“Hər zaman şən notlar ifa etmək istədiyimdən caza meylim artdı”
Musiqi mədəniyyəti tariximizdə instrumental ifaçılıq sahəsinin parlaq nümayəndələri olmuşdur. Milli musiqi alətlərimizlə yanaşı fortepiano, skripka və nəfəsli alətlər üzrə bu gün də tanınan və seçilən, adı tarixə düşən sənətkarlarımız az deyil. Onların ifaları nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da tanınır, rəğbətlə qarşılanır.
“İnstrumental ifaçılar” rubrikasının ilk qonağı ifaçılıq məktəbinin layiqli davamçılarından biri, Azərbaycan Televiziyası və Radiosu nəzdindəki estrada-simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru, tanınmış saksafon ifaçısı, Əməkdar artist Akif Süleymanbəylidir.
Müsahibim 1959-cu ildə Bakıda anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbinin klarnet sinfini, Ü.Hacıbəyli adına Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) nəfəsli alətlər şöbəsini bitirib. Sənətə gəlməyinin maraqlı tarixçəsi var. Elə ilk sualımız da bu barədə oldu.
- Saksafona maraq göstərməyinizin səbəbi nə idi?
- Rəhmətlik əmim konservatoriyanın təsərrüfat müdiri işləyirdi. Üzeyir bəylə yaxın dost idilər. Üzeyir bəy 40-cı illərdə Moskvadan konservatoriyaya nəfəsli alətlər üzrə müəllimlər dəvət edir. Azərbaycanda bu sahəyə maraq göstərənlər az olduğundan Üzeyir bəy əmimdən xahiş edir ki, tanışlarından olan gəncləri bu sənətə cəlb etsin. Əmim də mənim böyük qardaşlarımın marağını görüb onları məsləhət görür. Qardaşlarım məndən 10-15 yaş böyük olduqları üçün elə ağlım kəsəndən evdə saksafon aləti görmüşəm, səsini eşitmişəm. Qardaşlarımdan biri - Rafiq Süleymanbəyli uzun illər A.Zeynallı adına musiqi kollecində nəfəsli alətlər şöbəsinin müdiri vəzifəsində çalışıb.
- Bəlkə sənət yolunuza bir nəzər salaq?
- Musiqiçi kimi əmək fəaliyyətim televiziya və radionun nəzdindəki estrada-simfonik orkestrindən başlayıb. Onda Bülbül adına orta ixtisas musiqi məktəbinin son sinfində oxuyurdum. Onu da qeyd edim ki, orta ixtisas məktəbinin klarnet sinfində müəllimim Mehdi Novruzov, Konservatoriyada isə Qulam Səmədzadə və Elxan Babayev olublar. Tələbəliyimin son kursundan müəllimlik fəaliyyətinə başlamışdım. İlk dəfə olaraq Bülbül adına musiqi məktəbində məhz saksofon sinfinin açılmasına təşəbbüs göstərdim və buna nail oldum. 1983-cü ildə rəhmətlik Rəşid Behbudov məni rəhbərlik etdiyi Mahnı Teatrına dəvət etdi. Rəşid müəllim rəhmətə gedən ilədək (1989) orada çalışdım. Sonra yenidən orkestrə qayıtdım.
Hazırda Rostropoviçlər adına 21 saylı və Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Bülbül adına orta ixtisas musiqi məktəblərində dərs deyirəm. Bu gün uşaqlar arasında saksafon ifaçılığına maraq var, istedadlı uşaqlar çoxdur. Həmçinin AzTV-nin nəzdində fəaliyyət göstərən estrada-simfonik orkestrinin bədii rəhbəri və baş dirijoruyam.
- Səkkiz ildir ki, bu orkestrə rəhbərlik edirsiniz. Estrada-simfonik orkestri ilə çıxış edən müğənnilərimizin sayı çoxdurmu?
- Vaxtı ilə İ.Quliyeva, M.Tağıyev, F.Kərimova, O.Ağayev, A.İslamzadə, B.Dadaşova və başqaları bu orkestrin müşayiəti ilə oxuyublar. Son dövrdə isə musiqi sahəsində texniki imkanlar genişləndiyindən orkestrə tələbat azalıb. Orkestri bu gün anlayan və qavrayan gənc müğənnilər azdır. Eyni zamanda canlı səslə, orkestrin müşayiəti ilə oxumağı bacaran gənc müğənnilər azdır. 40 nəfərlik kollektivi olan orkestri fəaliyyətdə saxlamaq üçün çox savadlı musiqiçilər və aranjimançılar lazımdır. Canlı orkestr üçün notları, partiyaları yazan aranjimançılar hazırda, demək olar ki, yoxdur. Bizim orkestr üçün mən özüm aranjiman edirəm, sonrası nə olacaq, Allah bilir.
- Bu günə kimi neçə albomunuz dinləyicilərə təqdim olunub?
- İki musiqi albomum işıq üzü görüb. Bu albomlarda unudulmuş, köhnə bəstəkar mahnılarını dinləyicilərə yeni aranjimanda təqdim etmişəm. Ə.Tağıyev, T.Quliyev, R.Hacıyev, C.Cahangirovun az səslənən melodiyalarını bir az caz, bir az da rok variasiyaları ilə musiqisevərlərə çatdırmaq istəmişəm. Hazırda estafeti oğlanlarıma vermək istəyirəm. Hər ikisi sənətdədir. Cahangir piano, Teymur isə saksafon ifaçısıdır.
- Caz musiqisinə olan sevginiz nə ilə bağlıdır?
- Atamı erkən yaşlarımda itirmişdim. Ailəmiz muğama, milli musiqiyə yaxın olduğundan atamdan sonra evimizdə muğam səslənəndə anam və bacım çox kövrələrdilər, atamın xatirəsi onları üzürdü. Bu səbəbdən də istər qardaşlarım, istərsə də mən evdə həmişə kövrək notlardan qaçardıq. Sadəcə, bir az şən notlar ifa etmək məqsədi ilə caza meylim artdı. Düşünürəm ki, cazı sevmək, duymaq üçün mühit lazımdır. İnsanın yaşayıb böyüdüyü mühit onun musiqi zövqünün formalaşmasında böyük əhəmiyyət kəsb edir.
- Azərbaycanda bu gün cazın inkişafını necə qiymətləndirirsiniz?
- Biz vaxtilə cazı öyrənmək üçün xarici filmlərə təkrar bilet alıb gedirdik ki, filmdə səslənən musiqinin harmoniyasını tutub özümüz işləyə bilək. İndiki gənclərdə həmin aura çatmır. Nadir hallarda olur ki, milli musiqi alətində ifa edən gənc Avropa, Avropa musiqisini bilən gənc isə milli musiqini dərindən bilsin. Hazırda hər millət klassik caz üzərində öz milli caz kompozisiyalarını yaradır, sintez edir. Bu ənənəvi cazdan maraqlı olur. Çalışqan gənclərimiz çoxdur. Amma bu sahədə dərin təfəkkürə malik olmaq lazımdır. Rəhmətlik Vaqif Mustafazadə milli musiqimizə dərindən bələd idi, eyni zamanda Avropa musiqisini gözəl bilirdi. O, iki dünyanı özündə birləşdirmişdi. Ona görə də onun yaratdıqları ölməz və əbədiyaşardır.
Lalə Azəri