İfaçılıq sənətimizdən 
   
   
   Balaban qədim zamanlardan Azərbaycanda geniş yayılmış milli musiqi alətimizdir. Alət el arasında “yastı balaban”, “ney” də adlandırılır. Balaban bir sıra Qafqaz xalqlarının musiqi alətləri içərisində də mühüm yer tutur.
   
   Alətdən çox zaman ansamblda və duet şəklində istifadə edilir. Duet şəklində ifa olunan zaman müəyyən bir musiqi əsərini ifa edən usta balabançının yanında ona dəm tutan ikinci balabançı da olur. Bu milli alətdən aşıq sənətində də çox geniş istifadə edilir. Balabanın özünəməxsus gözəl və yumşaq səsi var. Alət əsasən ərik ağacından düzəldilir. Uzunluğu 280-370 mm, müştüyünün uzunluğu isə 9-10 mm olur. “İfaçılıq sənətimizdən” rubrikasının budəfəki qonağı qocaman balaban ifaçısı, Əməkdar artist Nizami Allahverdiyevdir.
   
   Böyük qardaşım deyirdi: “Mənim balabanıma əl vurma”
   
   - Qardaşım məndən 10-12 yaş böyük idi. Balaban çalırdı. Onun çalğısı və aləti məndə böyük maraq yaradırdı. Hər dəfə o, balabanı evdə qoyub harasa gedəndə gizlicə götürüb baxırdım. Evə qayıdanda görürdü ki, balaban yerində deyil. Anama tapşırmışdı ki, onun balabanına toxunmayım. Bir müddətdən sonra qardaşım mənə bir balaban aldı və tapşırdı ki, daha onun alətinə əl vurmayım. Onda mənim 12 yaşım olardı. Başladım özüm balabanda ifa etməyi öyrənməyə. Balabanda əsas nəfəsin dövr etməsidir. İlk dəfə bunu qardaşıma nümayiş etdirəndə dedi ki, sən yaxşı ifaçı olacaqsan.
   Bir neçə aydan sonra evimizin yaxınlığında yerləşən Əbilov adına Mədəniyyət evinin özfəaliyyət kollektivinə yazıldım. O vaxt qardaşım Ağası Məşədibəyovun ansamblında çalışırdı. Bir müddət sonra məni də ansambla apardı. O vaxt hələ pasport almamışdım. 16 yaşım tamam olanda pasport aldım və ansambla üzv yazıldım. İşə qəbul olundum. Əmək fəaliyyətimin ilk günündən rayonlara qastrol səfərlərinə getməyə başladıq. İndiyə kimi xatırlayıram, ilk səfərimiz Yevlax rayonuna olmuşdu. İlk dəfə səhnəyə çıxışım da yaxşı yadımdadır. Həyəcandan başım fırlanmışdı.
   İlin 8-9 ayını qastrollarda, konsertlərdə olurduq. 1960-cı ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çalışmağa başladım. Mütəmadi olaraq Əliağa Quliyevin, Əhsən Dadaşovun ansambllarına və digər kollektivlərə də dəvət alırdım. Həmin il Həbib Bayramov məni Əhməd Bakıxanovun ansamblına dəvət etdi. 1960-cı ildən bu ansamblda çalışıram.
   Həmin dövrdə yaxşı balaban ustalarımız var idi. Bəhruz Zeynalov, Ələkbər Ələsgərov həm klarnetdə, həm də balabanda ifa edirdilər. 10 ilə yaxın Xalq artisti, görkəmli kamança ifaçısı Habil Əliyevlə birlikdə işlədim. Üçlük şəklində (kaman, balaban, nağara) konsertlər verirdik, dövlət tədbirlərinə dəvət alırdıq. Filarmoniyada tez-tez konsert proqramları ilə çıxış edirdik.
   Asəf Zeynallı adına Musiqi Texnikumunda ustadım Bəhruz Zeynalov olub. Amma özüm pedaqoji fəaliyyətlə məşğul olmadım. Yeganə yetişdirdiyim tələbə nəvəmdir. Hazırda onun 12 yaşı var. İstəyirəm ki, ailədə mənim yolumu nəvəm davam etdirsin.
   Balaban mənə o qədər əziz olub ki, heç vaxt əlimə başqa alət - klarnet, saksafon və s. alıb ifa etməyi ağlıma belə gətirməmişəm. Balaban hər zaman mənimlədir. Bəzən olur ki, gecənin bir yarısı yuxudan oyanıb başlayıram məşq etməyə, hansısa ritm üzərində işləyirəm.
   
   Balaban sənəti inkişafdadır
   
   Son dövrlərdə bəzən belə fikirlər səslənir ki, balaban sənətimizi, bu milli musiqi alətimizi yaxşı təbliğ edə bilmirik. Amma mən bu fikirlərlə razı deyiləm. Hazırda Milli Konservatoriyada Elşad Cabbarovun istedadlı tələbələri yetişir. Bu uşaqlar gözəl ifa nümayiş etdirirlər. Onların gələcəyinə inanıram. Tez-tez orada oluram, tələbələri dinləyirəm, dostlarla sənət barədə müzakirələr aparırıq. Bilirik ki, balabanın muğamları bütöv şəkildə ifa etmək baxımından imkanları məhduddur. Buna görə də Milli Konservatoriyada balabanın üç yeni növü hazırlanıb və bunlar vasitəsilə, inşallah, muğamlarımız tam şəkildə ifa olunacaq.
   
   Muğam festivallarında iştirak edirəm
   
   2009-cu ildən ölkəmizdə keçirilən bütün muğam festivallarında, muğam müsabiqələrində ifaçıları müşayiət etmişəm. Muğam üçlüyündə balabanın funksiyası bir növ istiqamət verməkdir. Bu istiqamət ifa zamanı boşluq yaranmağa imkan vermir. Xanəndənin eyni tempi saxlamağına şərait yaradır. Nə qədər nəfəsim var, balabanı əlimdən yerə qoymaq fikrim yoxdur. El şənliklərində də mütəmadi oluram. 35 ildir klarnet ustası Əlirza Orucovla (muğam müsabiqəsinin qalibi Vəfa Orucovanın atası) birlikdə xalqımızın toy şənliklərində iştirak edirəm. Balabandan əlavə, yeganə marağım ovçuluğa olub. Əvvəllər tez-tez dostlarla yığışıb Kür qırağına ova gedərdik. Bu gün artıq vaxt çatdırmıram. Çünki ansamblların çoxunda məşğulam. Onu da bildirim ki, balabanın ən çox uyğunlaşdığı alətlər kamança və tardır. İlk dəfə muğam triosuna balabanı Xalq artisti Habil Əliyev daxil etdi. Bu günə kimi də bu ənənə davam edir. Bu yaxınlarda Səxavət Məmmədov adına “Qarabağ” ansamblı ilə Firuz Səxavətin konsert proqramı ilə çıxış etdik.
   Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bir sıra xarici ölkələrdə Azərbaycan mədəniyyəti günlərində, Xalq artisti Mənsum İbrahimovla Kanadada, Hollandiyada, Danimarkada qastrol səfərlərində olmuşuq.
   Keçmişdə Rübabə Muradova, Şövkət Ələkbərova, Tükəzban İsmayılova, İslam Rzayev, Zeynəb Xanlarova kimi sənətkarla işləmişəm, bu gün isə gənc xanəndələrlə çalışıram. Ən böyük arzum balaban sənətimizin bundan sonra da inkişaf etməsidir.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar