Azərbaycan xalqının tarixi qədər mədəniyyəti də qədimdir. Bu qədim mədəniyyətin bir qolunu da musiqi sənəti təşkil edir. Xalqımızın tarixi, adət-ənənələri, psixologiyası, düşüncə tərzi, milli təfəkkürü və s. bu kimi cəhətlər milli musiqi xəzinəmizin əsas mənbəyidir.
Xalqın ruhundan süzülən melodiyalar onun təfəkküründən yaranan sözlərlə qovuşaraq tariximizin səs yaddaşından silinməyən nəğmələrə çevrilib. Bu nəğmələr əsrlərin sınağından çıxaraq dildən-dilə, nəsildən-nəslə keçərək günümüzə gəlib çatıb. Onlardan biri də sorağı Şah İsmayıl Xətai dövründən gələn “Sarı gəlin” mahnısıdır.
“Sarı gəlin” Azərbaycan xalq mahnıları içərisində qədim tarixi olan nəğmələrimizdən biridir. Tarixi mənbələrdə belə bir fakt öz əksini tapır ki, Azərbaycan dövlətçiliyinin, o cümlədən dilimizin və mədəniyyətimizin təəssübkeşi olan Xətai bu mahnını dəyər verdiyi bir xanıma ithaf etmişdir. Bu fikrin təsdiqi üçün mahnıdakı bir misra ilə Xətai poeziyasını uzlaşdıra bilərik. Belə ki, «Sarı gəlin» mahnısında oxunan “gülü sulu dərməzlər» misrası ilə Xətainin “qızılgül bağu-bostanım nə dersən?” misrası arasında bir məna yaxınlığı duyulur. Bu da Xətainin gözəl xanımı gülə bənzətməsi düşüncəsindən irəli gəlir.
Təbii ki, neçə əsr bundan əvvəl yaranan nəğmə zamanın süzgəcindən keçə-keçə bəzi təbəddülatlara məruz qalmışdır. Amma mahnı öz orijinallığını itirməyərək bu günümüzə gəlib çatıb. Bu fikri söyləməyə əsas verən ilk cəhət mahnının ladıdır. “Sarı gəlin” mahnısı «Şur» ladındadır. Onu da qeyd etməliyik ki, «Şur» əsas muğam dəstgahlarımızdan biridir və Azərbaycan xalq mahnılarının əksəriyyəti məhz bu laddadır. Bu da «Sarı gəlin» mahnısının Azərbaycan xalqına məxsus olmasını təsdiq edən əsas faktdır. Daha bir cəhət isə mahnının ritmik və melodik çalarları ilə bağlıdır. Bu baxımdan da «Sarı gəlin» Azərbaycan xalq mahnıları üslubundadır. Mahnının ifa xüsusiyyətləri də Azərbaycan xalq musiqisinin ənənələrinə əsaslanır.
«Sarı gəlin» mahnısını Azərbaycan ifaçılıq sənətində adı hörmətlə çəkilən unudulmaz xanəndələrimiz oxumuşlar. Bunlardan Hacı Hüsü, Mirzə Səttar, Məşədi Məmməd Fərzəliyev, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu kimi sənətkarların adını çəkə bilərik. Sonrakı dövrlərdə Əlövsət Sadıqov, Əbülfət Əliyev, Bakir Haşımov, Qədir Rüstəmov, Canəli Əkbərov və başqaları «Sarı gəlin» mahnısını öz repertuarlarına daxil etmişlər. Hətta bu mahnı instrumental şəkildə də ifa olunmuşdur. Bunun ən gözəl nümunələrinə məşhur kamança ifaçısı ustad Habil Əliyevin, pianoçu Çingiz Sadıqovun, balabançalan Fərhad Hüseynovun ifaları misal ola bilər.
“Sarı gəlin” mahnısı Azərbaycan estrada musiqisinin tələbləri ilə uzlaşaraq yeni tərzdə Akif İslamzadə tərəfindən ifa olunmuşdur. “Sarı gəlin” mahnısı ilə bağlı daha bir tarixi məlumat onu qədim Qarabağ adət-ənənələri ilə bağlayır. Belə ki, ötən əsrlərdə Qarabağda nişanlı qızlar sarı örpək örtərmişlər. Bu onları bir növ yad gözlərdən qoruyarmış. Elə mahnının sözlərindəki “Səni mənə verməzlər” misrası da məhz buna işarədir. Yəni artıq sən nişanlısan, səni mənə verməzlər.
Əlbəttə, sahibi olan hər bir varlıq yalnız öz sahibinə məxsusdur. Bu mənada “Sarı gəlin” mahnısı da öz dəyərləri baxımından Azərbaycan xalqının milli musiqi xəzinəsinin silinməz incisidir.
Bu mahnı Azərbaycan bəstəkarlarının və musiqişünaslarının da diqqətini cəlb etmişdir. Belə ki, Asəf Zeynallı və Səid Rüstəmov kimi bəstəkarlar mahnını nota yazmış, Bayram Hüseynli və digər musiqişünaslar mahnı üzərində təhlillər aparmışlar. “Sarı gəlin” mahnısından digər Azərbaycan bəstəkarları da öz əsərlərində həm sitat, həm də işlənmə şəklində istifadə etmişlər. Mahnının daha bir not yazısına 2005-ci ildə «Öndər» nəşrdə işıq üzü görən «Azərbaycan xalq mahnıları» məcmuəsində rast gəlirik. Məcmuədə № 135 not yazısı Səyavuş Kəriminindir. “Sarı gəlin” mahnısını bəstəkar Elnarə Dadaşova da xor və solist üçün işləmişdir. Bu ifa da Rauf Adıgözəlova məxsusdur.
Belə bilirik ki, bütün bu və ya digər faktlar “Sarı gəlin” mahnısının Azərbaycan musiqi mədəniyyəti üçün böyük əhəmiyyətindən və mahnının sırf Azərbaycan xalq musiqisi ənənələrinə bağlılığından soraq verir. Amma nədənsə bu tarixi faktları bəziləri unudurlar. Bu cəhət xüsusən də torpaqlarımızda məskunlaşıb bizə düşmən kəsilən ermənilər üçün daha xarakterikdir. Onlar torpaqlarımızı işğal etdikləri kimi, milli dəyərlərimizə də sahib çıxmağa çalışırlar. Amma bunu dərk etmirlər ki, tarix yalanlar yox, həqiqətlər üzərində qurulur. Odur ki, əsl həqiqət tarixin yaddaşından silinmir. Elə “Sarı gəlin” də Azərbaycan tarixinin səs yaddaşından silinməyən bir el nəğməsidir.
Səadət Təhmiraz qızı,
musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru