Vokal kvartetin 50 illiyi Moskvada qeyd edilib
   
   Moskva Beynəlxalq Musiqi Evinin teatr salonunda Azərbaycanın əfsanəvi “Qaya” vokal kvartetinin 50 illik yubileyinə həsr edilmiş möhtəşəm konsert olub.
   
   Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbirdə çıxış edərək “Qaya” qrupunun təkcə Azərbaycanın deyil, keçmiş Sovet İttifaqının mədəniyyət tarixində dərin izlər qoymuş musiqi kollektivi olduğunu vurğulayıb. Səfir əfsanəvi “dördlüyün” konsertdə iştirak edən üzvlərindən birini - Rauf Babayevi səmimi salamlayaraq deyib: “Biz hamımız “Qaya”nı sevmişik və sevirik”. Səfir vurğulayıb ki, Rauf Babayevin Azərbaycan mədəniyyəti qarşısında xidmətləri misilsizdir. O, illər sonra istedadlı uşaqlardan qrup təşkil edərək, “Qaya”nı yenidən yaradıb. Yeni qrup əfsanəvi kvartetin ənənələrini davam etdirir: “Nəsillərin əvəzlənməsi, toplanmış təcrübənin istedadlı gənclərə ötürülməsi düzgün addımdır”.
   Səfir onu da əlavə edib ki, bu gün Azərbaycan, onun paytaxtı Bakı dinamik inkişaf dövrünü yaşayır, ölkəmiz böyük mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Azərbaycan paytaxtında “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi günlərdə bütün Avropa bunun şahidi olub: “Vətənin hüdudlarından kənarda yaşayan bizlər öz ölkəmizlə qürur duyuruq”.
   Tədbirdə “Yaddaş” studiyasının direktoru, rejissor Cavid İmamverdiyevin əfsanəvi “Qaya” kvarteti haqqında çəkdiyi sənədli film nümayiş etdirilib. Filmdə məşhur musiqi kollektivindən həm onun üzvləri, həm də onlarla dostluq və əməkdaşlıq edənlər - Larisa Dolina, Nani Breqvadze, Mark Rozovski, Vyazçeslav Zaytsev, Yuri Entin, Gennadi Xazanov, Polad Bülbüloğlu, Yuli Qusman, Arkadi Arkanov, Vaxtanq Kikabidze, Leon İzmaylov və başqaları söhbət açırlar.
   Sonra tamaşaçılar keçmiş “Bəri bax” qrupunun bazasında yaradılmış “Qaya” qrupunun gənclərdən ibarət tərkibinin parlaq çıxışından zövq alıblar. Gənclərin əfsanəvi “Qaya” qrupunun sevilən mahnılarını, eləcə də məşhur caz kompozisiyalarını məharətlə ifa etmələri Moskva tamaşaçıları tərəfindən böyük heyranlıqla qarşılanıb.
   Sonda “Qaya” qrupunun bədii rəhbəri Rauf Babayev bu möhtəşəm bayramın təşkilatçılarına minnətdarlığını bildirib. O, Azərbaycanın milli sərvəti olan “Qaya” kvartetinin davamçılarının çıxışlarını tamaşaçıların yüksək qiymətləndirməsindən razı qaldığını ifadə edib.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar