Yanvarın 21-də görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti, “Şərəf nişanı” ordenli Şəfiqə Axundovanın 88 yaşı tamam olur. 100-dən çox mahnı, romans müəllifi olan sənətkar Azərbaycanda ilk opera (“Gəlin qayası”, librettosu İ.Coşqunundur) yazan qadın bəstəkardır. Musiqiyə dahi Üzeyir bəyin xeyir-duası ilə gələn tanınmış bəstəkar sonralar H.Xanməmmədovdan, A.Rzayevadan, F.Zeynalovadan, M.Nəsirbəyovadan, B.Zeydmandan dərs alır.
Hələ konservatoriyada oxuduğu illərdə bir çox vokal və instrumental əsərlər - N.Gəncəvinin (“Nə gözəl”, “Cahanda”), M.Füzulinin (“Fəqan etməz idim”) sözlərinə bəstələdiyi romanslar, “Zəfər mahnısı”, “Ana vətən” mahnıları və s. yazır. 1973-cü ildə mədəniyyətimizin inkişafındakı əməyinə görə Əməkdar incəsənət xadimi, 1998-ci ildə Xalq artisti adına layiq görülüb.
Yaradıcılığında mahnı janrına xüsusi yer verən Şəfiqə xanımın bəstələdiyi əsərlər həmişə populyar müğənnilər tərəfindən sevilərək ifa olunub, dinləyicilərin böyük rəğbətini qazanaraq yaddaşlara hopub. Bəstəkarın çoxlu sayda mahnısı Dövlət Televiziya və Radio Şirkətinin fondunda saxlanılır. 60-dək teatr tamaşasına (“Əlvida Hindistan”, “Rübailər aləmində”, “Yazığam, sevmə məni”, “Sən nə üçün yaşayırsan?” və s.) musiqi yazmış bəstəkarın yaratdığı əsərlərin siyahısını daha da genişləndirmək olar. Amma buna ehtiyac varmı? Şəfiqə Axundova hamı tərəfindən sevilən, hörmətlə qarşılanan, mahnıları dillər əzbəri olan istedadlı bəstəkarlardandır.
Yadımdadır, 40-45 il əvvəl mən 6 saylı musiqi məktəbində oxuyarkən Şəfiqə xanım da bu təhsil ocağına övladını gətirirdi. Hər gəlişində koridorda onun ətrafına o qədər valideyn yığılıb bəstəkarı sorğu-suala çəkirdi ki... Bir dəfə direktorumuz Qəzənfər Topçuyev fortepiano müəllimimiz Məryəm xanımı çağırıb demişdi ki, bəlkə Şəfiqə xanımla danışıb məktəbdə valideynlərin də iştirak edəcəyi bir görüş keçirək. Amma bəstəkar buna razı olmamışdı: “Analar orada sıxılıb ürəklərindən keçən sualları verməkdən çəkinərlər. Elə bu cür - adi, təbii görüşməyimiz yaxşıdır”. Bəli, görkəmli bəstəkar həmişə hər şeyi təbii, real görmək istəyib, təmtəraqdan uzaq olub.
Xalq artisti, professor, gözəl tarzən Zamiq Əliyev Şəfiqə xanım haqqında deyir: “Şəfiqə Axundovanın özəlliklərindən geniş bəhs etməyə çox da ehtiyac yoxdur - onun sənəti göz qabağındadır. Gözəl bəstəkarımız nə yazıbsa, hamısı şedevr əsərlərdir. Həmin bəstələr heç vaxt unudulmayacaq, zamanın gərdişində itib-batmayacaq. Bu da Şəfiqə xanımın muğamı fundamental surətdə bilməsindən, əsərlərinin muğama söykənməsindən irəli gəlir. İstedadlı bəstəkarımız dahi Üzeyir bəyin layiqli yetirməsidir. Mən onun “Layla” mahnısını tarın solosunda ifa etmişəm və bu lent yazısı radionun fondunda saxlanılır. İnanıram ki, Şəfiqə xanımın bundan sonra da öz əsərləri ilə sənətin zirvəsində olacaq”.
İradə Əsədova