Milli muğam sənətində layiqli yer tutan, təkrarsız səsi ilə musiqi mədəniyyətimizə gözəl incilər bəxş etmiş sənətkarlarımızdan biri də Məşədi İsidir. O, mahir ifaçı kimi nadir sənətkarlıq qabiliyyətinə malik olub. Bu görkəmli sənətkar haqqında mənbələrdə yetərli məlumat azdır. Buna baxmayaraq, o, vaxtilə öz fərdi yaradıcılığı ilə bağlı xalq arasında geniş təbliğ olunub. Adı həmişə zəmanəsinin görkəmli xanəndələri ilə yanaşı çəkilib.
   
   Məşədi İsi ilk musiqi təhsilini Xarrat Qulunun məktəbində alır. Sonra məşhur xanəndə Hacı Hüsünün “Xanəndələr məclisi”nə üzv olur. Burada fitri istedadı, qeyri-adi yaddaşı və məlahətli səsi ilə müasirlərindən fərqlənir. Onun bu fərdi keyfiyyətlərinə hörmətlə yanaşılır. Beləliklə, o, az vaxt ərzində “Xanəndələr məclisi”ndə bir növ müəllim kimi çıxış edir. Bununla belə o, arxayınlaşmır, əksinə, öz üzərində çox çalışır. Milli muğam sənətinin dərin qatlarına nüfuz edir. Klassik Şərq, xüsusilə Azərbaycan muğamlarının incəliklərini və məna çalarlarını dərindən mənimsəyir. Öz bilik və sənətkarlıq bacarığını “Xanəndələr məclisi”nin gənc üzvlərinə də böyük həvəslə öyrədir. Az vaxt ərzində Şuşada muğamatı yüksək dərəcədə mənimsəyən ustad xanəndə kimi tanınır. “Rast”, “Şur”, “Humayun”, xüsusilə “Mahur” dəstgahını özünəməxsus fərdi yaradıcılıq üslubunda ifa edir...
   Cabbar Qaryağdıoğlu Məşədi İsinin xanəndəlik qabiliyyətinə yüksək qiymət verərək yazıb: “...Şuşa şəhərində, bütün Qafqazda məşhur olan Xarrat Qulunun şagirdlərindən xanəndə Məşədi İsi “Mahur” dəstgahını çox təntənə ilə oxuyardı. Özü də təsnifxanalıqda və qaval çalmaqda birinci sayılırdı”.
   Məşədi İsi oxuduğu muğam və mahnıların sözlərini aydın, səlis diksiya ilə dinləyiciyə çatdırıb. O, Azərbaycan şairlərinin qəzəl və qoşmaları ilə yanaşı, Hafizin, Sədinin əsərlərini də ilhamla oxuyar və öz dinləyicilərini valeh edərdi. Cəlil bəy Bağdadbəyovun yazdığına görə, Azərbaycan şairlərinin şeirlərini ilk dəfə məclislərdə oxuyan Məşədi İsi olub. O, təkcə Qarabağda deyil, Azərbaycanın bir çox şəhərlərində - Gəncədə, Ağdaşda, Şamaxı və Bakıda dəfələrlə toy məclislərinə, şənliklərə dəvət edilmişdi. İran hökmdarı Nəsrəddin şah tərəfindən bir neçə dəfə Tehrana dəvət olunur. Şah sarayında İran müğənniləri ilə müsabiqədə qələbə qazanır. Şah tərəfindən “Şiri-Xurşid” ordeni ilə təltif olunur.
   XIX əsrin 90-cı illərində Məşədi İsi tarzən Mirzə Sadıqcan ilə birlikdə Orta Asiyanın Aşqabad, Səmərqənd, Daşkənd və digər şəhərlərdə olur, xalq şənliklərində yaxından iştirak edir.
   O, böyük muğam ustası olmaqla bərabər, bir təsnifxan kimi də klassik Azərbaycan xanəndələri arasında xüsusi yer tutub. Məlumdur ki, musiqi aləmində təsniflərin müəllifi xanəndələr olub. Məşədi İsinin muğam sənətində “Rast”, “Mahur” təsnifləri çox məşhurdur. Təsniflərdə el ədəbiyyatından nümunələr, Vaqifin, Zakirin bir çox müxəmməs və qoşmalarından istifadə edib. Məsələn, Qasım bəy Zakirin “Dilbər” rədifli gəraylısından istifadə edərək “Rast” təsnifini bəstələyib:
   
   Bir bağda bülbül olmasa,
   Gülün nə miqdarı, dilbər.
   Dal gərdənə tökülməsə,
   Telin nə miqdarı, dilbər.

   
   Görkəmli ədəbiyyatşünas Salman Mümtaz yazıb: “Bu gəraylını qarabağlı məşhur xanəndə Məşədi İsi Aşqabadda təsnif məqamında oxuduğunu şəxsən eşitmişəm”. Deyilənə görə, Məşədi İsinin Hacı Hüsü, Bülbülcan kimi zil səsi olmayıb. Lakin o, muğamatın texnikasına dərindən bələd olub. Ancaq sözlərin aydın tələffüzü və məlahətli səsi ilə dinləyicilərini heyran etmişdir. O, doğrudan da, kamil bir sənətkar olub.
   Onun ustad bir xanəndə olması haqqında xalq arasında maraqlı söhbətlər və rəvayətlər var. Şuşalı Çıraq Məhəmmədoğlu xatirələrində yazıb: “Məşədi İsinin səsi çox zil deyildi. Amma muğamları çox ustalıqla oxuyardı. Onun kimi “Osmanlı” oxuyan az-az olardı. Bir gün Şuşanın “Çöl qala məhəlləsi”ndə Səlim bəyin qardaşı oğlu Rüstəm bəyin toyu idi. Məclisə adamları dəvətnamə ilə buraxırdılar. O vaxt mənim 17-18 yaşım olardı. Dayım dəllək Kərbəlayı Hüseyn də toya dəvət almışdı. O məni də özü ilə toya apardı. Səlim bəyin böyük salonu altı arşın Qarabağ xalıları ilə döşənmişdi. Qaz lampasının işığı adamın gözünü qamaşdırırdı. Toya iki xanəndə dəstəsi dəvət olunmuşdu. Toyun aparıcısı şair Növrəs Mirzə Ələsgər, fərraşı isə lotu Qulu idi. Xanəndə Məşədi İsi, tarçalan Qulu (Xəstə Qasımın qardaşı) ilə salonun görkəmli yerində əyləşmişdi. Salonun başında isə Hacı Hüsü ilə Sadıqcan oturmuşdu. Ayaq tərəfdən Gülablı aşıqları (Abbasqulu, Nəcəfqulu, Həşim, Heydər) əyləşmişdi. Toyun aparıcısı Növrəs açılış etdi. Hacı Hüsü bir dəstgah başlasın. Bir saat “ Şüştər” oxudu. Sonra toyun aparıcısı dedi ki, Məşədi İsi dəstgahı davam etdirsin. Tarzən Qulu Məşədi İsiyə dedi:
    - Hacı Hüsüdən sonra nə dəstgah oxuyacaqsan?
   Məşədi İsi:
   - Mən dəstgah başlamayacağam. Hacı Hüsü camaatı yatırdıb, mən isə oyadacağam.
   Məşədi İsi qavalı əlinə alıb oxumağa başladı:
   
   Sübhi tezdən oyandım,
   Dərdi-qəmə boyandım.
   Daş olsaydım, əriyərdim,
   Torpaq idim, dayandım.
   
   Xanəndənin bu sözləri hamının diqqətini çəkdi. O, böyük həvəslə oxumağını davam etdirdi. Oxuyub qurtaranda salonu sürəkli alqış bürüdü. Məclisi şən keçirdiyinə görə, o gecə Məşədi İsiyə qızıl suya çəkilmiş podnosun üzərində bir paltarlıq və 500 manat qızıl pul hədiyyə verildi”.
   Görkəmli xanəndə 1905-ci ildə Ağdamda vəfat edir. Onun dəfninə Azərbaycanın müxtəlif bölgələrindən tanınmış sənət adamları gəlir. Hörmət və ehtiramla dəfn olunur.
   
   Savalan Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar