Xəbər verdiyimiz kimi, iyunun 12-dən 16-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Bəstəkarlar İttifaqı gənc bəstəkarların əsərlərindən ibarət plenum təşkil etdi.
   
   İstedadlı gənc musiqiçilərin fəaliyyətinin stimullaşdırılması və yaradıcılıqlarının geniş ictimaiyyətə təqdim olunması məqsədilə keçirilən tədbir musiqiçilər və gənc bəstəkarlar tərəfindən maraqla qarşılanıb.
   Plenum sonrası təəssüratlarını bizimlə bölüşən Azərbaycan Milli Konservatoriyasının dosenti, musiqişünas Jalə Qulamova tədbirin gənc bəstəkarların fəaliyyətinə dəstək baxımından böyük əhəmiyyətə malik olduğunu bildirdi: “Son vaxtlar Azərbaycan Bəstəkarlar İttifaqının xətti ilə keçirilən tədbirlərin, milli musiqimizin inkişafına xidmət edən layihələrin sayı artmaqdadır. Belə layihələrdən biri də gənc bəstəkarların əsərlərindən ibarət plenum oldu. Üç gün ərzində gənc nəsil musiqiçilərin müxtəlif janrlarda yazılmış yeni əsərlərindən ibarət konsert proqramlarını dinlədik. Ümumilikdə bu tədbirin təşkili Azərbaycanda gənc bəstəkarlara böyük qayğının bariz nümunəsi kimi çox diqqətəlayiqdir. Əsərləri dinlədikcə gənc nəslin müasir musiqiyə böyük marağının, dünya musiqi arenasına inteqrasiya meyillərinin və bu anlamda uğurlu nəticələrin şahidi oldum. Və təbii ki, bu hal məni çox sevindirdi. Əsərlərini dinlədiyimiz bu gənclərin əksəriyyəti xaricdə təhsil alır, bəstələri dünya musiqi orkestrlərinin ifasında səslənir. Bunların sırasında Günay Mirzəyevanın adını xüsusilə vurğulamaq istərdim. O, 2007-2015-ci illər Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Pproqramı çərçivəsində Almaniyanın Ştutqart Konservatoriyasının bəstəkarlıq fakültəsində magistr pilləsində təhsil alıb, hazırda isə Roma Konservatoriyasında, eyni zamanda Almaniyada məşhur bəstəkar Volfqanq Rimin bəstəkarlıq sinfində doktorantura pilləsində təhsilini davam etdirir. Onun plenumda səslənən “Simli kvartet”i çox maraqlı əsərlərdən biri kimi yaddaşlarda qaldı. Üç hissədən ibarət əsərdə hissələr bir-birindən templəri ilə fərqlənsələr də, ümumilikdə dəyişik emosiyalar daşıyırdı. Daha bir istedadlı gəncimiz Aliyə Məmmədovanın "Piano üçün yazılmış 2 prelüd"ü də maraqlı əsərlər sırasında idi. Azərbaycanımızı xaricdə uğurla təmsil edən gənclərimizdən biri də Kəmalə Əlizadədir. İtaliyanın Modena şəhərindəki ‘’Oratsio Vekki’’ adına konservatoriyanın bəstəkarı professor Antonio Cakomettinin dəstəyi ilə orada bəstəkarlıq kursları keçən Kəmalənin əsərləri İtaliya, Hollandiya, Yaponiya və Amerikada uğurla səslənib. Onun plenumda səslənən maraqlı əsərlərindən biri də “İtirilmiş cənnət” idi. Bəstəkar bu əsərində Şuşa itkisinin ağrı-acısını musiqi dili ilə çox gözəl ifadə edə bilib.
   Daha bir maraqlı çıxış kimi “Con Tempo” ansamblının ifasında səslənən əsərləri göstərə bilərik. Bu nümunələr öz müasirliyi, alətlərin maraqlı uzlaşdırılması ilə diqqəti çəkdi».
   Plenumun iştirakçılarından biri də gənc bəstəkar Azər Əsgərovdur. Azər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının magistr pilləsində bəstəkar Aydın Əzimovun sinfini bitirib. Diplom işi isə “Skripka və orkestr üçün konsert poema” olub: «Təhsilimi bu il bitirdiyim üçün çalışıram ki, akademik musiqinin bütün janrlarında özümü sınayım. Düşünürəm ki, hər janrın özünəxas çətinliyi var. Sankt-Peterburq Kino və Televiziya İnstitutunun səs rejissorluğu kursunu bitirdiyimdən kino musiqisinə də böyük maraq göstərirəm. Təbii ki, film musiqisi bəstələmək üçün teatrı, ədəbiyyatı da mükəmməl bilmək lazımdır. Çünki burada obraz, leytmotiv yaratmağı bacarmalısan. Hazırda Elçin Elxanlının “İnam” tammetrajlı filminin musiqisi üzərində işləyirəm. Əvvəllər isə “Salnamə” studiyasının istehsal etdiyi iki sənədli filmə musiqi yazmışam.
   Getdikcə hiss edirəm ki, gənc bəstəkarlara diqqət, maraq və qayğı artır. Onların konsertləri təşkil edilir, əsərləri müzakirə olunur. Bu isə çox vacibdir. Plenumda əsərlərini dinlədiyim əksər bəstəkarların yaradıcılığı Azərbaycan musiqisinin uğurlu sabahından xəbər verir».
   Plenum barədə rəy bildirən digər həmsöhbətimiz isə Pikə Axundovadır. Pikəni musiqi aləmində yaxşı tanıyırlar.
   Bir çox tanınmış mahnıların müəllifi olmaqla yanaşı, klassik əsərlərə də imza atan gənc bəstəkar artıq pedaqoji fəaliyyətlə də məşğuldur. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının aspiranturasını bitirən bəstəkar plenumda ilk dəfə iştirak etmədiyini qeyd etdi: “Mən gənc bəstəkarların plenumunda ilk dəfə 2007-ci ildə birinci kursda oxuduğum zaman iştirak etmişəm. O zaman “Fortepiano sonata”mın III hissəsini ifa etmişdim. Bu dəfə isə fortepiano üçün əsərimi təqdim etdim.
   Dəfələrlə solo və müəllif konsertlərim olub. İstanbulla sıx əlaqələrim var. Orada dörd konsert proqramı ilə çıxış etmişəm. Keçən il Beynəlxalq Qəbələ Musiqi Festivalında həmkarlarım Firudin Allahverdi, Ayaz Qəmbərli ilə birlikdə fortepiano konsertlərimiz oldu. Bu ilin martında isə həmin konsert yenidən təkrar olundu. Bundan başqa keçən ilin oktyabr ayında Bakı Musiqi Akademiyasının 90 illik yubileyi ərəfəsində Moskva Dövlət Konservatoriyasının zalında Xalq artisti Fərhad Bədəlbəylinin təqdimatında gənc bəstəkarların konsert proqramı ilə çıxış etdik. Bunları sadalamaqla demək istəyirəm ki, biz gənclər öz əsərlərimizi hər zaman təbliğ edirik. Amma Azərbaycan Bəstəkarlar İttifaqı səviyyəsində keçirilən bu tədbir bütünlükdə gənc bəstəkarlara böyük meydandır”.
   
   Lalə Azəri






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar