Görkəmli sənətkar, Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli Qədir Çərkəz oğlu Rüstəmovun keşməkeşli həyat yolu olub. Ağdam şəhərində 3 saylı məktəbdə oxumuşdu. Uşaqlıqda çox nadinc idi. Çuxur məhəllədə özünü həmişə tay-tuşları arasında öndə görmək istəyərdi. Heç kimin qarşısında acizlik göstərməzdi.
   
   Məktəbin direktoru Sahel Qafarov həmişə sinif rəhbərinə tapşırardı ki, Qədiri dərsdən sonra Nizami küçəsindən evlərinə tərəf ötürün, sonra qayıdın məktəbə. Qədirin muğam oxumağı 10-12 yaşlarına təsadüf edir. Hələ uşaq ikən radioda muğam konsertlərinə, xüsusilə Cənubi Azərbaycan muğam ustası Mustafa Pəyanın ifalarına həvəslə qulaq asardı. Sonra bu sənətin ardınca getdi, Ağdam Musiqi Texnikumunu bitirdi.
   Gənclik illərində Ağdamda Qədir özünəməxsus muğam ifaçısı kimi tanınmağa başlamışdı. Bəlkə də onun yanıqlı oxumağına səbəb o illərdə (1954-1955) məhəllələrinə yaxın bir yerdə yaşayan bir qıza vurulması olmuşdu. Qədir gecələr öz dəstəsi ilə həmin qızın yaşadığı evin yaxınlığında, tinlərdə muğamat oxuyardı. Bu zaman Nizami, Məşədi Abbas küçələrində hamı həyət qapılarını örtürdü ki, girib-çıxan olmasın, Qədir oxumağını dayandırmasın...
   Muğam ifaçısı kimi ad çıxaran Qədir rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə də fəal iştirak edərdi. Amma bir şərtlə ki, ona xoş münasibət, xoş rəftar göstərilsin. Əmr, göstərişlə bir mahnı da oxumazdı.
   Qədir oxumağa başlayanda Xan Şuşinski, Əbülfət Əliyev, Sara Qədimova, Mürşüd Məmmədov, İldırım Həsənov, Şahmalı Kürdoğlu Azərbaycan muğam məktəbinin aparıcı sənətkarları idilər. Bir dəfə Xan əmi Ağdama toya gələndə Qədirin oxumağı haqqında eşitdiyini və onun ifasını dinləmək istədiyini bildirdi. Qədir gəlib çıxdı, Xan əmi onu görüncə dedi: “Göyçəkliyinə söz yoxdu, ay bala, bir şey oxu görüm, sənə qulaq asım”. Qədir əvvəlcə “Qarabağ şikəstəsi”ni yüksək şaqraq səslə ifa etdi, sonra bəmdən bir mahnı oxudu.
   Xan əmi: “Deyirlər, zarıslısan, bir az da ötkəm gəncsən, bu ötkəmliyi bir az aşağı etsən, böyük ustad, muğam oxuyan olacaqsan”, - deyə ona nəsihət verdi. Bununla belə, Qədir uzun illər toylarda pul qazanmaq xətrinə oxumadı. Ancaq uzun-uzadı xahişlərdən sonra ictimai yerlərdə, rəsmi mərasimlərdə oxuyardı.
   Mən Qədir Rüstəmovla həmyaşıdam. Uşaqlıq illərində Xan Şuşinski, Mütəllim Mütəllimov, Əbülfət Əliyev, Rübabə Muradovanın ifalarının vurğunu olmuşam. Lakin Qədir Rüstəmovun o qədər şirin, insanı düşündürməyə vadar edən, özünəməxsus ifa tərzi vardı ki, qısa müddətdə sənətdə öz yerini tutmağa başladı. Günlərin birində Ağdamda Təvəkkül adlı bir nəfər Qədiri bıçaqladı. O, böyrəyinin birini itirdi, uzun müddət müalicə olundu. Həmin adam həmişəlik Ağdamı tərk etdi və Həştərxanda vəfat etdi. Sonralar Qədir çılğınlığından onun valideynlərinin xətrinə dəymiş bir adamı bıçaqladı və həbsxanaya düşdü. Həbsxanadan çıxandan sonra Bakı şəhərində yaşamağa başladı, uşaqlıq dostları və onun ifasının azarkeşləri olan Əkbər Hüseynov, Qadir Kazımov, Keykavuz Bəylərov, Mais Bəylərov, Aqil Babayev, Yusif Ağayev hər zaman Qədir Rüstəmovun yanında oldular, onu maliyyə cəhətdən hər şeylə təmin etdilər.
   Dostları hər vasitə ilə çalışırdılar ki, Qədir Rüstəmov ruhdan düşməsin, sənətə qayıtsın. Günlərin bir günündə dostları onu Xalq artisti, görkəmli tarzən, yüksək insani keyfiyyətlərə malik olan Əhsən Dadaşovla tanış etdilər. Əhsən Dadaşov onun ifasını dinlədi. Qədir əvvəlcə zildə “Qarabağ şikəstəsi”ni, ardınca “Heyratı” muğamını yüksək ustalıqla oxudu. Sonra Əhsən Dadaşov pəsdən bir şey oxumasını istədi. Qədir “Segah” muğamını oxumağa başlayanda, bir də gördük ki, Əhsən Dadaşov tar çalmağı dayandırıb, Qədir isə oxumaqda davam edir. Əhsən müəllimin ağladığını gördük. O dedi: “Ay bala, sən indiyə kimi harada idin? Ay camaat, belə iş olar? Xalqımız bu günə kimi, görün, nəyi itirib!”
   Qədirin oxumağı Əhsən Dadaşova bərk təsir etdi. Bir az var-gəl edəndən sonra o, özünə gəldi və dedi ki, sənin üçün nə istəsən mən etməyə hazıram, amma bir şərtim var. Biz uzun müddət məşq etməliyik. Əgər məşqə vaxtlı-vaxtında gəlsən, Azərbaycanın ən tanınmış ustad sənətkarlarından olacaqsan.
   Belə də oldu. Biz - onu istəyən yoldaşları - Qədiri televiziyaya, Əhsən Dadaşovun yanına məşqə aparası olduq. Beləliklə, iki aya yaxın məşqlərdən sonra bir gün Əhsən Dadaşov Dövlət Filarmoniyasının o vaxtkı direktoru, görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevdən Qədirin oxumağına qulaq asmağı xahiş edir. Tofiq Quliyev Qədirin ifasını daha öncə də eşitmişdi. Tofiq müəllim Qədirin özünəməxsus ifasını dinlədikdən sonra Əhsən müəllim ona “Şövkət Ələkbərovanın konserti var, ikisi birlikdə oxusunlar”, - deyir. Tofiq Quliyev təklifi razılıqla qarşılayır.
   Qədirin Bərdədən, Ağcabədidən, Ağdamdan, Bakıdan olan pərəstişkarları Filarmoniyaya axışdılar. Konsertin birinci hissəsini Şövkət xanım, ikinci hissəsini Qədir oxudu. Xan Şuşinski, Əbülfət Əliyev, İldırım Həsənov, Mürşüd Məmmədov, Sahib Şükürov, Sara Qədimova birinci sırada oturmuşdular. Xan əminin qulağına çatdırmışdılar ki, Qədir qalstuk bağlamağı sevmir. Konsertdə Qədir oxuya-oxuya istədi qalstuku çıxarsın, Xan əmi ona him elədi ki olmaz. Konsert yüksək səviyyədə keçdi.
   Qeyd etdiyim kimi, Qədir Rüstəmov gənclik illərindən Ağdam rayonunun ictimai tədbirlərində fəal iştirak edirdi. Rayonda təşkil olunmuş ictimai tədbirlərin birinə Qədir Rüstəmov xəstə olduğundan gələ bilməmişdi. Tədbirə gələn mədəniyyət naziri rəhmətlik Zakir Bağırov bunu eşidincə “Mən düşünürdüm ki, burada Qədirə qulaq asaram” deyərək onun ifasını dinləmək istədiyini deyir: “Çox xahiş edirəm, Qədir Rüstəmov gəlsin, bir ona qulaq asım. Birinci katib öz maşınını Qədirin evinə göndərdi. Bir azdan Qədir gəldi. Həmin tədbirdə Qədir Rüstəmov elə oxudu ki, bu günə kimi onu dinləyənlər yaddan çıxarmayıb.
   Qədir Rüstəmov həyatda maraqlı şəxsiyyət olmuşdur. Onun hobbilərindən biri balıq tutmaq idi. Tez-tez dostu Raqub Kərimovla Qarabağ kanalında, Ağ göldə, Kürdə balıq tutmağa gedərdi. Anarın Üzeyir Hacıbəyli haqqında çəkdiyi filmdə Qədir Rüstəmov Cabbar Qaryağdıoğlu obrazını elə yaratmışdı ki, sanki o, böyük sənətkarın özü idi.
   ...Artıq bir neçə aydır ki, Qədir Rüstəmov bu dünyadan gedib. Onun ifası, sənəti isə əbədiyyətə qədər yaşayacaq. Həyatda olan dostları, yoldaşları, Qədir sənətinin vurğunları onu hər zaman xoş xatirələrlə yada salacaqlar.
   
   Yusif Ağayev,
   iqtisad elmləri namizədi, dosent







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar