İyunun 30-dan iyulun 4-dək Şəki şəhərində “İpək Yolu” III Beynəlxalq musiqi festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən sənət bayramında Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, İran və Cənubi Koreyanın musiqi, folklor və teatr kollektivləri iştirak edib.
   
   “Festival qonaqların yaddaşında xoş hadisə kimi qalacaq”
   
   “İpək Yolu” festivalı Şəki şəhəri sakinlərinin və xarici qonaqların yaddaşında xoş hadisə kimi qalacaqdır. İnanıram ki, dünyanın bir sıra ölkələrindən Azərbaycana gələn tanınmış musiqiçilər festivaldan xoş təəssüratla ayrılacaqlar”.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində festival barədə fikirlərini belə ifadə edib.
   Nazir bildirib ki, 2010-cu ildə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin təşəbbüsü ilə irəli sürülən bu ideya artıq üçüncü dəfədir ki, gerçəkləşir. Festival artıq nazirliyin tədbirlər planında da özünəməxsus yer tutub: “İpək Yolu” festivalı ölkənin mədəni həyatında mühüm hadisəyə çevrilib. Fərəhli haldır ki, festival iştirakçılarının sayı ildən-ilə artır, bu musiqi bayramında təmsil olunan ölkələrin coğrafiyası genişlənir. Ən əsası odur ki, festivala gələn tamaşaçıların marağı da artmaqdadır”.
   Nazir festivalın Şəki Xan Sarayının 250 illik yubiley tədbirləri ilə bir vaxta təsadüf etməsini əlamətdar hadisə kimi qiymətləndirib. Festival konsertlərinin gerçəkləşdiyi XIX əsrə aid tarixi-memarlıq abidəsi “Aşağı Karvansaray” kompleksinin dövlət başçısının göstərişi ilə gözəl şəkildə təmir-bərpa olunduğunu nəzərə çatdıran Ə.Qarayev “Bu, bizi çox sevindirir. Bundan sonra burada mədəni-kütləvi tədbirlərin, konsertlərin keçirilməsi mümkün olacaq”, - deyə bildirib.
   Nazir karvansarayda aparılan bərpa işlərinin hələ davam edəcəyini, burada müasir hotelin yerləşdirilməsi üçün müvafiq iş aparılacağını deyib.
   
   “Erisioni” ansamblı şux rəqsləri ilə tamaşaçıları valeh edib
   
   Festival çərçivəsində yaddaqalan konsert proqramlarından biri iyulun 3-də “Aşağı Karvansaray” kompleksində Gürcüstanın məşhur “Erisioni” akademik folklor mahnı və rəqs ansamblı tərəfindən təqdim olunub. Əsası 1885-ci ildə görkəmli gürcü ədibi, maarifçisi və mütəfəkkiri İlya Çavçavadzenin təşəbbüsü ilə qoyulmuş “Erisioni” ansamblını “folklor muzeyi” də adlandırırlar. Ansambl mövcud olduğu müddətdə dünyanın bir çox ölkəsində gürcü folklorunu böyük uğurla nümayiş etdirib. 1999-cu ildə amerikalı prodüser Cim Lou və fransız Paskal Jordan gürcü ansamblı ilə maraqlanaraq bu musiqi kollektivinin iştirakı ilə unikal şounun yaradılmasına nail olublar. Ansambl “Gürcü əfsanəsi”, “Günəşli Gürcüstan haqqında nağıl” və s. adlı şou proqramını ABŞ, Fransa, Belçika, İsveçrə, Rusiya, Ukrayna və s. ölkələrdə təqdim edib.
   Hazırda ansamblın heyətində müxtəlif nəsillərdən olan yüzə yaxın artist çalışır. Ansamblın bədii rəhbəri Gürcüstanın Xalq artisti, Dövlət və Şota Rustaveli mükafatları laureatı Camal Çkuaşeli, baş xoreoqrafı Xalq artisti, Dövlət və Ş.Rustaveli mükafatları laureatı Revaz Çoxonelidzedir. Kollektivin yüksək peşəkarlıqla ifa etdiyi şux və oynaq rəqslər, çoxsəsli gürcü xorunun bənzərsiz ifası, balaca nağaraçalanların məharəti, teatrlaşdırılmış musiqili kompozisiyalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
   
   Azərbaycan Televiziyası və Radiosu Xorunun konserti
   
   Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xoru da maraqlı konsert proqramı ilə çıxış edib. Şəki Xan Sarayının həyətində təşkil olunan konsertin tamaşaçıları arasında Milli Məclisin deputatları, incəsənət xadimləri olublar.
   Azərbaycan Televiziyası və Radiosunun Xoru 1936-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Kollektivin ilk bədii rəhbəri Cahangir Cahangirov olub. İlk dövrlərdə kollektivin repertuarı xalq mahnılarının xor üçün işləmələrindən ibarət idi. İndi isə xorun repertuarı Azərbaycan bəstəkarları və dünya klassiklərinin əsərləri ilə zənginləşib. Kollektivin bədii rəhbəri və dirijoru Şəhla Ələkbərovadır.
   Konsertdə ilk dəfə olaraq tamaşaçılara Cəlal Abbasovun qaboy, zərb alətləri və qarışıq xor üçün “Bahar mərasimi” kantatası və Məmməd Cəfərovun Yunus İmrənin və Hüseyn Cavidin sözlərinə xor, solist və orkestr üçün yazılmış 3 nömrəli kantatası təqdim olunub. Proqrama həmçinin Frensis Leyin “Kişi və qadın” kinofilmindən musiqi, Asəf Zeynallının “Ölkəm”, Aqşin Əlizadənin “Al çuxa”, “Bayatılar”, Frans Şubertin “Ave Mariya”, Səid Rüstəmovun “Alagöz”, Üzeyir Hacıbəylinin “Ey, Vətən!”, habelə “Aman ovçu” və “Güləbatın” xalq mahnıları daxil idi. Sonda kollektivə Şəki Şəhər İcra Hakimiyyətinin xatirə hədiyyəsi təqdim olunub.
   
   “Acəmlər”in çıxışı maraqla qarşılanıb
   
   Festival iştirakçısı olan İranın “Acəmlər” instrumental qrupunun konserti də yaddaqalan olub. Konsertdən əvvəl Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə instrumental qrupun fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, “Acəmlər” adlandırılan İran musiqiçiləri Osmanlı sultanları tərəfindən XIV-XV əsrlərdə Tehran, Bağdad və digər şəhərlərdən İstanbula gətiriliblər. Acəmlər vasitəsi ilə musiqilər, o cümlədən Səfəvi dövrünə aid bəstəkarlıq üslubunun bəzi xüsusiyyətləri Osmanlı paytaxtında uzun müddət yaşayıb.
   “Acəmlər” ansamblı 2011-ci ildə Araş Mohafez tərəfindən keçmiş acəmlərin fars musiqi estetikasına əsaslanan repertuarını ifa etmək və lentə almaq məqsədilə yaradılıb. Bu layihənin əsas məramı musiqinin yalnız vaxtilə ifa olunduğu tərzdə bərpası deyil, həmçinin qədim musiqinin bədii dilini fars klassik musiqi dilinə çevirməkdən ibarətdir. Ansamblın üzvlərindən Araş Mohafezin santur musiqi alətində, Fərid Xaradməndin bəndir və tömbək alətlərində, Behnaz Behnamnianın udda, Farşad Tavakolinin setarda, Şiva Abadinin kamançada ifa etdikləri musiqi nömrələri tamaşaçıların böyük marağına səbəb olub.
   
   Festivala Azərbaycan musiqi çələngi ilə yekun vurulub
   
   İyulun 4-də “Aşağı Karvansaray” tarixi-memarlıq kompleksində festivalın bağlanış mərasimi olub. Mərasimdə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestri geniş konsert proqramı ilə tamaşaçılar qarşısında çıxış edib. Orkestrin bədii rəhbəri və baş dirijoru Əməkdar incəsənət xadimi Azad Əliyev, solistlər Əməkdar artist Gülnaz İsmayılova, İlahə Əfəndiyeva və Ramil Qasımovdur.
   Proqrama Üzeyir Hacıbəylinin “Koroğlu” operasından üvertüra, Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, Fikrət Əmirovun “Azərbaycan elləri”, “Azərbaycan kapriççiosu”, Səid Rüstəmovun “İntizar”, Musa Mirzəyevin “Bayram atəşfəşanlığı” və Niyazinin “Qaytağı” əsərləri daxil edilib.
   Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək “İpək Yolu” III Beynəlxalq musiqi festivalının Azərbaycanın mədəni həyatında çox mühüm hadisə olduğunu bildirib, festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiklərinə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar