Müsabiqə “Light your fire” - “Öz məşəlini alovlandır” şüarı altında keçiriləcək
   
   Yanvarın 25-də Bakıdakı “Buta Palace”da “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıqla bağlı ilk təntənəli mərasim keçirilmişdir. Möhtəşəm tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, Avropa Yayımları Birliyinin (EBU), diplomatik korpusun nümayəndələri, xarici qonaqlar, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər. “Eurovision” gecəsini işıqlandırmaq üçün Azərbaycana gəlmiş bir çox ölkələrin - Gürcüstan, Finlandiya, Almaniya, Serbiya, Malta, Moldova, Estoniya, Belarusun ictimai yayımçıları və “Euronews” telekanalının reportyorları mərasimdə olmuşlar.
   
   Mərasim ölkəmizin “Eurovision-2011” mahnı müsabiqəsində möhtəşəm qələbəsini əks etdirən videoçarxın nümayişi ilə başlamışdır. Təntənəli tədbirin vacib məqamlarından biri müsabiqənin konsepsiyasının təqdimatı olmuşdur. Möhtəşəm “Eurovision” axşamında Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlanmışdır.
   
   “Light your fire” - “Öz məşəlini alovlandır”
   
   Odlar Yurdu Azərbaycanda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin loqosunda mədəniyyətimizdə xüsusi yeri olan od, çox qədim tarixə malik musiqimizi xarakterizə edən rəqs, şəffaflıq, əmin-amanlıq və sülhpərvərliyi təcəssüm etdirən günəş, ay və ulduzlar təsvir olunmuşdur.
   Zəngin mədəniyyətimizdə xüsusi yeri olan od fəlsəfəsi bu gün də bayramlarımız, incəsənət nümunələrimiz, memarlığımızda çox aktualdır. Böyük bir coğrafiyanı əhatə edən Novruz bayramında insanlar tonqalın ətrafında bir araya gəlir, təbiətin oyanmasını, həyatın sanki yenidən başlanmasını böyük şənliklərlə qeyd edirlər.
   Könlümüzə hərarət verən od Azərbaycan xalqının istiqanlı, qonaqpərvər, qayğıkeş xüsusiyyətlərində öz təcəssümünü tapır. Həyatımızın enerji mənbəyi hesab etdiyimiz alov demək olar ki, bir-birindən çox fərqli naxışlarla mədəniyyət incilərimizdə əks etdirilmişdir.
   Ona görə də “Eurovision-2012” mahnı müsabiqəsi “Light your fire” (Öz məşəlini alovlandır) şüarı altında keçiriləcəkdir.
   2004-cü ildən etibarən “Eurovision” müsabiqəsinin içərisində ev sahibliyi edən ölkənin bayrağı əks olunmuş ürək şəkilli loqosu vardır. Buna baxmayaraq, hər il ev sahibi olan ölkə həmin loqoya əlavə olaraq öz loqosunu, başqa sözlə, müsabiqənin konsepsiyasının bədii təsvirini təqdim edir. Müsabiqənin builki loqosunda Azərbaycanın əsas elementləri olan buta və od əksini tapıb.
   
   “Ümidvaram ki, “Eurovision-2012” təmtəraqlı və hərarətlə keçiriləcək”
   
   Təntənəli mərasimdə Bakı şəhəri “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyini rəsmən qəbul etmişdir.
   Almaniyanın Düsseldorf şəhərinin meri Dirk Elsbers yarışmanın rəmzi açarını Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim etmişdir. Bununla da Bakının “Eurovision-2012”-yə ev sahibliyi rəsmən qəbul olunmuşdur.
   Düsseldorf şəhərinin meri Dirk Elsbers çıxışına Azərbaycan dilində “Bakı, axşamın xeyir!” sözləri ilə başladı. İştirakçıları salamlayan qonaq tədbirə qatılmağından böyük şərəf duyduğunu dedi:
   - Dəvətinizə görə sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Ötən il Düsseldorf da “Eurovision-2011” mahnı müsabiqəsinin ev sahibi kimi, bu cür təntənəli mərasimi keçirməyə müvəffəq olmuşdur. Bu da çox yaddaqalan bir hadisəyə çevrilmişdir. “Eurovision-2011” mahnı müsabiqəsi, doğrudan da, həm şəhər sakinləri üçün, həm də qonaqlar üçün həddən artıq təntənəli mərasimə çevrilmişdir. Biz o unudulmaz anları indiyə qədər xatırlayırıq. Beləliklə, Eldar Qasımov və Nigar Camal ötən il bu müsabiqənin çox qeyri-adi, çox gözəl və istedadlı qalibləri olmuşlar. Bunun nəticəsində Düsseldorfdan sonra bu mərasimə ev sahibliyi edəcək şəhər məhz Bakı olmuşdur. Ümidvaram ki, bu il - 2012-ci ildə sizdə baş tutacaq bu mahnı müsabiqəsi, bizdəki kimi, təmtəraqlı və hərarətlə keçiriləcəkdir. Bu rəmzi açarın Bakı merinə təhvil verilməsindən həqiqətən böyük məmnunluq və şərəf duyuram ki, bundan sonra “Eurovision” müsabiqəsinə məhz Bakı rəsmən ev sahibliyi edəcəkdir.
   
   Müsabiqəyə hazırlıq daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir
   
   Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov mərasim iştirakçılarına müraciət edərək Azərbaycan paytaxtının “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyini rəsmən qəbul etməsi münasibətilə hər kəsi təbrik etdi: - Ötən ilin mayında təmsilçilərimizin Düsseldorf səhnəsində uğurlu çıxışı Avropanın ən möhtəşəm musiqi yarışmasında ölkəmizə parlaq qələbə qazandırdı.
   Dünya musiqi xəzinəsinə dəyərli töhfələr vermiş Azərbaycanda bu qələbə böyük coşqu ilə qarşılandı. Şəhərimizin sakinləri bu qələbəni səhərə qədər küçələrdə böyük təntənə ilə bayram etdilər. Dünyanın ən gözəl şəhərlərindən biri olan, Şərq və Qərb sivilizasiyasını, tarixi varisliyi və müasirliyi özündə təcəssüm etdirən doğma Bakımız “Eurovision-2012” mahnı müsabiqəsini keçirməyə səylə hazırlaşır.
   Bütün musiqisevərlərin səbirsizliklə gözlədiyi bu müsabiqənin rəmzi açarı ona ev sahibliyi etməyə hazırlaşan doğma Bakımıza rəsmən təqdim olundu. Bununla da gündən-günə “Eurovision-2012” əhvali-ruhiyyəsi artan şəhərimizdə bu mötəbər tədbirin təməli qoyulmuş oldu.
   “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı həyata keçirilən bütün tədbirlərin Azərbaycan rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılması bizə tam əminliklə deməyə əsas verir ki, bu möhtəşəm musiqi bayramı ölkəmizə gələcək bütün qonaqların yaddaşlarında silinməz iz qoyacaqdır. Onlar təkcə “Eurovision-2012” mahnı müsabiqəsinin deyil, həmçinin zəngin tarixi izlərin yaşadığı doğma Bakımızın gözəlliyinin, müxtəlif mədəniyyətlərə məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrimizin və şəhər sakinlərinin qonaqpərvərliyinin şahidi olacaqlar. Sizin hər birinizi Bakıya - “Eurovision-2012” mahnı müsabiqəsinə dəvət edirik.
   Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 may 2011-ci il tarixli sərəncamı ilə Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva rəhbərlik edir.
   
   Müsabiqə “Baku Crystall Hall”da keçiriləcək
   
   Rəmzi açarın təqdimat mərasimindən sonra “Eurovision-2012” yarışmasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilmişdir.
   “Eurovision” layihəsinin rəhbəri Yand Ola Sand çıxış edərək müsabiqənin şərtləri barədə məlumat vermişdir.
   Layihənin rəhbəri bugünkü mərasimi mayda keçiriləcək “Eurovision-2012”-nin ilk addımı adlandırmışdır. Yand Ola Sand ilk “Eurovision” müsabiqəsinin 1956-cı ildə keçirildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu təntənəli musiqi bayramı həmin ildən bu günədək hər il keçirilməkdədir. Bu müddətdə “Eurovision”un əhatə dairəsi də xeyli genişlənmişdir.
   Yand Ola Sand qeyd etmişdir ki, müsabiqə ilə bağlı Bakıya minlərlə qonaq gələcəkdir. O, müsabiqə ilə bağlı Azərbaycanda indiyədək görülən işlərin çox yüksək səviyyədə aparıldığını demişdir.
   Layihənin rəhbəri 57-ci “Eurovision” mahnı müsabiqəsinin yeri barədə məsələyə də aydınlıq gətirdi. Qeyd etdi ki, müsabiqə hazırda Bakıdakı Dövlət Bayrağı Meydanında inşa olunan “Baku Crystall Hall”da keçiriləcək. Bu barədə qərar yanvarın 25-də “Eurovision” mahnı müsabiqəsi Məşvərət Qrupunun iclasında qəbul edilmişdir. Avropa Yayım Birliyinin nümayəndələri yanvarın 25-də “Baku Crystall Hall”da olmuşlar. Nümayəndələr burada aparılan tikinti işləri ilə yaxından tanış olmuş və layihəni icra edən tikinti şirkətinin rəhbərləri ilə görüşmüşlər. Qonaqlar bu zalın ən yüksək standartlara cavab verdiyini bir daha bəyan etmişlər.
   Yand Ola Sand göstərilən bütün dəstəyə görə “Eurovision” müsabiqəsinin təşkilatçıları adından Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirdi. Azərbaycan tərəfinin yüksək peşəkarlıq nümayiş etdirməsindən məmnun qaldığını vurğuladı: “Biz eyni zamanda sizin cəmiyyətinizin bu mərasimə dəstəyini yüksək qiymətləndiririk. Qarşıda bizim 117 günümüz qalır. Bu müddət ərzində hələ çox işlər görülməlidir”.
   
   Birinci yarımfinalda 18, ikinci yarımfinalda 19 ölkə mübarizə aparacaq
   
   “Eurovision” layihəsinin rəhbəri bildirdi ki, müsabiqə mayın 22-də Avropa vaxtı ilə saat 21.00-da başlanacaq. Yarışmada iki yarımfinal, bir final mərhələsi keçiriləcəkdir.
   Yand Ola Sand müsabiqəyə ümumilikdə 43 ölkənin qatıldığını, onlardan 6-sının bilavasitə finalda çıxış edəcəyini bildirmişdir. Layihənin rəhbəri demişdir ki, “Böyük beşliyə” daxil Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də müsabiqənin ötənilki qalibi və builki ev sahibi Azərbaycan birbaşa mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcək.
   Sonra yarışmanın yarımfinal mərhələlərinin püşkləri atıldı. Püşkatma nəticəsində məlum oldu ki, Azərbaycan, İspaniya, İtaliya birinci, Böyük Britaniya, Almaniya və Fransa ikinci yarımfinalda səs verəcəkdir. Mayın 22-də keçiriləcək birinci yarımfinalda 18, mayın 24-də keçiriləcək ikinci yarımfinalda isə 19 ölkə mübarizə aparacaqdır.
   Mayın 22-də keçiriləcək ilk yarımfinalda Monteneqro, İslandiya, Moldova, Kipr, Rumıniya, Avstriya, Albaniya, Danimarka, Rusiya, Belçika, Latviya, San-Marino, İsveçrə, Finlandiya, İsrail, Yunanıstan, İrlandiya və Macarıstan təmsilçiləri yarışacaqlar.
   Mayın 24-də keçiriləcək ikinci yarımfinalda isə Serbiya, İsveç, Gürcüstan, Niderland, Portuqaliya, Sloveniya, Makedoniya, Estoniya, Belarus, Türkiyə, Malta, Slovakiya, Xorvatiya, Norveç, Ukrayna, Ermənistan, Litva, Bolqarıstan, Bosniya və Herseqovina təmsilçiləri iştirak edəcəklər.
   Hər yarımfinaldan 10 ölkə finala vəsiqə qazanacaq. Mayın 26-da keçiriləcək finalda 26 ölkənin təmsilçiləri qələbə uğrunda yarışacaq, ümumilikdə isə səsvermədə 43 ölkə iştirak edəcək.
   Ötən il yarışmaya qatılmamış İtaliya, Macarıstan, Avstriya təmsilçiləri də Bakı müsabiqəsinin iştirakçıları arasında olacaqlar. “Eurovision” mahnı müsabiqəsində son üç ildə iştirak etməyən Monteneqro təmsilçisi də builki yarışmaya qatılacaqdır. “Eurovision” mahnı müsabiqəsində iştirak edən ölkələrin sayı 2008-ci və 2011-ci illərdəki rekordu (43 ölkə) təkrarlamışdır.
   Yarımfinal mərhələlərində iştirak edən ölkələrin “Eurovision 2012”-də çıxış ardıcıllığı isə cari ilin martında nümayəndə heyətləri rəhbərlərinin görüşü zamanı keçiriləcək püşkatma nəticəsində bəlli olacaqdır.
   
   Azərbaycan musiqisi gecəyə rəng qatdı
   
   Püşkatma mərasimindən sonra Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət kamera orkestrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səslənmişdir. Qeyd edək ki, mərasim bir neçə ölkənin televiziya kanalı, eləcə də eurovision.tv ilə canlı yayımlanırdı. Bu isə o demək idi ki, gecəyə rəng verən Azərbaycan musiqisi Avropaya və dünyaya təqdim olundu.
   Milli musiqi alətimiz olan balabanda səslənən lirik melodiya musiqi çələnginə həzin notlar qatdı. Azərbaycanın Xalq artisti Alim Qasımovun və İsveçrədə keçirilən 43-cü Beynəlxalq Montre caz müsabiqəsinin qalibi İsfar Sarabskinin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Alim Qasımovun ifasında Azərbaycanın xalq mahnısı “Sarı gəlin” qonaqlara xüsusilə zövq verdi.
   Mərasimdə “Eurovision” ulduzları çıxış ediblər. Azərbaycana qalibiyyət gətirən Eldar Qasımov və Nigar Camal, müsabiqənin 2010, 2009 və 2004-cü illər üzrə qalibləri Lena Mayer (Almaniya), Aleksandr Rıbak (Norveç), Ruslana (Ukrayna), habelə 2009-2010-cu illərdə “Eurovision”da uğurla iştirak etmiş təmsilçilərimiz Aysel Teymurzadə, Səfurə Əlizadə populyar mahnılarını ifa etdilər. Tədbirdə Azərbaycanın milli rəqsləri də ifa olundu.
   
   “Bu, artıq röya deyil”
   
   Ukrayna təmsilçisi Ruslana Azərbaycanın ev sahibliyindən qürur duyduğunu və bunun artıq röya olmadığını dedi. O, Azərbaycanın “Eurovision” qalibiyyətinə hər zaman inandığını bildirdi: “Bu, artıq röya deyil. Mən çox sevinirəm ki, Azərbaycan bu yarışmada qalib gəldi və biz də bu sevincli anların iştirakçıları olmuşuq. Azərbaycanın ev sahibliyi məni çox sevindirir və bu işin öhdəsindən çox yüksək səviyyədə gələcəyinizə əminəm”.
   Aleksandr Rıbak Azərbaycanda “Eurovision” müsabiqəsində iştiraka böyük önəm verildiyini, hər müsabiqəyə səylə hazırlıq görüldüyünü, ötənilki qalibiyyətin də bunun nəticəsi olduğunu dedi. Musiqiçi may ayına qədər Azərbaycan xalqı ilə sağollaşdı və Azərbaycana uğurlar arzuladı.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar