Fevralın 24-də Serbiyada keçirilən Davorin Jenko adına IX beynəlxalq musiqi müsabiqəsinin ilk mərhələsinə yekun vurulub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müsabiqədə iştirak edən Xırdalan Şəhər Uşaq Musiqi Məktəbinin VII sinif şagirdi, yeniyetmə pianoçu Atabala Manafzadə vətənə uğurla qayıdıb.
Əldə etdiyi uğurun sevincini bizimlə paylaşan yeniyetmə musiqiçi bildirdi ki, Davorin Jenko adına IX beynəlxalq musiqi müsabiqəsi fortepiano, nəfəs alətləri və kamera ansamblı ixtisasları üzrə təşkil olunur. Belqrad şəhərində keçirilən müsabiqəyə fevralın 18-də start verilmişdi. Rusiya, İspaniya, Xorvatiya, Makedoniya, Bolqarıstan, Sloveniya, Gürcüstan, Serbiya və digər ölkələrdən müxtəlif yaş qruplarında 200-dən artıq pianoçunun iştirak etdiyi müsabiqə bir ay davam edəcək: “Azərbaycandan bu müsabiqədə təkcə mən iştirak edirdim. Sevinirəm ki, mənə göstərilən etimadı doğrulda bildim”.
Qeyd edək ki, Atabala Manafzadə müsabiqə tarixində ilk dəfə olaraq iki yaş qrupunda mübarizə aparıb. 14 yaşlı ifaçı həm “B” qrupunda (10-14 yaşlılar), həm də “C” qrupunda (15-18 yaşlılar) müsabiqənin baş mükafatına layiq görülərək laureat adını qazanıb. Yeniyetmə ifaçı müsabiqədə Y.Haydın “Sonata”, Q.Qarayevin “Prelüd”, F.Listin “Vals Ekspromt”, V.Motsartın “Sonata”, F.Şumanın “Vyana karnavalı” əsərlərini səsləndirib.
A.Manafzadə gənc pianoçuların respublika müsabiqəsində, ötən ilin noyabr-dekabr aylarında “İstedadlı uşaqlar” respublika müsabiqəsində, Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə F.Listin anadan olmasının 200 illik yubileyi münasibətilə keçirilən festival-müsabiqədə, Polşanın Azərbaycandakı səfirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən “Şopen-200” müsabiqəsində qalib olub.
Ceyhun