Azərbaycan Bəstəkarlar İttifaqında gənc bəstəkarların 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş plenumu keçirilir.
   
   İyunun 12-də plenumun açılışı ilə əlaqədar təşkil olunan mətbuat konfransında çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə qurumun prioritet fəaliyyət istiqamətlərindən birinin gənclərin yaradıcılığı ilə bağlı olduğunu dedi. Qeyd olundu ki, Bəstəkarlar İttifaqı gənc bəstəkarlara daim qayğı göstərir və onların fəaliyyətini əlaqələndirir. Bu məqsədlə Əməkdar incəsənət xadimi Azər Dadaşov və Cəlal Abbasovun rəhbərliyi ilə gənclərlə iş bölməsi yaradılıb: “Burada gənc bəstəkarların, hətta ittifaqın üzvü olmayan tələbə-bəstəkarların da əsərlərinin dinlənilməsi həyata keçirilir, müzakirələr aparılır”.
   F.Əlizadə gənc bəstəkarların 2007-ci ildə keçirilmiş plenumundan sonra görülən işlər barədə də məlumat verdi. Bildirdi ki, bu dövr ərzində bir sıra böyük tədbirlər, o cümlədən baxışlar, konsertlər, Bəstəkarlar İttifaqının yaradılmasının 75-ci ildönümünə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı, II Beynəlxalq Muğam Festivalı və digər tədbirlər keçirilib. Ötən beş ildə ittifaqa üzv qəbul edilmiş bəstəkarlar sırasında gənclər üstünlük təşkil edir. Prezident İlham Əliyevin sərəncamı ilə 10 gənc bəstəkar Prezident təqaüdü alır, İtaliya, Almaniya və ABŞ-da təhsilini davam etdirir.
   2011-ci ildə Bəstəkarlar İttifaqının təqdimatı ilə iki gənc bəstəkar - Səid Qəni və Firudin Allahverdiyev Davosda keçirilən beynəlxalq festivala dəvət alıblar. Onların bu festival üçün yazdıqları əsərlər bir neçə dəfə İsveçrə musiqiçiləri tərəfindən ifa olunub.
   İttifaq sədri gənc bəstəkarların fəaliyyəti ilə bağlı irad və tövsiyələrini də bildirdi: “Gənclərə muğamla bağlı əsərlər yazmalarını tövsiyə etmişik. Amma bu işdə bir o qədər də maraqlı görünmürlər. Onların marağını cəlb etmək üçün yeniliklər axtarmağa davam edirik. Beş il ərzində ölkə başçısının sərəncamı ilə 50 bəstəkara Prezident təqaüdü ayrılıb”.
   F.Əlizadə iştirakçıları plenumun proqramı ilə tanış etdi. Bildirdi ki, iyunun 16-dək davam edəcək plenum çərçivəsində “Col Tempo” ansamblının, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olacaq. Konsertdə gənc Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək.
   Qeyd edək ki, dünən Bəstəkarlar İttifaqında daha bir tədbir keçirildi. İttifaqın Üzeyir Hacıbəyli adına konsert salonunda Azərbaycan Televiziyasının Cahangir Cahangirov adına Xorunun yeni diski təqdim edildi.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar