Görkəmli musiqiçi Polad Bülbüloğlunun 67 yaşı tamam oldu
   
   Məşhur bəstəkar və müğənni, Xalq artisti, professor Polad Bülbüloğlu 1945-ci il fevralın 4-də Bakıda anadan olub. Böyük müğənni, SSRİ Xalq artisti Bülbülün ailəsindəki musiqi aurası, yüksək sənət mühiti kiçik yaşlarından onu ağuşuna alır, gələcək həyat yolunu müəyyənləşdirir.
   
   İlk dəfə 15 yaşında, 1960-cı ildə böyük səhnəyə çıxır, atasını fortepianoda müşayiət edir. 16-17 yaşlarında ilk əsərlərini bəstələyir. “Sumqayıt haqqında mahnı”, “İlk görüşdən”, “Moskva haqqında mahnı”, “Sabahınız xeyir” mahnıları musiqisevərlər tərəfindən rəğbətlə qarşılanır.
   Musiqi məktəbini fortepiano ixtisası üzrə bitirdikdən sonra 1963-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (Bakı Musiqi Akademiyası) daxil olur və dahi bəstəkar Qara Qarayevin sinfində təhsil alır. 1968-ci ildə konservatoriyanı bitirəndə o, artıq nəinki respublikamızda, bütün SSRİ-də tanınan müğənni və bəstəkar idi. 1969-cu ildə SSRİ Bəstəkarlar İttifaqının və SSRİ Kinematoqrafçılar İttifaqının üzvü seçilir.
   70-ci illərdə Polad Bülbüloğlunun müğənni və bəstəkar kimi populyarlığı keçmiş SSRİ-nin sərhədlərini də aşır. Azərbaycan Dövlət Estrada Ansamblına rəhbərlik edən (1976) musiqiçi dünyanın 70-dək ölkəsində konsert proqramları ilə çıxış edir. Onun mahnılarını Sovet İttifaqının ən məşhur müğənniləri - Müslüm Maqomayev, İosif Kobzon, Lev Leşşenko və başqaları ifa edir.
   Polad Bülbüloğlunun 20-dən çox ekran əsərinə yazdığı musiqilər milli kinomuza da töhfələr verib. “İstintaq davam edir” (1966), “Uşaqlığın son gecəsi” (1968), “Babək” (1979), “Sevinc buxtası” (1977), “Yol əhvalatı” (1980), “Qorxma, mən səninləyəm” (1981) və s. filmlərin tamaşaçılar tərəfindən sevilməsində Polad Bülbüloğlunun koloritli musiqisinin də önəmli yeri var. O, “Qorxma, mən səninləyəm” filmində eyni zamanda baş rolu (Teymur) məharətlə oynayaraq kinodakı xidmətlərinə daha birini əlavə edib. Qeyd edək ki, hazırda “Qorxma, mən səninləyəm” filminin davamı (30 il sonra) çəkilir və Polad Bülbüloğlu bu ekran əsərində həm bəstəkar, həm də əsas rollardan birinin ifaçısı kimi çıxış edir. Onun kinodakı son işlərindən biri “Hökmdarın taleyi” (2008) filminə yazdığı musiqidir.
   Bəstəkarın zəngin yaradıcılıq aktivinə teatr tamaşalarına musiqilər, simfonik əsərlər, süitalar, vokal-simfonik silsilələr, kamera-instrumental musiqisi, 100-ə yaxın mahnı daxildir. Onun "Məhəbbət və ölüm" baleti çağdaş musiqi sənətimizə, musiqi mədəniyyətimizin dünyada təbliğinə mühüm töhfədir. Əsər Rusiyada, Türkiyədə uğurla səhnələşdirilib, eləcə də ötən il Bakıda sənətsevərlərə təqdim olunub.
   Polad Bülbüloğlu 1973-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1982-ci ildə isə Xalq artisti adına layiq görülüb.
   1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib, 1994-2005-ci illərdə TÜRKSOY-un baş direktoru olub. 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətində göstərdiyi böyük xidmətlərə görə ölkəmizin yüksək dövlət təltifinə - “İstiqlal” ordeninə layiq görülüb.
   2006-cı ildə Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib və bu günədək həmin vəzifədə işləyir. 2007-ci ildə Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub. O həmçinin Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən “Müqəddəs Knyaz Nevski” mükafatına layiq görülüb. Ölkəmizin mədəni və ictimai həyatında göstərdiyi xidmətlərə, uğurlu diplomatik fəaliyyətinə görə Çingiz Mustafayev Fondu tərəfindən 2009-cu ildə “İlin adamı” elan edilib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar