Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 30-dan iyulun 4-dək “İpək yolu” III Beynəlxalq Musiqi Festivalı keçiriləcək. 
   
   Bununla bağlı iyunun 27-də Azərbaycan Bəstəkarlar İttifaqında mətbuat konfransı təşkil olundu. Tədbir barədə media təmsilçilərinə ətraflı məlumat verən festivalın rəhbəri, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ənənəvi musiqi bayramının respublikamız üçün böyük əhəmiyyət daşıdığını dedi: “Hamımıza məlumdur ki, ilk festival Şəkidə, sonra isə Bakıda keçirilib. Tədbir yenidən öz yolunu Şəkidən salır. Bunun da çox mühüm səbəbləri var. Çünki bu il Azərbaycanın ən məşhur memarlıq abidələrindən olan Şəki xanları sarayının 250 yaşı qeyd edilir. Tariximizi yaşadan bu möhtəşəm abidənin yubileyinin “İpək yolu” musiqi festivalı günlərində qeyd edilməsi də əlamətdar hadisələrdən biridir. Biz bu dəfə də tədbirin əsas qayəsinə uyğun olaraq konsertləri memarlıq abidələri fonunda - Şəki xanları sarayı, Yuxarı və Aşağı Karvansara, “Cənnət bağı” kimi tarixi məkanlarda keçirəcəyik. Burada ayrı-ayrı ölkələrin milli musiqisi müxtəlif folklor nümunələrinin, milli geyimlərin, qədim ornamentlərin nümayişi ilə, rəngarəng melodiyaların sədaları tarixi memarlıq abidələrinin ecazkar ab-havası ilə qovuşacaq”.
   F.Əlizadə ilbəil coğrafiyasını daha da genişləndirən festivalda dünyanın aparıcı musiqi kollektivlərinin iştirak edəcəyini də xatırlatdı: “Budəfəki musiqi bayramına İrandan “Acəmlər”, Koreya Respublikasından “Buyoqun Cunqnam”, Gürcüstandan “Erisioni”, Türkiyədən “Əl-Kindi” ansamblları, eləcə də Türkiyənin Şəki ilə qardaşlaşmış Giresun şəhərinin folklor kollektivi iştirak edəcək.
   Şəki xanları sarayında baş tutacaq açılışda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin iştirakı ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış “Arşın malçı İpək Yolunda” musiqili hekayəti nümayiş etdiriləcək. Festival günlərində Cabbar Qaryağdı adına muğam üçlüyü, Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri və Cahangir Cahangirov adına Xor kollektivlərinin konsertləri də təşkil olunacaq. Həmçinin Şəki Musiqi Kollecinin tələbələri üçün görkəmli musiqiçilərimiz, xalq artistləri Mələkxanım Əyyubova, Möhlət Müslümov və Fəxrəddin Dadaşovun ustad dərsləri də təşkil olunacaq”.
   Mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva da çıxış edərək respublikamızın son illər bir çox musiqi festivallarına ev sahibliyi etdiyini və bu tədbirlərin mədəniyyət və turizmimizin inkişafına təkan verdiyini dedi: “Festivalların şəbəkəsi əsasən turizm potensiallı bölgələri əhatə edir. Bununla biz ölkəmizin musiqi mədəniyyəti ilə yanaşı, turizm potensialını da nümayiş etdirmək istəyirik. Ona görə də nazirlik olaraq hər zaman bu kimi tədbirlərə dəstək verməyə hazırıq”.
   Tədbirdə Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilov da çıxış edərək festivala hazırlıqla bağlı ətraflı məlumat verdi.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar