İfaçılıq sənətimizdən
   
   Musiqi ruhun qidasıdır, insanda tərbiyəvi hisslər yaradır. Bu kəlmələri dəfələrlə oxuyub eşitsək belə, bəlkə də çox vaxt fərqinə varmamışıq. Amma bəzən gözəl, həzin, ürəyəyatımlı bir mahnı sədası eşitdiyimiz zaman onun qəlbimizdə yaratdığı qəribə təlatüm, əsrarəngiz duyğular sözlə ifadə edilməyəcək qədər dərin olur.
   
   Azərbaycan musiqisinin incəliyi, zənginliyi xanəndə və müğənnilərimizin ifası ilə yanaşı, instrumental ifaçılarımız tərəfindən də hər zaman layiqincə təmsil olunub.
   Ömrünün 70, yaradıcılığının 45 illiyini qeyd etməyə hazırlaşan, hər zaman dinləyicilərinə ifa etdiyi musiqilərlə xoş əhvali-ruhiyyə bəxş edən instrumental ifaçılarımızdan biri də respublikanın Əməkdar artisti Elşad Cabbarovdur. O, 1942-ci ildə müharibənin ağrı-acılı günlərində dünyaya göz açdı. Elə ilk eşitdiyi səslərdən biri tar-kaman səsi oldu. Atası İbrahim kişi tarzən idi. Hüseynqulu Sarabski kimi görkəmli sənətkarla Dövlət Opera və Balet Teatrında çalışırdı. Oğlunun da tarzən olacağını düşünürdü.
   Gözəl musiqi duyumu olan Elşad isə solaxay olduğu üçün tara deyil, balabana üstünlük verir. Orta məktəbdə oxuyarkən “Kubinka” bazarından aldığı adi tütək onun bu istedadını üzə çıxarır. Məktəbi bitirən il Kitabxanaçılıq Texnikumunun (indiki Bakı Humanitar Kolleci) xalq çalğı alətləri şöbəsinə qəbul olur. Görkəmli pedaqoq və balaban ifaçılarından biri olan Bəhruz Zeynalovdan dərs alır. Eyni zamanda tarzən, Xalq artisti Əhməd Bakıxanovun ansamblında ifaçı kimi fəaliyyət göstərən Nadir Axundovdan muğamlar üzrə fərdi şəkildə dərs alır.
   Hərbi xidmətini başa vurduqdan sonra görkəmli musiqi xadimi Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblda çalışır. Bir müddət keçdikdən sonra Əhməd Bakıxanov onu öz ansamblına dəvət edir. Eyni zamanda iki ansamblda çalışmaq, repertuar zənginliyi və o dövrün sayılıb-seçilən xanəndələrini müşayiət etmək onun üçün əsl məktəb olur.
   İfaçılıqla yanaşı, müəllimliyə də başlayır. Vaxtilə tələbəsi olduğu texnikuma onu müəllim kimi dəvət edirlər. 1967-ci ildən 2005-ci ilə kimi bu tədris ocağında nəfəsli alətlər şöbəsində çalışır. 2005-ci ildən isə Milli Konservatoriyanın rektoru, professor, Xalq artisti Səyavuş Kəriminin dəvəti ilə bu tədris müəssisəsində balaban sinfində dərs verir. 2007-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb. İşindən və Tanrının ona yazdığı tale payından razılıq edən sənətkar yaşının bu çağında da konsertlər, pedaqoji fəaliyyət və xarici dövlətlərə də qastrollarla yanaşı, el şənliklərində öz ifası ilə könülləri oxşayır.
   Redaksiyamızda qonaq olan Elşad müəllim öz həyatı və yaradıcılıq yolu haqqında məlumat verməklə bahəm onu narahat edən bəzi məqamlara da toxundu: “Hər bir ifaçı aləti əlinə aldığı zaman savadlı ifa etməyi bacarmalıdır. Hazırda nəfəsli alətlərə gənclərin marağı azalmayıb. Bu da sevindirici hallardan biridir. Amma müasir nəslin əcnəbi melodiyalara meyilli olmalarını yaxşı hal hesab etmirəm. Təkcə milli musiqi sahəmizdə deyil, həm də klassik estrada mahnılarımız bu məngənədə itib-bata bilər. Yaxşı olardı ki, klarnet, balaban ifaçılarımız retro musiqilərimizi ifa edib onları yaşatsınlar”.
   Sənətkar Milli Konservatoriyada nəfəs alətləri ifaçılığı üzrə ilk dərslik proqramının tərtibatçılarından biridir: ”Son illərdə nəfəsli alətlər üçün yazılan əsərlər azlıq təşkil edir. Sənət dostum İlham Nəcəfovla birlikdə Milli Konservatoriyada fəaliyyət göstərən “Milli musiqi alətlərinin təkmilləşməsi elmi-tədqiqat laboratoriyasında” balabanın üç növünü yaratmışıq. Bir muğamı tam ifa etmək üçün üç balabandan istifadə etmək daha uğurlu alınır. Arzu edərdim ki, nəfəsli alətlərə üz tutan gənclər klassikaya üstünlük versinlər. Musiqi yazıldığı kimi dinləyiciyə çatdırılmalıdır. İrihəcmli bəstələrdə bir, ya iki improvizasiya etmək olar, amma bunun da həddi olmalıdır. Mənim fikrimcə, bəstəkar mahnılarına toxunmaq olmaz. Bir mahnının hər kəsin öz istədiyi kimi ifa etməsi yolverilməzdir. Xalq mahnılarında isə geniş improvizasiya imkanları etmək mümkündür. Çünki zaman dəyişdikcə bu mahnılar dövrə uyğun yenilənərək dinləyiciyə çatdırıla bilər”.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar