Ötən illərin mahnıları
   
   Və ya carçı
   
   O, baharda doğulmuşdu. Səsi də, avazı da bahar təravətli, yaz nəfəsli, təbiət rayihəli idi. O səs dinləyən hər kəsə həyatın, yaşamağın, sənətin və nəhayətdə, olumdan ölümə ruhun əbədi sığalı olan musiqinin carçısı, sənətin ecazını göstərən azərbaycanlı xanımın qəlbinin eşqi, ruhunun dili idi. O, Sara Qədimovanın səsi idi. O səs ki, sahibini xalqa sevdirə, yaddaşlara həkk edə bildi. Sara Qədimova bu anlamda xoşbəxt sənətkar idi.
   
   O səs sahibini ilk andan tanıdırdı
   
   Sara xanımın səsində onlarla gözəl musiqi nümunəsi var. Bunların arasında daim seçib sevə-sevə dinlədiyimiz «Girdim yarın bağçasına», «Bakının maralı», «Bilmədin», «Tar çalan oğlan», «Dağların başı», «Araz üstə, buz üstə», «Naz edirsən sən», « Nə vaxta qaldı», «Göygöl» ... kimi bənzərsiz səs, musiqi nümunələrinin adını xüsusilə qeyd etmək istərdim. Hər bir mahnını ruhuna, məqsəd və məramına uyğun cilalayaraq oxuyan bu nadir səs sahibi xüsusi səhnə cazibəsi, heyrətamiz məlahəti, sərt, amiranə görünüşünün altında yatan zərif təbəssümü, həlim təəssüratı ilə insanda özünə qarşı qəribə bir ecaz yaradırdı; onu anlamaq, yəqin ki, çətindir...
   
   Amma
   
   bu, heç də elə deyilmiş. Sara Qədimovanı xatırlayan tələbələri, sənət dostları onun necə böyük ürəyə, gözəl xarakterə, kövrək xasiyyətə malik olduğunu dönə-dönə vurğulayırlar. Bir az sərt görünüşünün altında sevimli qadın, qayğıkeş ana, gözəl pedaqoq və ən əsası xalqının içindən çıxdığından onu sevən xalqına, məftunu olan dinləyicisinə daim böyük ehtiram və sevgi daşıyan bir Sara gizlənirdi.
   Odur ki, daim böyük məhəbbətlə sevən və sevilən o səsi anadan olmasının 90-cı ilində, musiqi, sənət, səs səs-küyünün bol çağında yenə xatırlamaq gərək. Əsl sənəti sevən və sevdirənlər üçün.
   
   Sara kimi...
   
   Azərbaycan muğamının gözəl səslərindən olan Sara Qədimovanın adı musiqi tariximizə qızıl hərflərlə yazılıb. O, Şərqdə muğam dəsgahlarının ilk qadın ifaçısı, səhnəmizin seçilən, heç kimi təkrarlamayan Leylilərindən biri, klassik muğam sənətimizin ustad xanəndələrindən idi.
   Səhnəyə ilk dəfə 15 yaşında çıxan istedadlı ifaçı ilk musiqi təhsilini görkəmli xanəndə Zülfü Adıgözəlovdan alıb. 1941-ci ildə Üzeyir Hacıbəylinin təklifi ilə Hüseynqulu Sarabskinin muğam sinfinə qəbul olunan Sara Qədimovanın sənətkar kimi yetişməsində Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların da böyük rolu olub. O, sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.
   Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başladı, nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin məhəbbətini qazandı. Həmin o ağrılı-acılı müharibə illərində dəfələrlə cəbhədə əsgərlər qarşısında çıxış etdi. Üzeyir bəyin Səməd Vurğunun sözlərinə yazdığı "Şəfqət bacısı" mahnısı Sara xanımın ifasında qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilməklə ona məhəbbəti daha da artırdı.
   
   Qarabağ, Qarabağ...
   
   Sənətkar Bakıda doğulsa da, onun uşaqlıq illəri Qarabağda, Ağdamın gözəl Abdal Gülablı kəndində keçmişdi. Zəngin musiqi ənənələrinə malik bu kənd onun da ruhuna layla çalmışdı, məlahətli səsinin aləmə car olmasına qol-qanad vermişdi. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski kimi sənətkarlar tez-tez bu kəndə gələr, yerli xanəndələrlə məclislər qurar, musiqidən söhbət açardılar. Atası ilə bu məclislərdə iştirak edən Sara görkəmli sənətkarları hələ kiçik yaşlarında görüb tanımışdı. Bu toylarda, şənliklərdə çalıb-oxuyanların ifası qızcığazın yaddaşında dərin izlər buraxmışdı.
   Elə o izlər sənət ömürlüyünün bütün məqamlarında sənətkarın yol yoldaşı oldu. Səsinin hər pərdəsində, hər zənguləsində özünü göstərə bildi. Xüsusən də böyük şövqlə oxuduğu Qarabağın məşhuri-cahan şikəstəsində. Sara Qədimovanın ifasında "Qarabağ şikəstəsi" Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur. O ifada Qarabağın, Şuşanın, Xan sarayının, Cıdır düzünün, külli Qarabağın abi-həyatı duyulurdu.
   Xalq musiqisinin incəliklərinə dərindən yiyələnmiş Sara Qədimova ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardan idi. O, dərin tarixi köklərə və ənənələrə malik Azərbaycan xanəndəlik məktəbində layiqli yer tutaraq onun inkişafına öz töhfəsini verməyə nail oldu.
   
   Ustadların sevimlisi
   
   Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara Qədimova yaradıcılığının xarakterik xüsusiyyəti idi. Onu başqa ifaçılardan bir sıra üstün cəhətlər fərqləndirirdi. Muğam sənətinin sirlərinə Şövkət Ələkbərova və Gülağa Məmmədovla birgə Hüseynqulu Sarabskinin sinfində aldığı dərslərdə yiyələnən Sara xanım peşəkar səhnədə ilk addımlarını atan gündən şöhrət qazanıb. Ustad sənətkarın hər üç yetirməsi 1942-ci ildə indiki Dövlət Musiqili Komediya Teatrının binasında verdiyi konsertdə “Rast” muğamını oxuyurlar. Sara xanım muğamın ən zil yerini ifa edir. Konsertdən sonra Hüseynqulu Sarabski səhnəyə çıxıb bu sözləri deyir: “Bu üç müğənninin böyük gələcəyi var. Şövkətlə Gülağa mahnı ifaçılığına daha çox üstünlük verib, onu davam etdirməlidir. Sara isə böyük muğam ustası olacaq. Onun həm bəm, həm də çox zil səsi var. Görünür, bu günlərdə Sara ”Leyli və Məcnun" operasında Leyli rolunu ifa etməyə dəvət olunacaq".
   Böyük ustadın bu uzaqgörən rəyi qısa zamanda öz təsdiqini tapır. 1945-ci ildən başlayaraq gənc xanəndə “Mahur Hindi” və “Bayatı Şiraz” muğamlarını oxuyur. Bu zaman onun 23 yaşı vardı. Az vaxtda məşhurlaşan Sara xanımın elə bir konserti olmazdı ki, Səməd Vurğun orada iştirak etməsin. Böyük şair onun sənətinə heyran idi. Xüsusilə Sara xanımın ifasında “Segah” muğamını dinləməkdən doymazdı. 1956-cı ildə S.Vurğunun 50 illik yubileyi qeyd olunarkən, proqrama şairin sevdiyi muğam və mahnılar salınmışdı. Həmin gün Sara xanım konsertdə “Segah”ı oxumuşdu.
   O, şeir, qəzəl vurğunu idi, beş yüzdən çox qəzəl bilirdi. Başda Xan əmi olmaqla, bütün xanəndələr onun bu qədər qəzəli necə əzbərlədiyinə təəccüblə yanaşır, heyrətlənirdilər.
   Sara xanım muğamlarımızın və mahnılarımızın ilkinliyini qoruyub saxlayan sənətkar idi. Bu işdə onun tayı-bərabəri yox idi. O, mövqeyini bircə cümlə ilə, amma dolğun şəkildə əsaslandırırdı: “Əgər xalq bu mahnını yaradıb, ona öz möhürünü vurubsa, ona ikinci bir əlavənin edilməsinə ehtiyac qalmır”.
   Ölməz sənətkar, təkrarsız müəllim Seyid Şuşinski gənc Saranın əməyinə yüksək qiymət verərək “Heç bir qadın müğənni muğamları Sara xanım kimi füsunkarcasına oxuya bilmir. Onun səsi muğamlarımıza yatımlıdır», - demişdir.
   Ötən əsrin 50-60-cı illəri Sara xanımın şöhrətinin ən pik nöqtəsi idi desək, yəqin ki, yanılmarıq. Onun bu illərdə ifa etdiyi “Tar çalan oğlan”, “Ay işığında”, “Pıçıldaşın ləpələr”, “Ürəkdir sevən səni”, “Nə vaxta qaldı” və onlarca başqa mahnılar dillər əzbərinə çevrilmişdi.
   Səsi onu Leyliyə çevirdi
   
   Sara xanımın muğam ifaçılığındakı üstünlüklərini nəzərə alan üç görkəmli sənətkar - Fikrət Əmirov, Niyazi və Mehdi Məmmədov 1956-cı ildə onu Opera və Balet Teatrına dəvət edirlər. O burada Leylinin və Əslinin parlaq səhnə obrazlarını yaradır. Sara xanım xanəndə-aktrisa kimi fəaliyyət göstərdiyi təqribən on il müddətində Əlövsət Sadıxov, Əbülfət Əliyev, Qulu Əsgərov və başqa görkəmli ifaçılarla tərəf-müqabil olur. O, səhnəmizin ən gözəl Leylilərindən biri kimi bu gün də yad edilir. Təsadüfi deyil ki, onun ifasında Leylinin musiqi partiyası musiqimizin qızıl fondunda saxlanılır.
   
   Uzaq yaxın ölkələrdə
   
   Böyük xanəndə, vətənpərvər sənətkar və gözəl insan Sara Qədimova 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olub. Amma artıq bu vaxta qədər müğənni kimi şöhrəti Azərbaycanın hüdudlarını çoxdan aşmışdı. Repertuarında xalq nəğmələri, Azərbaycan bəstəkarlarının və dünya xalqlarının musiqi nümunələri xüsusi yer tuturdu. Elə ona görə də getdiyi hər xarici ölkədə minlərlə tamaşaçı tərəfindən böyük məhəbbətlə, alqışlarla qarşılanırdı. Misir Ərəb Respublikasının prezidenti Camal Əbdül Nasir, Türkiyə prezidenti Süleyman Dəmirəl Sara xanımın sənətini yüksək qiymətləndirirdilər. Azərbaycana birinci səfəri zamanı Sara xanımı dinləyən Süleyman Dəmirəl 29 il sonra onu şəxsi qonağı kimi Türkiyəyə dəvət etmişdi. 22 ölkədə Azərbaycan incəsənətini təmsil edən Sara xanım İran, İndoneziya və Efiopiyanın dövlət mükafatlarına layiq görülmüşdü.
   
   Böyük sənətə yüksək qiymət
   
   Lirik-koloratur soprano səsli bu müğənni ifası, sənəti ilə daim istər xalq, istərsə də dövlət tərəfindən yüksək qiymətini alıb. Musiqi mədəniyyəti sahəsində nailiyyətlərinə görə mükafatlara layiq görüldü, “Şərəf nişanı”, “Şöhrət” ordenləri və medallarla təltif olundu. 1963-cü ildən Xalq artisti titulunu daşıyan sənətkar ömrünün sonunadək xalqının qiymətinə, sevgi və məhəbbətinə istər sənəti, istərsə də şəxsiyyəti ilə layiqincə cavab verə bilib. Elə ona görə də oxuduğu muğamlar, xalq və bəstəkar mahnıları, dünya xalqlarının nəğmələri musiqi yaddaşımıza əbədi həkk olunub.
   Sara xanımın ifasında səkkiz muğam dəstgahı, dörd yüzdən artıq xalq, bəstəkar mahnısı, o cümlədən iyirmi beş xarici ölkə nəğməsi lentə alınaraq Dövlət Səs Yazıları Arxivində və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin qızıl fondunda qorunur. Bu qiymətli sənət inciləri milli mədəniyyətimizin parlaq nümunələri kimi daima yaşayacaq.
   
   Son arzu ... təəssüf...
   
   Uşaqlıq illərinin şirin çağlarını keçirdiyi Ağdama, Gülablı kəndinə gedəcəyi günün həsrəti ilə yaşayırdı sənətkar. Daim sənət dostlarına “Qarabağ şikəstəsi”ni orada oxuyacağam. Əsl yubileyim də onda olacaq", - deyirdi. Amma, təəssüf, min təəssüf ki, o nisgili qəlbində apardı - 2005-ci il mayın 12-də, 83 yaşında gözlərini əbədi yumdu. Vətən, doğma yurd həsrəti ilə qəlbimizə əbədi bir göynərti verdi. Bir də o əzablara, həsrətə qatlaşmağa səs, sənət səbri. Ruhun şad olsun, gözəl xanım. Səndən sonra qalan gözəl səs və xoş xatirələr, yəqin ki, bizi bir gün Gülablıya aparacaq...
   
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar