Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq xor kollektivlərinin III Respublika baxışı keçirilir. 
   Tədbirin keçirilməsində məqsəd respublikada zəngin xor mədəniyyətinin qorunub saxlanılması, inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə maraq oyadılması, habelə xormeysterlərin yaradıcılıq fəaliyyətinin genişləndirilməsidir.
   Respublika baxışının münsiflər heyətinə Dövlət Xor Kapellasının bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Gülbacı İmanova, Dövlət Xor Kapellası nəzdində uşaq xor kollektivinin xormeysteri, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva, Bakı Musiqi Akademiyasının dosenti Aqil Qafulov daxildir.
   Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təhsil şöbəsinin müdiri Natiq Mustafayevin verdiyi məlumata görə, mədəniyyət tədbirinə aprelin 11-də Şirvan şəhərində start verilib. İki gün davam edən zona baxışında Astara, Biləsuvar, Cəlilabad, Lerik, Masallı, Şirvan, Beyləqan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan, Cəbrayıl, Füzuli və Xocavənd şəhər və rayonlarının uşaq musiqi və incəsənət məktəblərindən xor kollektivləri iştirak edib.
   Baxışın növbəti zona mərhələsi aprelin 13-də Ağcabədi rayonunda təşkil olunub. Bu mərhələdə Ağcabədi, Ağdam, Ucar, Zərdab, İmişli, Kürdəmir, Füzuli, Laçın və Beyləqan şəhər və rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivləri iştirak edib. Baxışda tərkibi 25 nəfərdən az olmayan kollektivlərin müxtəlif xarakterli, iki və daha çox səsli əsərləri, o cümlədən bir əsər a kapella, klassik dünya musiqi nümunələri, Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları ifaları təqdim olunub.
   Aprelin 16-17-də Sumqayıt şəhərində keçirilən üçüncü zona mərhələsində Abşeron, Şabran, Xızı, Xaçmaz, Qobustan, Quba, Qusar, Siyəzən, Şamaxı rayon uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivləri maraqlı musiqi nömrələri ifa ediblər.
   Uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin III Respublika baxışının növbəti zona mərhələləri Bakı, Şəki, Mingəçevir, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq.    

   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar