Ölkəmizin incəsənət tədrisi müəssisələri arasında Bakının Nərimanov rayonundakı Q.Qarayev adına 8 saylı onbirillik musiqi məktəbinin özünəməxsus yeri var
   
   Uşaqların mənəvi-estetik tərbiyəsində, yüksək musiqi zövqünün formalaşmasında incəsənət təmayüllü məktəblər müstəsna rol oynayır. Hələ sovetlər dövründə uşaqların təhsildən əlavə incəsənətə, musiqi, rəssamlıq, heykəltəraşlıq və digər yaradıcılıq sahələrinə istiqamətlənməsi xüsusi önəm daşımışdır.
   
   Bu iş ölkəmiz müstəqillik qazandıqdan sonra da prioritet olmuşdur. Təsadüfi deyil ki, yetişən nəslin incəsənət, musiqi təhsili daim dövlətin diqqət mərkəzindədir. Uşaq musiqi və incəsənət məktəbləri təmir-bərpa edilir, maddi-texniki bazaları yaxşılaşdırılır, yeni tədris ocaqları inşa edilir, bacarıqlı müəllim heyətinin çalışdığı məktəblərin yetirmələri yerli və xarici müsabiqələrdə uğurla iştirak edirlər.
   Hazırda Mədəniyyət və Turizm Nazirliyi sistemində 238 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbi fəaliyyət göstərir ki, onlardan da 39-u Bakıda, 172-si isə respublikanın şəhər, rayon və kəndlərində, 27 məktəb isə Naxçıvan Muxtar Respublikasındadır. Bu məktəblərdə 70 mindən çox şagird təhsil alır, onların da təlim-təhsili ilə 16 mindən çox müəllim məşğul olur. Bu tədris ocaqları sırasında paytaxtın Nərimanov rayonundakı Q.Qarayev adına 8 saylı onbirillik musiqi məktəbinin də özünəməxsus yeri var. Məktəbin binası ötən il əsaslı təmir və ən müasir standartlar səviyyəsində yenidənqurmadan sonra müəllim və şagirdlərin ixtiyarına verildi.
   
   Zəngin tarix, qürur verən nəticələr
   
   Paytaxtın aparıcı və qədim musiqi təhsili ocaqlarından olan bu məktəbin zəngin tarixi var. Məktəb 1937-ci ildə fəaliyyətə başlayıb. 1963-cü ildən indiki ünvana (Heydər Əliyev prospekti, 99) köçüb. 1989-cu ildən dahi bəstəkar Qara Qarayevin adını daşıyır. Azərbaycan musiqi mədəniyyəti və təhsilinə yüzlərlə gözəl yetirmələr bəxş edən məktəbin məzunları respublikanın ali və orta təhsil ocaqlarında da uğurla fəaliyyət göstərir, müxtəlif yerli və beynəlxalq müsabiqələrdə ölkəmizi layiqincə təmsil edirlər. Daim məzunlarının xoş sorağı ilə sevinən məktəbin yetirmələri musiqi mədəniyyətimizi onun hüdudlarından kənarda da layiqincə təmsil edirlər. Qarayev məktəbinin tanınmış məzunları arasında İstanbul Opera və Balet Teatrının baş dirijoru Elşad Bağırovu, Ankara Simfonik Orkestrinin solisti Rəhim Namazovu xüsusilə qeyd etmək lazımdır. Mahir tar və kamança ifaçıları, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov da bu məktəbdən pöhrələniblər.
   
   Müasir təchizat, yeni tələblər
   
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə əsaslı surətdə yenidən qurulan məktəb ötən il sentyabrın 19-da ölkə başçısının da iştirakı ilə yenidən istifadəyə verildi. Uzun illər təmir olunmayan musiqi məktəbinin fəaliyyət göstərdiyi bina yararsız vəziyyətə düşdüyündən 2010-cu ilin mayından burada əsaslı yenidənqurma işləri başlanmışdı.
   Ən müasir avadanlıqlarla təchiz edilən dördmərtəbəli binaya (2580 kvadratmetr ümumi sahə) daxil olarkən ən yüksək standartlara cavab verən dəyişikliyin şahidi olduq. Tədrisin yüksək səviyyədə təşkili və şagirdlərin rahatlığı üçün hər bir detal nəzərə alınıb. Binaya daxil olarkən ilk olaraq dünya şöhrətli bəstəkar Qara Qarayevin yüksək zövqlə hazırlanmış barelyefi diqqəti cəlb edir. Foyedə quraşdırılmış lövhələrdə isə Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülmüş gənc istedadların fotoları asılıb.
   Birinci mərtəbədə digər xidməti otaq və qovşaqlarla yanaşı muzey də fəaliyyət göstərir. “Azərbaycanın mədəniyyət siyasəti” adlanan muzeydə dörd mövzuda fotolar toplanmışdır. Burada yaradılmış stendlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ölkəmizdə milli musiqimizin inkişafındakı xidmətlərini, onların mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, eləcə də görkəmli bəstəkar Qara Qarayevin yaradıcılıq uğurlarını əks etdirən fotoşəkillər də nümayiş etdirilir.
   Məktəbdə iki (böyük və kiçik) zal fəaliyyət göstərir ki, onlar da ən müasir işıq və səs avadanlıqları ilə təmin edilmişdir. 40 yerlik kiçik zal əsasən, imtahanların keçirilməsi üçün nəzərdə tutulmuşdur. 160 nəfərlik böyük zalda isə yüksək texniki təchizat və avadanlıqlarla təminat diqqəti cəlb edir. Zalda akustikaya xüsusi diqqət yetirilmişdir.
   Bütün siniflər yeni musiqi alətləri ilə, dərslərin əyani şəkildə tədrisi üçün köməkçi vasitələrlə də təchiz olunmuşdur. Məktəb üçün alınan 40-dan artıq pianonun əksəriyyəti Qəbələdəki “Beltman” fabrikinin istehsalıdır.
   İkinci mərtəbədə yaradılmış nəzəriyyə sinfi isə ayrı bir özəlliyə malikdir. Belə ki, musiqi məktəbləri arasında ilk dəfə olaraq burada quraşdırılmış interaktiv lövhə dərslərin yüksək səviyyədə keçilməsinə, notların yazılmasına, alətlərdən istifadə qaydalarının öyrənilməsinə imkan verir.
   Binanın üçüncü mərtəbəsində yaradılan şərait də ürəkaçandır. Burada yüksək səviyyədə təchiz olunmuş geyim, qrim və sinif otaqları fəaliyyət göstərir.
   Məktəbdəki yeniliklərdən biri də burada səsyazma studiyasının qurulmasıdır. Bundan başqa, burada yeməkxana və tibb məntəqəsi, habelə zirzəmidə dekorasiya və səhnə geyimləri üçün anbar və musiqi alətləri üçün emalatxana da var.
   
   Əsas söz musiqinindir
   
   Məktəbə daxil olan andan musiqi alətlərinin yaratdığı ecazkar ahəng istər-istəməz insanı cəlb edirdi. Ayrı-ayrı sinif otaqlarından eşidilən bu səslər ciddi dərs prosesinin getdiyini göstərirdi. Qanun, skripka, fortepiano, kamança siniflərindəki şagirdlər düzgün səsləndirilmə, melodik həmahənglik üçün müəllimlərinin hər tapşırığına diqqət kəsilmişdilər. Ümumilikdə 15 ixtisas üzrə 402 şagirddə yüksək səviyyəli musiqi təhsili verən məktəbdə 106 nəfərlik müəllim heyəti çalışır. Burada fortepiano, skripka, violonçel, klarnet, fleyta, faqot, zərb alətləri, tar, kamança, qarmon, nağara, saz və vokal sinifləri fəaliyyət göstərir.
   Məktəb uğur və nailiyyətlərinin say çoxluğu ilə də seçilir. Məktəbin yetirmələri sırasında adı istedadların «Qızıl kitabı»na yazılmaqla Prezidentin fərdi təqaüdünə layiq görülənlər də az deyil.
   Məktəbin direktoru, Əməkdar müəllim Kamal Paşazadə ilə də dərs prosesində söhbətləşdik. Violonçel alətini tədris edən direktor ömrünün bir hissəsini həsr etdiyi musiqi məktəbinin hazırkı durumundan, ümumilikdə ölkədə bu sahəyə olan diqqət və qayğıdan məmnunluqla danışdı. Məktəbdə yaradılan yüksək şəraitə görə ölkə rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi. Respublikada musiqi və incəsənət məktəblərinin sistemli şəkildə təmir olunmasını və ən yüksək avadanlıqlarla təchiz olunmaqla yetişən nəsillərin ixtiyarına verilməsini dövlətin uğurlu daxili siyasətinin əsas hissəsi kimi yüksək qiymətləndirdi: «Bizim uğurlu, gözəl, savadlı insanların əlində olan gələcəyimiz indi yetişən nəsillərdən asılıdır. Onların yüksək peşəkarlığı və yüksək mənəvi zövqü sayəsində zəngin və qədim Azərbaycan mədəniyyəti öz uğurlu addımlarını davam etdirəcək, mədəniyyətimiz dünya mədəniyyətləri arasında öz layiqli yerini qoruya biləcək. Bu mənada dövlətin həyata keçirdiyi gənclər siyasəti, istedadlı uşaqların ölkə başçısı tərəfindən maddi və mənəvi baxımdan fərqləndirilməsi, eləcə də bu sahədə təhsil verən təhsil ocaqlarının təmir-bərpası bizi çox sevindirir. Məktəbimizin yeni, yüksək keyfiyyətli musiqi alətləri ilə təminatı da bizi məmnun edir. Bizim vəzifəmiz bu gözəl şəraitə yüksək səviyyəli, istedad və qabiliyyətini düzgün istiqamətləndirməklə Azərbaycan musiqisinin sabahını müəyyənləşdirən məzunlar yetişdirməkdir».
   
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar