2012-ci ilin ikinci ayını yaşayırıq. Mədəniyyət və incəsənət sahəsində uğurlar bir-birini əvəz edir. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Nərmin Nəcəfli və Rüstəm Zeynalovun Estoniyanın Narva şəhərində keçirilmiş Şopen adına beynəlxalq müsabiqədən gələn xoş sorağı hamımızı sevindirdi.
   
   Yanvarın 29-dan fevralın 5-dək keçirilən müsabiqədə Estoniya, Azərbaycan, Ukrayna, Polşa və s. ölkələrdən 60-dək ifaçı iştirak edib. Rüstəm Zeynalov müsabiqədə Qran-pri, Nərmin Nəcəfli isə birinci mükafata layiq görülüb.
   Qaliblərlə söhbətimiz müsabiqədə çıxışları və qələbə təəssüratları ilə bağlı oldu.
   
   Şopenin əsərlərinin ən yaxşı ifaçısı

   Nərmin Nəcəfli 1996-cı ildə anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin IX sinfində fortepiano ixtisası üzrə Ədilə Rəhimovanın sinfində təhsil alır. Bu günə kimi bir çox beynəlxalq müsabiqələrin laureatı olub. 2010-cu ildə Almaniyada keçirilən beynəlxalq müsabiqədə xüsusi mükafata layiq görülərək İtaliyada konsert proqramı ilə çıxış etmək hüququ qazanmışdır. Ötən ilin aprelində isə İtaliyada Eppan şəhərində çıxış etmiş, tanınmış musiqiçi, professor Andrea Bonattanın xüsusi istedada malik uşaqlar üçün təşkil etdiyi ustad dərslərində iştirak etmişdir. 2007-ci ildən adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na salınıb, Prezident təqaüdçüsüdür.
   Müsabiqədə orta yaş qrupunda (12-15) çıxış edən Nərmin mübarizənin çətin keçdiyini bildirir: “Öz qrupumda qalib oldum və bundan əlavə üç xüsusi mükafata layiq görüldüm. Bunlar Şopenin əsərlərinin ən yaxşı ifasına görə, Finlandiyanın Şopen İnstitutunun və Narva şəhər meriyasının mükafatlarıdır. Müsabiqədən sonra laureatların konserti və mükafatlandırma mərasimi keçirildi. Konsertdə Azərbaycan səfirliyi və diasporumuzun nümayəndələri də iştirak edirdilər. Bakıya qayıtdıqda məktəbimiz bizi böyük sevinclə qarşıladı. Direktorumuz Teymur Göyçayev bizi təbrik etdi. Uğurlarıma görə müəlliməm Ədilə Rəhimovaya çox minnətdaram.
   
   Gözlənilməz qalibiyyət
   
   Rüstəm Zeynalov 1995-ci ildə Bakıda doğulub. 2002-ci ildə 4 saylı musiqi məktəbinin fortepiano sinfinə daxil olub. 2004-2011-ci illər ərzində bir çox müsabiqələrdə iştirak edib, beynəlxalq səviyyəli festivalların qalibi olub. 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə adı gənc istedadların “Qızıl kitabı”na salınıb, Prezident təqaüdünə layiq görülüb. 2008-ci ildən təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində davam etdirən Rüstəm bu günə kimi bir çox konsert proqramları ilə də çıxışlar etmişdir. Bu sırada Almaniyada keçirilən “Young euro classic” beynəlxalq festivalındakı çıxışı, “Üns” yaradıcılıq səhnəsindəki solo konserti, Parisdə UNESCO-nun mənzil-qərargahındakı konserti və s. qeyd etmək olar.
   Estoniyadakı qələbəsindən danışan Rüstəm bunları bildirdi: ”Öz yaş qrupumda 18 ifaçı ilə yarışırdım. Üç turdan ibarət olan yarışmada müraciət etmiş 48 nəfərdən 15-i mübarizəyə qoşulmaq imkanı əldə etmişdi. Fasiləsiz olaraq dörd gün yarışdıq. Artıq ilk turdan sonra mənə həm münsiflərin, həm də dinləyicilərin marağı olduğunu hiss etdim. Qələbə qazanmağımda əməyi olan hər kəsə, xüsusilə müəlliməm Dilarə Mirzəquliyevaya minnətdaram”.
   Rüstəm Zeynalovun müsabiqədə Qran-pri mükafatı qazanması Estoniyanın televiziya və mətbuatında da rezonans doğurub. Münsiflərin fikirləri isə belə idi: “O, böyük istedada və yaxşı peşəkar bazaya malik ifaçıdır. İfası təkrarolunmazdır. Gələcəyin məşhur pianoçusu ola bilər”.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar