Musiqi tariximizdən
Elm damla-damla əldə edildiyi kimi, sərvət də misqal-misqal toplanır. Zaman-zaman milli musiqi mədəniyyəti xəzinəmizi zənginləşdirən görkəmli sənətkarlarımız olub. Onlardan biri də Keçəçioğlu Məhəmməddir.
1896-cı ilin bir payız günü. Camaat Şuşa şəhərinə çəkilən ikinci su kəmərinin açılışına toplaşır. Şəhərin mərkəzi küçələri bayramsayağı bəzədilir. Bir neçə musiqiçi dəstəsi də at belində oxuyaraq kəmərlə şəhərə doğru yol alan suyu həzin səslə müşayiət edir. Onların arasında bir gəncin şaqraq və gur səslə oxuduğu “Qarabağ şikəstəsi” diqqət çəkir. Gəncin coşqun zəngulələri hətta şəhərin ucqar - “Bazar başı” adlanan yerində də eşidilir. Sonra məlum olur ki, bu məlahətli səsin sahibi “Keçəçioğlu“ adı ilə tanınan Məhəmməd Məşədi Xəlil oğludur.
O, 1864-cü ildə Şuşada anadan olub. Atası Məşədi Xəlil tanınmış keçə ustası idi. O da tədricən atasından keçəçilik sənətini öyrənir. Odur ki, xalq arasında Keçəçioğlu Məhəmməd kimi tanınır...
Deyilənə görə, günlərin bir günü görkəmli musiqişünas Xarrat Qulu səhər-səhər evdən fikirli çıxır. Yolu təsadüfən həmin keçəçi dükanının qarşısından düşür. Həzin bir zümzümə onu fikrindən ayırır. Başını yuxarı qaldırıb ətrafa göz gəzdirir. Qarşı tərəfdə ortaboylu, qırmızıyanaq bir gəncin keçə təmizləyə-təmizləyə oxuduğunu görür. O, dost və tanışlarından soraqlayıb bu gəncin kim olduğunu öyrənir. Aradan xeyli vaxt keçəndən sonra bir gün onu yanına çağırır. Danışdırıb hal-xasiyyətinə bələd olur və onu öz məktəbinə qəbul edir. Məhəmməd bu məktəbdə Xarrat Quludan, görkəmli xanəndə Məşədi İsidən xalq musiqisini mükəmməl öyrənir. Hələ çox gənc ikən Şuşanın “Çanaqqala”, “Şəmilin bağı” və “Şəkili bulaq“ kimi mənzərəli-səfalı yerlərində qurulan məclislərdə çıxış edir.
Görkəmli xanəndə Seyid Şuşinski Keçəçioğlu Məhəmmədi xatırlayarkən deyərmiş: “Onu görməyib səsini uzaqdan dinləyənlər elə hesab edərdilər ki, oxuyan Məşədi İsidir. Çünki o, oxuduğu muğamlarda Məşədi İsinin vurduğu xalları və guşələri çox ustalıqla təqlid edirdi”.
O, müəllimlərinin yolu ilə gedir. Şəhərin musiqi məclislərində və el şənliklərində, eyni zamanda ictimai həyatda fəallıq göstərir. Şuşada “Xandəmirovun teatrında“ yazıçı Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi altında təşkil edilən tamaşalarda və musiqili səhnəciklərdə çıxışlar edir. Qısa zamanda tamaşaçı və dinləyicilərin hüsnrəğbətini qazanır.
1902-ci ildə Bakıya gəlir. İlk dəfə çıxış etdiyi konsertdə “Şüştər” muğamını böyük ustalıqla oxuyur. “Kaspi“ qəzeti bu barədə geniş bir məqalə və bir neçə rəy dərc edir. Həmin rəylərin birində yazılmışdı: “Xanəndə Məhəmməd “Şüştər“ muğamını ürəkdən, incə bir səslə-avazla elə gözəl oxudu ki, dinləyiciləri məftun etdi. Onların böyük hüsnrəğbətini qazandı...”.
Həmin konsertdə Məhəmməd Füzulinin “Leyli və Məcnun“ poemasından duet şəklində bir parça tamaşa da göstərilir. Duet Cabbar Qaryağdı ilə Keçəçioğlu Məhəmmədin ifasında səslənir. Bu çıxış tamaşaçılar arasında böyük marağa səbəb olur və ifaçılara uğur qazandırır. O dövrdə belə konsert-tamaşalar milli opera sənətimizin yaranmasına zəmin yaradırdı...
Bakının mədəni həyatı Keçəçioğlu Məhəmmədi möhkəm tellərlə özünə bağlayır. Məhz buna görə də o, 1904-cü ilin əvvəlində həmişəlik Bakıya köçür. Şəhərin tanınmış tarzənlərindən Məşədi Zeynal, Mərdi Canıbəyov və sonralar Qurban Pirimovla əməkdaşlıq edir. Ona nöqsan tutulmasın deyə, öz üzərində yorulmadan çalışır. Dinləyiciləri ələ almağı və sənəti ilə onları valeh etməyi bacarır. Araşdırmalarda göstərilir ki, Keçəçioğlu Məhəmməd qəzəl seçməkdə çox usta xanəndə olub. Məclisdə dinləyicilərin əhvali-ruhiyyəsinə uyğun gedişlər edərmiş. Onları kədərləndirər, bəzən də şənləndirərdi. Əməkdar artist Cəlilbəy Bağdadbəyov öz xatirələrində yazır: “1905-ci il idi. Bakı toylarının birinə dəvət olunmuşdum. Məclis geniş bir həyətdə qurulmuşdu. Xanəndə Keçəçioğlu Məhəmməd “Üzzal” oxuyurdu. Yanımda silahlı bir nəfər oturmuşdu. Hiss etdim ki, o, Bakı qoçularından biridir. Xanəndənin çox ustalıqla oxuması hamını heyran etmişdi. Təkcə yanımda oturan qoçu narahat idi. O, nədənsə hirslənir və tapançanı əlində oynadırdı. Xanəndə bu vəziyyəti görüb İran şairi Sədinin: “Ma degər kəs nəğereftim becaye to nədim” rədifli qəzəlini oxudu (tərcüməsi: Biz başqasını sənin yerinə özümüzə mərhəm görmədik, Sən də Allah xatirinə keçmiş əhd-peymanı unutma). Mən qonşumun hərəkətlərindən narahat olaraq üzümü ona tərəf çevirdikdə o, bu vəziyyətdən istifadə edib dedi: - Keçəçioğlu nə oxuyur? - Mən dedim ki, xanəndə “Uzzal” oxuyur və qəzəlin bu iki sətrini ona tərcümə etdim. Qoçu bığlarını eşib dedi: - Eh, heç nə bilmirəm. Bircə onu bilirəm ki, Keçəçioğlunun oxumağı çox xoşuma gəldi. İstəyirəm ki, ayağa durub hamını qırım”.
1912-ci ildə Qafqazda məşhur xanəndə kimi tanınan Keçəçioğlu Məhəmməd “Sport-Rekord” firmasının dəvəti ilə Varşavaya gedir. Yolüstü bir neçə gün Moskvada qalır. Burada “Metropol” mehmanxanasının zalında Cabbar Qaryağdı, Məşədi Məmməd Fərzəliyev və Davud Səfiyarovun iştirakı ilə “Şərq konserti” verir. Varşavada Keçəçioğlu Məhəmməd, Qurban Pirimov və kamançaçı Saşa Oqanezaşvilinin müşayiəti ilə “Heyratı”, “Rahab”, “Kürdü-Şahnaz”, “Qarabağ şikəstəsi” və s. muğamları, “Gülə-gülə”, “Xuraman”, “Axşam oldu” təsnif və mahnılarını vala yazdırır. Xanəndə 1914-cü ildə “Ekstrafon” firması tərəfindən Kiyevə dəvət edilir. Burada da bir çox muğam və el mahnılarını qrammofon vala yazdırır. Sovet dövründə də Keçəçioğlu Məhəmməd xalq incəsənəti ilə yaxından məşğul olur, bacarığını musiqi mədəniyyətimizin inkişafına həsr edir. 1921-ci ildə o, “Təşviqat qatarı” ilə respublikanın bir sıra rayonlarını gəzir, zəhmətkeşlər qarşısında maraqlı repertuarla çıxışlar edir. 1926-cı ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Keçəçioğlu Məhəmməd Azərbaycan Dövlət Konservatoriyasına dəvət edilir. O, burada Cabbar Qaryağdıoğlu və Seyid Şuşinski ilə birlikdə gənc xanəndələr yetişdirmək sahəsində birgə fəaliyyət göstərir.
O, Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında müəyyən xidmətləri olan görkəmli sənətkarlardan olub. Onun mənalı həyat yolu bu cəhətdən çox səciyyəvidir. Bir xanəndə kimi nadir sənətkarlıq qabiliyyətinə, həm də gözəl səsə malik olub, musiqi mədəniyyəti tariximizdə müstəsna rol oynayıb. Heç bir zaman xalq musiqisindən uzaq düşməyib. Ömrünün ixtiyar çağlarında da musiqi ilə nəfəs alıb və xalqının xeyir işinə yarayıb. Görkəmli sənətkar 1940-cı ildə vəfat edib.
Savalan Fərəcov