Festival Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə keçirilir
   
   İyulun 24-də Qəbələdə növbəti musiqi bayramına - Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə keçirilən IV Qəbələ Beynəlxalq Musiqi Festivalına start verilib.
   
   Fondun musiqi sənəti sahəsində möhtəşəm beynəlxalq layihələrindən olan Qəbələ festivalı 2009-cu ildən ənənəvi olaraq təşkil edilir. Bir çox nüfuzlu sənətkarların, tanınmış musiqi kollektivlərinin iştirak etdiyi festival Azərbaycan və dünya musiqisi incilərinin səsləndiyi, musiqi görüşlərinin, müxtəlif tədbirlərin keçirildiyi sənət bayramıdır. Mədəniyyət və Turizm Nazirliyi festivala təşkilati dəstək verir.
   Festival iştirakçılarına təqdim olunan bukletdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın salamlama nitqi yer alıb. Salamlama nitqində deyilir: “Qədim zamanlardan tolerantlıq ənənələrinin qorunub saxlandığı müxtəlif xalq və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı, mədəniyyət və sivilizasiyalararası dialoqun təbliği və inkişafına daim öz töhfəsini verən Azərbaycan son illər musiqi və incəsənət festivallarının, konfrans və sərgilərin keçirildiyi məkan kimi tanınır. Fərəhləndirici haldır ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olan bu tədbirlər ildən-ilə daha böyük vüsət alır.
   Cəmi bir neçə ay bundan əvvəl ölkəmiz Avropanın ən mötəbər yarışması olan “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi etdi və bu dəfə milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq, Bakıya toplaşan bütün insanları musiqi birləşdirdi. 2009-cu ildə Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyuldu. Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival gözəl bir ənənəyə çevrilərək, öz beynəlxalq nüfuzunu ildən-ilə artırır. İnanıram ki, hər il olduğu kimi, bir çox dünya şöhrətli musiqi xadimlərinin iştirakı ilə keçirilən builki festival da unudulmaz musiqi bayramına çevriləcək və musiqi mədəniyyəti tariximizdə mənalı səhifələrdən biri kimi qalacaq”.
   * * *
   Festivalın ilk günü dünya şöhrətli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyi qeyd olunub. Mərasim böyük musiqiçinin məşhur “Azərbaycan” mahnısı ilə açılıb.
   Yubiley tədbirində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, millət vəkili Fəttah Heydərov, M.Maqomayevin həyat yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya, xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, tanınmış violonçel ifaçısı Dmitri Yablonski, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Müslüm Maqomayevin zəngin yaradıcılığından söz açıb: “Bu gün hər birimiz Müslüm Maqomayev işığına toplaşmışıq. Müslüm Maqomayev musiqisi daima hər bir kəsi öz ətrafına toplayıb, istənilən insanı valeh edib və yüksəkliyi ilə hər bir kəsi sehrə salıb. Musiqi insanları daima yaxşılığa doğru çağırır, birləşdirir, dostluğu tərənnüm edir. Belə festivallara hər zaman ehtiyac var və bu vacib faktordur”.
   Müslüm Maqomayevin Azərbaycan musiqisinin dünyada tanınmasına böyük töhfələr verdiyini vurğulayan nazir “O, illər, əsrlər keçsə də, heç bir zaman unudulmayacaq. Bu gün Müslüm Maqomayevin musiqisi bütün dünyanı riqqətə gətirir və hamı bu möhtəşəmliyi doymadan dinləyir”, - bildirib.
   * * *
   Sonra Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunub. Konsert məşhur rus bəstəkarı Sergey Raxmaninovun “Qəm etmə” və “Vokaliz” əsərləri ilə başlanıb. R.Ştrausun “Serenada”, İ.Bramsın “Yasəmən çiçəklənəndə”, R.Şumanın “Fantaziştük”, Ü.Hacıbəylinin “Sevgili canan”, T.Quliyevin “Sənə də qalmaz”, M.Əhmədova və V.Mustafazadənin “Düşüncə”, T.Quliyevin “Qəmli mahnı”, S.Rüstəmovun “İntizar”, F.Bədəlbəylinin “Şuşa”, Q.Qarayevin və C.Hacıyevin “Vətən” operasından Mərdanın ariyası, F.Çiaranın “Espanyola”, V.di Paolonun, S.Taccani və M.Panzerinin “Come Prima”, M.Maqomayevin “Odlar yurdu” əsərləri səsləndirilib.
   Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəylinin (piano), ABŞ və Rusiyanın dünya şöhrətli məşhur violonçel ifaçısı, “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru, festivalın bədii rəhbəri Dmirti Yablonskinin, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fəridə Məmmədovanın (soprano), Xalq artisti Murad Adıgözəlzadənin (piano), Opera və Balet Teatrının solisti, Xalq artisti Əvəz Abdullayevin (bariton), Opera və Balet Teatrının və Ş.Məmmədova adına Opera Studiyasının solisti Səbinə Əsədovanın (messo-soprano), teatrın solisti, Əməkdar artist Gülnaz İsmayılovanın (soprano) iştirakı ilə səslənən musiqi nömrələri sürəkli alqışlarla qarşılanıb.
   * * *
   İyulun 25-də festivalın rəsmi açılışı keçiriləcək. Açılış konsertində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Rauf Abdullayev) və Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.
   Avqustun 5-dək davam edəcək musiqi bayramında Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Festivala Böyük Britaniya, Rusiya, ABŞ, İtaliya, Sloveniya, İsveçrə, Fransa, Polşadan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlərin - Kral Filarmonik Orkestri (Royal Philharmonic Orchestra), Yuri Başmet və "Moskva solistləri" kamera orkestri, "Tartini" kvarteti, Şarl Dütua, Boris Berezovski, Sergey Krılov, Dmitri Yablonski, Klaudio Vandelli, Qriqori Kovalevski, Françeska Patane, Marco Kinqari, Andrey Yaroşinski, Aleksandr Çaykovski, Michal Nesteroviç, Lisa de la Salle, Moyka Zlobko və başqalarının iştirakı gözlənilir. 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar