Şövkət Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbi qabaqcıl tədris ocaqlarındandır
   
   Musiqi insan həyatında ən təsiredici gücə malik vasitələrdəndir desək, yəqin haqlı olarıq. Hər səslənən musiqi yeni mənəvi aləm, fərqli düşüncə yaradır. Bu aləmin sirlərinə yiyələnib onun ecazkarlığını ətrafa aşılamaq isə uzun illəri, hətta bir ömrü alır. Musiqi sənətinin təməli musiqi məktəbindən başlayır. Bu günlərdə paytaxtımızın qabaqcıl tədris müəssisələrindən olan Şövkət Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbində qonaq olduq.
   
   Müəllimlər yetişən nəslin təlim-tədrisi ilə səylə məşğul olurlar
   
   Məktəb 1967-ci ildən Bakı şəhərində fəaliyyətə başlayıb. 1993-cü ildən tədris ocağına Xalq artisti Şövkət Ələkbərovanın adı verilib. Bu günə qədər yüzlərlə şagirdin ilk musiqi təhsili məkanı olan məktəbdə hazırda 400-ə yaxın şagird təhsil alır. Burada Azərbaycan və rus bölməsi üzrə 11 ixtisas - fortepiano, skripka, klarnet, fleyta, tar, kamança, qarmon, nağara, xanəndəlik və sair, habelə nəzəriyyə fənləri tədris olunur. Ötən il məktəbin məzunlarından 15-i musiqi sahəsi üzrə ali və orta ixtisas təhsil ocaqlarına qəbul olunub. Qeyd edək ki, məktəbi hər il təxminən 60-65 şagird bitirir.
   Sevindirici hal odur ki, məktəbin məzunları ali təhsil ocaqlarını bitirdikdən sonra bəzən çalışmaq üçün yenidən buraya qayıdırlar. Yeni musiqiçi nəslinin yetişməsində səylə çalışırlar. Hazırda musiqi məktəbinin 14 müəllimi bu tədris ocağının yetirmələridir.
   20 saylı uşaq musiqi məktəbinin direktoru Sevda Məmmədova hazırda tədris müəssisəsində 92 müəllimin çalışdığını dedi: “Tədrisdə önəmli rol müəllimin üzərinə düşür. O tərbiyəçidir, maarifçidir, bir növ ixtisası üzrə yol göstərəndir. Bu gün bir çox qabaqcıl müəllimlərimizin şagirdləri festivallarda, müsabiqələrdə iştirak edərək uğurlar qazanırlar. Qanun ixtisası üzrə Kəmalə Cahangirova, kamança üzrə Salman Əzizov, fortepiano üzrə Mehriban Ələsgərova, Sevinc Sadıxova, Ruqiyyə Eldarova, Lalə Quliyeva, Rəna Zülfüqarova və digərlərini qeyd etmək olar”.
   Direktor müxtəlif illərdə tanınmış musiqi xadimlərinin məktəbdə pedaqoq kimi çalışdığını da qeyd etdi. Xalq artistləri Oqtay Rəcəbov, Ramiz Quliyev, əməkdar artistlər Nərgiz Əliyarova, Həmid Vəkilov, Əməkdar incəsənət xadimi Eldar Mansurov və başqaları bu məktəbdə dərs veriblər.
   
   Uğurlar, nailiyyətlər
   
   Məktəb daim müxtəlif musiqi festivalları və müsabiqələrdə iştirak edir. Sevda Məmmədova uşaq xor kollektivləri üzrə keçirilən respublika müsabiqəsindəki uğurları xüsusən qeyd etdi: “Bu müsabiqə üzrə 2004-cü ildə ikinci, 2005 və 2006-ci illərdə birinci, 2009-cu ildə yenidən ikinci və 2011-ci ildə keçirilən müsabiqədə Qran Pri mükafatına layiq görüldük. Xormeyster Tatyana Yatsenko xor kollektivimizin rəhbəridir və bacarıqlı müəllimlərimizdəndir. Xor üzrə məktəbin uğuru müəllim və şagirdlərin birgə zəhmətinin göstəricisidir. Məktəbimiz xalq çalğı alətləri üzrə müsabiqələrdə də daim iştirak edir. Müxtəlif illərdə, müxtəlif alətlər üzrə qələbələrimiz olub. Məktəbin şagirdləri beynəlxalq festivallara da qatılırlar. Ukraynada, Qazaxıstanda keçirilən musiqi festivallarındakı uğurlu iştiraklarını qeyd etmək istərdim”.
   
   Milli və klassik musiqi alətlərinə daha çox maraq var
   
   Hər zamanın bir dəbi olduğu kimi, XXI əsrin ikinci onilliyində hansı musiqi alətlərinə marağın olduğunu da direktordan soruşduq. S. Məmmədova fortepianoya hər zaman marağın daha çox olduğunu bildirdi: “Təbii ki, bura gələn şagirdlərin azyaşlı olduqlarına görə seçimi valideyni edir, lakin sonrakı illərdə uşağın istəyi önəm kəsb edir. Milli musiqi alətlərindən son illər tara maraq daha da artıb. Tar milli musiqi alətimiz olduğundan ona marağın artması bizi çox sevindirir. Azyaşlılar arasında bunun geniş yayılması təqdirəlayiqdir. Lakin kamançaya maraq nisbətən azalıb. Həmçinin nəfəs alətlərini seçən şagirdlərin sayı azdır. Bu sahədə bacardığımız qədər təbliğat aparırıq. Hər il məktəbimizə şagird qəbulundan öncə konsert proqramı ilə çıxış edirik və həmin konsertdə nəfəs alətlərinin ifasına daha çox yer veririk. Nəfəs alətləri üzrə müəllimimiz də azdır. Biz çalışırıq ki, onları da təbliğata cəlb edək. Orta məktəblərdə nəfəs alətləri üzrə konsertlər təşkil edək. Mədəniyyət və Turizm Nazirliyi də bu sahəyə şagird axınını artırmaqda maraqlıdır. Ona görə də təbliğat sahəsində onların gördüyü işlər, nəfəs alətləri üzrə keçirilən müsabiqələr, festivallar inanıram ki, yaxın gələcəkdə bu problemi həll edəcək”.
   
   Şagirdlər nə deyir?
   
   Məktəbi canlandıran isə hər zaman şagirdlərdir. Onlar həm də musiqimizin gələcəyidirlər. Məktəbdə təhsil alan bir neçə şagirdin fikirlərini öyrəndik. Yaqut Novruzova fortepiano üzrə 5-ci sinifdə təhsil alır: “Uşaqlıqdan fortepianoya marağım var idi. Artıq 5 ildir ki, musiqi üzrə təhsil alıram və bu günə qədər də uşaqlıqdakı sevgim qalıb. İndicə imtahandan çıxdım və nəticələrim də yaxşı oldu. Müəllimlərimi çox sevirəm. Bizim yolumuzda çox əziyyət çəkirlər. Gələcəkdə böyük musiqi səhnələrində çıxış etməyi arzulayıram”.
   Nigar Cəfərli isə musiqi məktəbini öz evləri kimi doğma sayır: “Evimizdə pianino olduğundan hər zaman musiqiyə marağım olub. Ali təhsilimi də musiqi üzrə davam etdirmək istəyirəm. Musiqi müəlliməsi olmaq istərdim”.
   Aytən Sadıxova isə musiqi üzrə hər hansı ixtisasa yiyələnməyi xoşbəxtlik hesab edir: “V sinifdə fortepiano üzrə təhsil alıram. Musiqi mənim üçün rahatlıqdır. İfa etdiyim zaman tam sərbəst oluram. Hələlik sənət seçimi etməmişəm. Musiqi də mənə doğmadır. Ola bilsin, elə seçimim səhnə oldu”.
   
   Tədris üçün daha yaxşı şərait yaradılacaq

   
   Musiqi məktəblərində ən mühüm məqamlardan biri də məktəbin musiqi alətləri ilə təmin edilməsidir. Son illər Mədəniyyət və Turizm Nazirliyi musiqi məktəblərinin alətlərlə təmin olunması ilə ciddi məşğuldur. 20 saylı uşaq musiqi məktəbinin də musiqi aləti bazası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmin edilir. Nəzəriyyə kitabları, proqramlar, musiqi üzrə dərsliklər yenidən nəşr olunur və məktəb tam şəkildə dərsliklərlə təmin olunur.
   20 saylı uşaq musiqi məktəbi iki binada fəaliyyət göstərir. Binalar köhnə olduğundan məktəb təmir proqramına salınıb. 2012-ci ildə 20 saylı uşaq musiqi məktəbi müasir standartlı bina ilə təmin ediləcək.
   
   Uşaq və qocalar evi də unudulmur
   
   Musiqi məktəbi bir çox xeyriyyə işləri həyata keçirir, müxtəlif bayramlar ərəfəsində, uşaq evlərində, qocalar evində konsert proqramları təşkil edirlər. Kamança ixtisası üzrə müəllimə Sevda Ələsgərova bu cür tədbirlərə həm müəllimlərin, həm də şagirdlərin həvəslə qoşulduğunu bildirdi: “Çalışırıq ki, musiqimizdən hər kəsə pay düşsün. Həm uşaqlar üçün stimul olsun. Bacardığımız qədər maraqlı musiqi nömrələri ilə çıxış edirik, xalq musiqisinə, milli mahnılarımıza yer ayırırıq”.
   Hər il məktəbin yekun konserti keçirilir. Bu tədbirdə məktəbin xalq çalğı alətləri orkestri, xor kollektivi çıxış edir. Solo musiqi nömrələri konserti daha da rəngarəng edir.
   Savadlı musiqiçilər yetişdirmək Ş. Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbinin əsas hədəfidir. Musiqimizin təbliğatı mədəniyyətimizin təbliğidir. Düzgün musiqi zövqünün formalaşması isə köklü bir mədəniyyətin iz salması deməkdir. Azərbaycanın zəngin musiqisi bütün dünyada tanınır. Bu zənginliyi qorumaq isə mədəniyyətimizi, mənəviyyatımızı və özlüyümüzü qorumaq deməkdir.
   
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar