Martın 5-də Bəstəkarlar İttifaqında görkəmli musiqişünas, Əməkdar incəsənət xadimi, professor Elmira Abbasovanın 80 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirildi.
Konfransı Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq Elmira Abbasovanın yaradıcılığı barədə danışdı. Qeyd olundu ki, Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının rektoru olmuş Elmira Abbasova Azərbaycan musiqişünaslığına böyük töhfələr verib, o cümlədən dahi Üzeyir bəyin yaradıcılığına dair bir neçə monoqrafiya yazıb: “Onun musiqi aləmində bilmədiyi bir sahə yox idi. O, hər zaman peşəkar çıxışları ilə yadda qalıb. O, bizləri valeh edən bir musiqişünas idi”.
Sonra Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova “Üzeyir Hacıbəyli irsi E.Abbasovanın əsas tədqiqat mövzusu kimi”, professor Oqtay Abbasquluyev “E. Abbasovanın çoxşaxəli fəaliyyəti barədə düşüncələr”, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru Rəna Məmmədova “E.Abbasovanın elmi işlərində milli özünəməxsusluq problemi”, Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva “E.Abbasovanın elmi nəzəri yaradıcılığı”, professor Gülnaz Abdullazadə “Azərbaycan musiqi elmində E.Abbasovanın ardıcılları”, sənətşünaslıq namizədi, professor Ülviyyə İmanova “E.Abbasovanın pedaqoji fəaliyyəti” mövzularında məruzələrlə çıxış etdilər.
Konfransda dahi bəstəkarlar Ü.Hacıbəylinin “Koroğlu” operasından, S.Hacıbəylinin “Gülşən” baletindən parçalar, Q.Qarayevin iki romansı (“Mən səni sevirdim”, “Gürcüstan təpələrində”) səsləndirildi.
L.Azəri