli musiqilərimizi Avropa musiqi alətləri ilə sintez etmə kimi yüksək zövqündən xəbər verir.
   Xalq çalğı alətləri ansambllarında çalışdığı vaxtlarda Gülarə Əliyeva öz ansamblını yaratmaq fikrinə düşür. Lakin onun yaratmaq istədiyi ansambl özəllikləri ilə dövrün digər ansambllarından köklü şəkildə fərqlənəcəkdi. Bu fərq isə musiqi kollektivinin tərkibi, repertuarı və solistlərində idi. Burada Gülarə xanımın tanıdığı və güvəndiyi musiqiçilərlə yanaşı, tamaşaçıların ilk dəfə məhz bu ansamblın tərkibində gördüyü və sevdiyi ifaçılar da oldu.
   
   O günlər necə də mənə haydılar...
   
   Beləliklə, 1968-ci ildə Gülarə Əliyeva arzusunda olduğu kamera instrumental ansamblını yaratdı. Ansamblın ilk baxış konsertini izləyən dövlət televiziyasının o vaxtkı rəhbəri, Xalq şairi Nəbi Xəzri aylı gecəyə xüsusi həzinlik qatan musiqi nümunələrini təqdim edən kollektivə «Səhərə yaxın sönən, səmaya bütün ulduzlardan çox vurğun olan dan ulduzudur. Musiqiyə bağlı olan və hələ uzun illər sənət səmasında qalacağına və parlayacağına inandığım ansambla da “Dan ulduzu” adını verək», - deyə təklif edir. Beləcə hələ o zamanlardan yüksək zövqlü tamaşaçı statuslu Azərbaycan izləyicisi yeni bir ad, «Dan ulduzu» ilə tanış oldu. Ansambl tezliklə Azərbaycan televiziyası və radiosunun ştatına keçirildi. Bu ilk öncə kollektivə olan tamaşaçı marağının, istəyinin, tələbinin nəticəsi, sənətin qələbəsi idi.
   
   Arzusu təmiz, niyyəti təmiz, mehriban insanlar!
   
   «Dan ulduzu» ansamblı hər zaman öz repertuarı ilə də diqqəti cəlb edirdi. Gülarə Əliyevanın ifaçılar qarşısında qoyduğu şərtlərdən biri də o idi ki, ansamblın repertuarına yalnız peşəkar bəstəkarların mahnıları daxil ola bilərdi. İfalara gəlincə görürük ki, Azərbaycan musiqisinin unudulmaz nümayəndələrinin əksəriyyətinin yaradıcılığı müəyyən qədər də olsa bu ansamblla bağlıdır. Şövkət Ələkbərova, Akif İslamzadə, Flora Kərimova, Yalçın Rzazadə, Mirzə Babayev, Hüseynağa Hadıyev, Elmira Rəhimova, Məmmədbağır Bağırzadə, Xədicə Abbasova, Kəmalə Rəhimli, Ruhəngiz Musəvi, Əli Mirəliyev, Aybəniz Haşımova, Aygün Bayramova. Bu ifaçıların əksəriyyəti məhz «Dan ulduzu» ilə məşhurlaşdı və sevildi.
   Ansamblın tərkibinin tez-tez dəyişdiyini deyə bilmərik. Amma Gülarə Əliyeva istedadlı musiqiçi və ifaçı gördükdə onu mütləq «Dan ulduzu»na dəvət edirdi. Bu sırada tarzən Zamiq Əliyev, pianoçu Həsənağa Qurbanov və qaboy ifaçısı Kamil Cəlilovun adlarını çəkə bilərik. Gənc olmalarına baxmayaraq, istedadlı olan bu musiqiçiləri öz ansamblına dəvət etməklə Gülarə Əliyeva onlara böyük dəstək oldu və onların sənət yolunun uğurlu bünövrəsini qoyanlardan birinə çevrildi.
   
   Bizə təzə-təzə nəğmə deyirsiz...
   
   Avropa və milli musiqi alətlərini yeni bir səsləndirmədə, birlikdə, bir ahəngdarlıqla təqdim etməklə bu sahədə yenilik axtarışında olan Gülarə xanım ansamblına peşəkar musiqiçilər kimi tanınan Esmira Babayeva, Minirə Yusifli, Ramiz Əliyev, Fuad Əhmədov, Ələkbər Ələkbərov, Kamil Cəlilov, Arif Bayramovu dəvət etdi. «Dan ulduzu» ansamblının ilk solisti isə Tacikistanın Xalq artisti, sonralar bir müddət Bakıda yaşamış Leyla Şərifova olub. İfaçı Almaniyaya köçdükdən sonra kollektivə Flora Kərimova və Yalçın Rzazadə dəvət olunur. Ansamblın ilk mahnılarının bir çoxu da məhz bu müğənnilərin ifasındadır. Bəstəkarlar da əsasən «Dan ulduzu»na mahnılar yazırdılar. Çünki bu ansambl musiqi aləminə yeni nəfəs gətirmişdi.
   \"Dan ulduzu\" tezliklə dövlət tədbirləri, konsertləri, xarici qastrol səfərlərinin bəzəyinə və aparıcı musiqi ansamblına çevrildi. Suriya, Livan, Əlcəzair, İsveçrə, Almaniya, İtaliya, Hindistan, Finlandiya kimi ölkələr \"Dan ulduzu\"nun qastrol səfərinə çıxdığı dövlətlər oldu. Xaricilər Azərbaycan musiqisinin Qərb musiqi alətlərində səslənməsini görüb təəccüblərini gizlədə bilmirdilər. Ansamblın qazandığı şöhrət tezliklə dövrün tanınmış müğənnilərinin də diqqətini çəkir. 1975-ci ildə Xalq artisti Zeynəb Xanlarova ansamblla silsilə dövlət konsertlərində çıxış edir.
   Ansamblın artan şöhrəti bəstəkarları da yeni-yeni musiqilər yazmağa sövq edir. Tofiq Quliyev, Elza İbrahimova, Oqtay Kazımi, Emin Sabitoğlu kimi bəstəkarların mahnı janrındakı gözəl nümunələri fərqli ifa və səsləndirmə texnikası ilə seçilən «Dan ulduzu»nun sayəsində tamaşaçı yaddaşına köçür.
   Dinləyicilər dillər əzbərinə çevrilən «Sən olmuşam», «Gecələr bulaq başı», «Gəl barışaq», «Azad, firavan», «Bu gecə», «Köçəri quşlar», «Mənim dünyam», «Unuda bilmirəm», «Sən yadıma düşəndə», «Durnalar», «Mehriban insanlar» kimi bir-birindən gözəl, qulağayatımlı və yüksək zövqlü mahnıları bu gün də eyni məhəbbətlə sevir, dinləyirlər.
   
   Mən də sənə bir qonağam, mənim dünyam, mənim dünyam!
 
  
   1991-ci ildə Gülarə Əliyevanın faciəli şəkildə dünyasını dəyişməsi Azərbaycan musiqisində ağır itki oldu. Onun yoxluğu həm ansamblın fəaliyyətində, həm də musiqimizdə özünü hiss etdirməyə başladı. Bu faciədən sonra bir çox musiqiçilər ansamblı tərk etdi. Bir sözlə, ansambl əvvəlki parlaqlığını itirdi. Ümumiyyətlə, 90-cı illərdə respublikada baş verən hadisələr bu ansambla da təsirini göstərdi.
   Gülarə xanımın vəfatından sonra ansambla Əməkdar incəsənət xadimi, tanınmış pianoçu Həsənağa Qurbanov rəhbərlik etdi. Onun da dünyasını dəyişməsindən sonra Gülarə Əliyevanın adını daşıyan «Dan ulduzu»nu yaşatmaq missiyasını ansamblın tarzəni, 1982-ci ildən həyatını bu heyətlə bağlayan Əməkdar artist Tariyel Abbasov öz üzərinə götürdü.
   Tariyel müəllim böyük sənətkarın adını daşıyan, onun xatirəsinə hörmətlə yanaşan ansamblın bu gün də yaşadığını və yaşayacağını deyir: «Gülarə xanım dünyasını dəyişəndən sonra onun yetirmələri olan bizlər, kollektivin üzvləri qarşımıza məqsəd qoyduq ki, bu ansamblı yaşadaq. Elə də oldu. Onun xatirəsi bizim üçün çox əzizdir və bundan sonra da nəyin bahasına olursa-olsun bu yadigarı qoruyub saxlayacağıq. Çünki o, Azərbaycanda yeganə bir kollektiv yaratmağa müvəffəq olmuşdu. Bu elə də asan bir iş deyil. Gülarə xanımın hər yeni mahnı üzərində işləməsini gördükdə insan heyrətə gəlirdi. Onun necə gözəl duyumu, incəliyi vardı... O musiqini eşidən kimi artıq beynində orkestrləşdirir və elə o anda da not bölgüsü edirdi. Bax ona görə də o kollektivin ifa etdiyi musiqilər tam fərqli və axıcı, yüksək səviyyəli idi. Çalışıram ki, onun ənənələrini davam etdirim».
   
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar